“Zirvə”də də bir daha bəyan edildi ki, birlikdə bu bəladan xilas olacağıq…”-KAMİLƏ ƏLİYEVA

Müharibə gedir, burada düşmən məlumdur, lakin görünmür. Bu vəziyyəti daha da çətinləşdirir, lakin buna baxmayaraq, hətta, qabaqcıl dövlətlərdə belə koronavirusla mübarizədə sanki pandemiya ilə barışmaq tendensiyası yaşandığı halda, Azərbaycan bu məsələdə öz öncüllüyünü ortaya qoydu.

Etikxeber.az-ın xəbərinə görə, bu sözləri mətbuata açıqlamasında deputat, professor, BDU-nun kafedra müdiri Kamilə Əliyeva deyib.

Millət vəkili bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev növbəti ilkinə, uğuruna, zəfərinə imza ataraq, ilk dəfə olaraq türk dövlətləri tarixində videokonfrans vasitəsilə dövlət və hökumət başçılarını bir araya gətirdi:

“Prezident Türk Şurasının dövlət və hökumət rəhbərlərini dünyada yaşanan koronavirus pandemiyasl ilə bağlı bir araya toplayıb, onların fövqəladə Zirvə toplantısını təşkil etdi. Azərbaycan bu qurumun həm təşəbbüşçüsü, həm yaradıcısı, həm də ən fəal üzvlərindən biridir. Hamıya məlumdur ki, ötən ilin payızında, oktyabr ayında Azərbaycanda qurumun növbəti möhtəşəm Zirvə görüşü baş tutmuşdu. Həmin görüşdə sədrlik növbəsi Azərbaycana keçmişdi. Azərbaycan bütün beynəlxalq təşkilatlarda həm üzv, həm də sədrlik edən kimi, hər zaman bu qurumlara öz töhvəsini verib. Dünyada sülhün, əmin-amanlığın, təhlükəsizliyin təmin olunmasına, o cümlədən, Türk Şurasının həm üzvü kimi, həm də sədri kimi bu qurumun fəaliyyətinə öz töhvələrini verib və verməkdədir. Azərbaycanın bu quruma rəhbərlik etdiyi dövr əfsuslar olsun ki, dünyamız üçün çox çətin, həm də Türk Şurası ölkələri üçün çox gərgin bir dövrə təsadüf etdi. Bu da dünyada yaşanan koronavirus pandemiyası ilə bağlıdır”.

Millət vəkilinin sözlərinə görə, videokonfransda da Azərbaycanın bu yöndəki addımları çox müsbət qiymətləndirildi və dünya üçün Azərbaycanın nümunə olduğu bildirildi:

“Hamımız şahid olduq ki, Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri də videokonfransa qoşuldu. Onun tərəfindən də Azərbaycanın fəaliyyəti çox böyük qiymətləndirildi. Zirvə görüşündə Türk Şurasının digər dövlət və hökumət rəhbərlərinə Azərbaycanın bu məsələdə müsbət təcrübəyə malik olduğu, bundan yararlanmalarının faydalı ola biləcəyini dilə gətirdi. Bildirildi ki, Azərbaycanın sədrliyi dövründə digər məsələlərdə olduğu kimi, bu təhlükənin də aradan qaldırılmasında səylər birləşdirilməlidir. Prezidentimiz bir daha Azərbaycanda görülən işlər, atılan addımlar haqqında məlumat verdi. Bir daha bəyan etdi ki, biz birlikdə bu bəladan xilas olacağıq”.

K. Əliyeva sonda qeyd edib ki, Türk Şurasının üzvləri sözdə deyil, əməldə də artıq həmrəylik, birlik, əməkdaşlıq nümayiş etdirirlər və artıq bu təşkilat özünü dünyada təsdiqləməkdədir:

“Təşkilatın qısa müddət ərzində nüfuzunun artmasında, dünyada tanınmasında Azərbaycanın verdiyi və bundan sonra da verəcəyi töhvələr misilsizdir. Prezident İlham Əliyevin son addımı isə bunun əyani sübutu idi. Bu, ölkə Prezidentinin liderlik qabiliyyətini bir daha dünyaya nümayiş etdirmiş oldu”.

Etikxeber.az

Read Previous

DİN-DƏN müəssisə və təşkilat rəhbərlərinə-MÜRACİƏT

Read Next

MM-in Əmək və sosial siyasət komitəsinin bu həftə iclası olmayacaq- AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİ İSƏ ƏVVƏLKİ FORMATDA İCLAS KEÇİRƏCƏK – DAHA BİR KOMİTƏNİN İCLASI GÖZLƏNİLİR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir