Ziyad Səmədzadə büdcə müzakirələrində bankları tənqid etdi… – YENİLƏNİB – (5)

Spiker: Ölkənin valyuta ehtiyatları 3 milyard artaraq 45 milyarda çatıb

Milli Məclisdə plenar iclaslarda 2019-ci ilin büdcə zərfinin müzakirələrinə başlanılıb.

meclis-oqtayyyyy

Etikxeber.az xəbər verir ki, iclası açan spiker Oqtay Əsədov bildirib ki, prezident İlham Əliyevin həyata keçirdiyi  uğurlu inkişaf  strategiyası bu il  də davam etdirilib:

“Makroiqtisadi sabitlik bu il də qorunub, saxlanılıb. Konkret olaraq, ölkənin valyuta ehtiyatları 3 milyard artaraq 45 milyarda çatıb. 2019- cu ilin büdcəsinin əsas göstəricisinə gəlincə, bu, məqsədli layihələr üzrə xərclənmədə olacaq.  Belə ki, məqsədli layihələr büdcənin 42 faizini təşkil edir. Büdcənin 32 faizini isə sosialyönümlü xərclər təşkil edir ki, bu da bir daha büdcənin sosialyönümlü olmasına dəlalət edir”.

Spikerin sözlərinə görə, 2019-cu ildə vergi sistemində köklü islahatların həyata keçirilməsi nəzərdə tutulur: “Bununla əlaqədar dövlət başçısının təqdimatları parlamentə daxil olub. Vergi Məcəlləsi və digər qanunlara dəyişikliklər gözlənilir. Məqsəd iqtisadi fəaliyyəti stimullaşdırmaq, kiçik və orta biznesin inkişaf etdirməkdir. Sosial sığorta və işsizlikdən sığorta haqlarının toplanmasına nəzarətin vergi orqanları tərəfindən həyata keçirilməsi, kiçik və orta sahibkarlığa vergi güzəştlərinin müəyyən edilməsi, eləcə də, özəl, qeyri-neft sektorunda çalışanların gəlir verigisindən azad edilməsi uzunmüddətli dövrdə büdcə gəlirlərinin artmasına gətirib çıxaracaq”. 

***

Ziyad Səmədzadə:  Bankların fəaliiyətindən razı qala bilmərik… 

“Azərbaycan büdcəsinin ildən-ilə artması üçün artıq ölkədə hər cür şərait var. Yəni, ölkədə həyata keçirilən iqtisadi islahatlar, dinamik inkişaf büdcənin artmasına imkan və şərait yaradır”.

Bu haqda büdcə müzakirələrində parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səməzadə deyib.

O, bildirib ki, ölkədə həyata keçirilməsi nəzərdə tutulan növbəti vergi dəyişiklikləri də həm ölkənin iqtisadi inkişafına, həm büdcənin artmasına imkan yaradacaq.Onun sözlərinə görə, eyni zamanda, bir çox ölkələrdə neft emalı qeyr-neft sektoruna daxil edilsə də, Azərbaycanda bu edilmir: “Axı, bizim nef zavodlarımız, neft-kimya sənayesi komplekslərimiz var. Bu, əslində ölkənin siyasi-iqtisadi təhlükəsizliyi deməkdir. Belə olduğu halda isə bizdə hələ də neft email qeyri-neft sektoruna daxil edilmir. Hesab edirəm ki, bu haqda da artıq ciddi fikirləşilməlidir”.

Komitə sədrinin  bildirdiyinə görə, ölkədə əməkhaqlarının uçotu düzgün aparılmır: “Məhz bu səbəbdən də Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır. Ona görə də dediyim kimi,  vergilər sistemində nəzərdə tutulan dəyişikliliklər heç şübhəsiz ki, gələcəkdə Azərbaycanda vergi bazasının artmasına, büdcə gəlirlərinin və onun strukturunun daha da yüksəlməsinə öz təsirini göstərəcək”.

Z.Səmədzadə sonra qeyd edib ki, enerji sistemi ölkənin mustəqilliyinin açarıdır: “Ona görə ölkənin enerji təminatı sahəsində görülən işlər daha da sürətləndirilməlidir. Artıq bu istiqamətdə də uğurlar göz önündədir”.

1488451229_ziyad-s-str-7-8

Subsidiyalar niyə kəsilməlidir ki?!

Komitə sədrinin həmçinin, bildirdiyinə görə, pullu xidmətlərlə pulsuz xidmətlər arasında optimal nisbət olmalı və təmin edilməlidir.

“Bununla yanaşı, aqrar sahədə görülən işlər çox böyük dinamikadan xəbər verir. Təsadüfi deyil ki, büdcədə aqrar sektora 1, 6 milyard manat vəsait nəzərdə tutulıur. Bəzən deyirlər ki, subsidiyalar kəsilməlidir. Axı, niyə?  Subsidiyalar davam etdirilməlidir”-deyən, Z. Səmədzadə çıxışında sahibkarlığın inkişafına da toxunub və sahibkarlığın inkişafında hələ də problemlərin, əngəllərin qaldığını, onların aradan qaldırılmasının vacib olduğunu dilə gətirib.

“Yaxın 2-3 il ərzində bankların faiz dərəcələrinin aşağı salınmasına çalışmalıyıq”

Çıxışında bank sektorundakı vəziyyətdən də danışan Z. Səmədzadə qeyd edib ki, bizim  bankların faiz dərəcələri  bəzi dünya ölkələrindəki kimi yüksəkdir: “Bu, bizi qane edə bilməz. Bunun səbəbi bankların inflasyisadan qorxmasıdır. Ancaq inflyasiyanı cilovlamaq lazımdır. Yaxın 2-3 il ərzində bu faiz dərəcələrinin aşağı salınmasına çalışmaq lazımdır. Çünki ölkənin bank sistemində problemlər qalmaqdadır. Biz bankların fəaliyyətindən razı qala bilmərik. Banklar real iqtisadiyyatı kifayət qədər maliyyələşdirmir.

***

Z. Səmədzadənin çıxışından sonra maliyyə naziri Samir Şərifov büdcə zərfi barədə məlumat verməyə başlayıb.

***

Samir Şərifov: Büdcə kəsirinin 2019-cu ildə ÜDM-ə nisbəti 2,3 faiz təşkil edəcək

S.  Şərifov çıxışında  deyib ki, Azərbaycan respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsində dövlət büdcəsinin gəlirləri 22 917,5 mln. manat məbləğində proqnozlaşdırılıb:

“Bu da 2018-ci ilin proqnoz göstəricisi ilə müqayisədə isə 768,5 mln. manat və ya 3,5% çoxdur. Növbəti ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbəti 28,0% səviyyəsində nəzərdə tutulub”.

Nazir bildirib ki, 2019-cu il dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 316,0 mln. mantı və ya 31,9%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 mln. manatı və ya 49,6%-i ARDNF-dan transfertlərin, 3 451,6 mln. manatı və ya 15,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 mln. manatı və ya 3,4%-i isə digər gəlirlərin payına düşür: “2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanamasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub. 2019-cu il dövlət büdcəsinin xərcləri 24 780,1 mln. manat məbləğində olmaqla 2018-ci ilin proqnozu ilə müqayisədə isə 1680,1 mln. manat və ya 7,3% çox proqnozlaşdırılıb. 2019-cu ildə dövlət büdcəsi xərclərinin ÜDM-ə nisbətinin 30,2% səviyyəsində olması nəzərdə tutulub”.

Şərifov qeyd edib ki, 2019-cu il dövlət büdcəsi xərclərinin strukturunda təhsil xərcləri 2, 275 mlrd. manat, səhiyyə xərcləri 1, 048 mlrd. manat, müdafiə xərcləri 3, 038 mlrd. manat, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük xərcləri 185,7 mln. manat, Naxçıvan MR-nın dövlət büdcəsinə verilən dotasiya 300,4 mln. manat proqnozlaşdırlır:  “Dövlət büdcəsi kəsirinin yuxarı həddi 1862,6 mln. manat məbləğində müəyyən edilib ki, bu 2017-cı ilin dövlət büdcəsinin faktiki kəsirindən 784,8 mln. manat və ya 72,8%, 2018-ci il dövlət büdcəsinin proqnozlaşdırılan kəsirindən 911,6 mln. manat və ya 95,9% çoxdur. Qanun layihəsində dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbəyi olaraq özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma), 2019-cu ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) göstərilib. Dövlət büdcəsi kəsirinin 2019-cu ildə ÜDM-ə nisbəti 2,3% təşkil edəcəyi nəzərdə tutulub”.

***

shahin-nazir

Nazir: Sahibkarlıq sahəsində cəmi 488 yoxlama keçirilib

İqtisadiyyat naziri Şahin Mustafayev isə çıxışı zamanı  deyib ki,  Ümumi Daxili Məhsulun (ÜDM)-nin iqtisadiyyatda çəkisinin 2019- cu ildə  3,9 faiz, növbəti illərdə isə 3,4 faiz artacağı gözlənilir.

Nazirin dediyinə görə, həmçinin,“Şahdəniz” neft yatağında gələn il istehsalın artması ilə əlaqədar 3,2, növbəti illərdə isə 3,1 faizlik artım gözlənilir: “Regionlarda gerçəkləşdiriləcək növbəti investisiya proqramları çərçivəsində gələn il 21 min iş yerinin açılması nəzərdə tutulur. Bunun üçün də büdcədən 2,7 milyard manat pul ayrılıb. Bununla yanaşı, qeyri-neft sektorunun iqtisadiyyatda payı 3,9, növbəti illərdə isə 3,5 faiz olacağı gözlənilir”

Nazir həmçinin sahibkarlıq sahəsində aparılan yoxlamaların gedişatına da toxunaraq qeyd edib ki, məlumdur ki, bu sahədə yoxlamalar dövlət başçısının tapşırığı ilə dayandırılıb: “Ancaq vergi ilə bağlı yoxlamaları çıxmaqla, sahibkarlıq sahəsində cəmi 488 yoxlama keçirilib. Bundan əlavə, lisenziyaların sayı bu illər ərzində 59-dan 37-yə, icazələrin sayı isə 4 dəfə azaldılaraq 86-ya çatdırılıb”.

***

ali-masimli

Məsimli korrupsiyadan, Naxçıvanlı güzəştli ipotekalardan danışdı…

Müzakirələr zamanı danışan millət vəkili Əli Məsimli bildirib ki, korrupsiyaya qarşı aparılan mübariziəni gücləndirməklə, 100 milyonlarla pul əldə edilər ki, bunu da sosial sahələrin inkişafına yönəltmək olar.

O, çıxışında daha çox təmir-tikinti sahəsinə diqqət ayırıb: “Harada təmir-tikinti həyata keçirilirsə və vəsait öz təyinatı üzrə istifadə edilmirsə, bunun iqtisadiyyata heç bir töhfəsi olmur.Bu pullar bir çox hallarda havaya sovrulub gedir. Ona görə də bu məsələyə nəzarəti gücləndirmək lazımdır və məsələni özbaşına buraxmaq olmaz”.

MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı öz növbəsində  deyib ki, Azərbaycanda çoxuşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılmalıdır.

O, 2019-cu ilin büdcə zərfində 3 yaşınadək uşaqlara verilən müavinətlərin artırılmasını təklif edib. Komitə sədri eyni zamanda qeyd edib ki, güzəştli ipoteka şərtləri çoxuşaqlı ailələrə də şamil edilməlidir. A.Naxçıvanlı sonra bildirib ki, Azərbaycanda turizm inkişaf edir: “Oğuz turistləri özünə cəlb edən rayonlardan biridir. Bu baxımdan rayona gələn turistlərin sayı artmaqdadır. Amma turistləri özünə cəlb edən tarixi abidələrin bərpasına ehtiyac var. Hazırda 32 belə abidə baxımsız vəziyyətdədir. Bundan başqa Tarix Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsinə ehtiyac var. Xahiş edirəm ki, bu məsələ diqqətdə saxlanılsın”.

***

GANİRA-MM

Qənirə Paşayeva: Nəyə görə, ödənişli əsaslarla oxuyan birinci kurs tələbələrindən tədris, dərslər başlanmamış təhsil haqlarının hamısını ödəmək tələb olunur? 

Millət vəkili Qənirə Paşayeva çıxışında  qeyd edib ki, Azərbaycanda autizimlə bağlı xüsusi bir proqramın həyata keçirilməsinə ehtiyac var.

Millət vəkilinin qeyd etdiyinə görə, çünki autizm xəstəliyi olan uşaqların sayı daha da artmaqdadır.

Millət vəkili həmçinin təhsil kreditlərinin həm həcminin, həm də əhatə dairəsinin genişləndirilməsini təklif edib:

“Nəyə görə, ödənişli əsaslarla oxuyan birinci kurs tələbələrindən tədris, dərslər başlanmamış təhsil haqlarının hamısını ödəmək tələb olunur? Olmazmı ki, onlar da ikinci, üçüncü kurslardakı kimi, il boyu təhsil haqlarını ödəsinlər?Axı, bir çox ailələr bu məsələdə ciddi çətinliklər çəkirlər?! Bəzən, hətta, övladları təhsillərini yarımçıq dayandırmaq məcburiyyətində qalırlar…Ona görə də hesab edirəm ki, bu məsələ, təhsil kreditləri məsələsi, nəhayət, həllini tapmalıdır. İnsanlarımızın buna ciddi ehtiyacı var”.

Q.Paşayevanın eyni zamanda  sözlərinə görə, orta məktəb müəllimlərinə sosial ipoteka ilə bağlı güzəştlərdən yararlanmaq imkanı verilməlidir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Parlamentin 3 günlük iclaslarında 11 məsələ müzakirə olunacaq

Read Next

“Müavinəti haqqı olan hər kəs alacaq…” – NAZİR PROBLEMƏ AYDINLIQ GƏTİRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir