Ziyad Səmədzadə-AZƏRBAYCAN-RUSİYA MÜNASİBƏTLƏRİNDƏN YAZIR

Ziyad Səmədzadə: “Hazırda Rusiya ilə Azərbaycan arasında münasibətlər özünün ən yüksək inkişaf mərhələsini yaşamaqdadır”

Bu günlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına ilk rəsmi səfəri olmuş və bu səfər çərçivəsində çox önəmli görüşlər keçirilmiş, müzakirələr aparılmışdır.

Bu barədə fikirlərimi bildirməzdən əvvəl Azərbaycan-Rusiya münasibətlərinin bugünkü inkişaf səviyyəsini və gələcək inkişaf perspektivlərini dəyərləndirmək istərdim.

Azərbaycan-Rusiya münasibətləri: Əməkdaşlıqdan strateji müttəfiqliyə gedən yol

Əvvəla, Azərbaycan-Rusiya münasibətlərinin böyük və zəngin keçmişi var. Bu münasibətlər illərlə, əsrlərlə formalaşmışdır. Xüsusilə də, yaşadığımız 70 illik sovetlər dövründə bu münasibətlər daha da inkişaf etmiş, möhkəmlənmişdir. Rusiya bizim ən böyük qonşumuzdur. Hazırda Rusiyada 2 milyondan artıq  soydaşımız yaşayır və fəaliyyət göstərir. 1991-ci ildə keçmiş sovetlər birliyinin süqutu, yeni müstəqil dövlətlərin yaranması ilə münasibətlərdə də yeni mərhələyə qədəm qoyulmuşdur. Düzdür, müstəqilliyimizin ilk illərində Azərbaycan-Rusiya münasibətlərində bir qədər gərginlik yaşansa da, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə ikinci dəfə qayıdışı ilə bu münasibətlər yoluna qoyulmuş, iki ölkə arasındakı soyuqluq və gərginlik aradan qaldırılmışdır. Eyni zamanda, Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin hakimiyyətə gəlişindən sonra Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin əsası qoyulmuşdur. Hazırda iki ölkə arasında münasibətlər özünün ən yüksək inkişaf mərhələsini yaşamaqdadır. İki ölkənin prezidentləri – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putin arasında çox yüksək səviyyəli və səmimi dostluq münasibətləri mövcuddur. Münasibətlərin bu səviyyəsi hər iki dövlətin milli və dövlətçilik maraqlarına tam uyğundur, mənafelərimizə xidmət etməkdədir. Təkcə ötən il iki ölkə prezidenti arasında 9 dəfə görüş, qarşılıqlı səfərlər reallaşdırılmışdır ki, bunu özü də  münasibətlərin hansı yüksək səviyyədə olmasından xəbər verir. Eləcə də, bu il ərzində iki dövlət başçısı arasında bir neçə dəfə görüş keçirilmişdir. Belə ki, Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində keçirilən “Bir kəmər, bir yol”  Beynəlxalq Forumunda, Soçi şəhərində baş tutan nüfuzlu “Valday” Diskussiya Klubunun növbəti toplantısında, Aşqabadda gerçəkləşdirən MDB Dövlət Basçılarının növbəti Zirvə görüşündə bir araya gəlinmişdir. Eyni zamanda, dekabr ayının 20-də iki dövlət başçısının Sankt-Peterburqda növbəti dəfə bir araya gəlməsi gözlənilir. Bu görüş də hesab edirəm ki, münasibətlərin, əməkdaşlığın inkişafında öz əhəmiyyətli rolunu oynayacaq.

İstər “Valday” toplantısı, istərsə də Aşqabad Sammiti Azərbaycan dövləti və xalqının maraq və mənafeləri baxımından çox önəmli və tarixi əhəmiyyətli olmuşdur. Hər iki toplantıda 31 ildən artıq məruz qaldığımız Qarabağ probleminin, Ermənistan-Azərbaycan münaqişəsinin MDB məkanına, bütövlükdə dünyaya olduğu kimi çatdırılması baxımından böyük addımlar atılmış və uduş (bəlkə uğur)  əldə edilmişdir. Hər iki toplantıda Ermənistanın ifşası, erməni yalanlarının faş edilməsi yönündə böyük uğura imza atılmışdır, Ermənistanın təcavüzkar, işğalçı dövlət olmaqla yanaşı, faşizmi dövlət siyasəti səviyyəsinə qaldırması, himayə etməsi bütün dünyaya bəyan edilmişdir…

Valday”, Aşqabad zəfərləri və ya Ermənistan üzərində siyasi-diplomatik qələbə

Həqiqətən də, bu gün Ermənistan dünyada yeganə ölkədir ki, terrorizmi, dünyanın, bəşəriyyətin lənətlədiyi faşizmi dövlət siyasəti, faşizmə xidmət etmiş caniləri isə milli qəhrəman səviyyəsinə qaldırıb…

Çox təəssüflər olsun ki, belədir, bunlar günümüzün acı reallığıdır. Eyni zamanda, təəssüf edilməli və qınanılmalı məqam odur ki, bunlar 21-ci əsrdə, sivil dünyanın, terrorizmdən, xüsusilə, faşizmdən, İkinci Dünya müharibəsindən əziyyət çəkmiş, milyonlarla insanları qurban vermiş bəşəriyyətin gözləri qarşısında baş verir, yaşanır. Dünya birliyi, bəşəriyyət hələ də Ermənistanın terrorizm və faşizm siyasətini susqunluqla,biganəliklə qarşılayır. Məhz elə bu səbəbdəndir ki, ölkə başçısı son dövrlərdəki bütün çıxışlarında bu məsələni sərt və birmənalı şəkildə dilə gətirir, dünyanı, beynəlxalq aləmi bu məsələdə hərəkətə gəlməyə, Ermənistanın anti-bəşəri, anti-insani addımlarına səssiz qalmamağa çağırır. Təsadüfi deyil ki,  Aşqabad Sammitində də çıxışı zamanı Azərbaycan Prezidenti Ermənistanın əvvəlki cinayətkar Sarkisyan hakimiyyətinin Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyduğunu, MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupunun bu həyasız və qeyri-insani addıma dəfələrlə kəskin etiraz etdiyini xatırlatmışdır.  Hətta, 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyinin “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” adlı məruzəsində “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb” kimi sərt və birmənalı mövqenin sərgiləndiyini nəzərə çatdırmışdır.

Yeri gəlmişkən, satqın və cani olan Njdenin əsas şüarının “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur” olduğunu xatırladan dövlət başçımız inqilab və çevriliş yolu ilə hakimiyyəti ələ keçirən Ermənistanın yeni Paşinyan hakimiyyətinin də həmin heykəli götürmədiyini təəssüf hiss ilə və sərt şəkildə vurğulamış və “MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”, – deyə birmənalı mövqeyini ortaya qoymuşdur. Çox sevindirici və əlamətdar haldır ki, cəllad, türk düşməni və nasist Qaregin Njdenin xatirə lövhəsi artıq Rusiyanın Armavir şəhərindən götürülmüşdür. Bu, Azərbaycanın Ermənistan üzərində “Valday” və Aşqabad Sammitindən sonra növbəti siyasi-diplomatik qələbəsidir. Bu, Ermənistana vurulan növbəti sarsıdıcı siyasi-diplomatik zərbədir. Bu heykəlin götürülməsi ermənilərə, Ermənistana həm də bir siqnal, mesaj və xəbərdarlıqdır. Bu, həm də Azərbaycan-Rusiya, Əliyev-Putin münasibətlərinin, dostluğunun əyani ifadəsidir.

Onu da nəzərə alsaq ki, Rusiya Qarabağ münaqişəsinin dinc və danışıqlar yolu ilə həlli prosesində  vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun 3 həmsədrindən biridir, o zaman bu addımın atılmasının Ermənistan üçün nə demək olduğu, nə anlama gəldiyi tam şəkildə anlaşılmış olur. Artıq erməni yalanları onun özünə daim ən böyük dayaqlardan hesab etdiyi Rusiyada da keçmir, qəbul edilmir. Artıq Ermənistanın necə bir dövlət olduğu – əslində dövlət də demək mümkün deyil, o, bir vassal, for-postdur, heç bir müstəqil mövqeyə malik deyil – Rusiyada da tam aydınlaşmaqdadır, Ermənistana etibar etməyin mümkünsüz olduğu etiraf edilməkdədir. Bütün bunlar nəticə etibarı ilə Azərbaycan-Rusiya münasibətlərinin yüksələn xətt üzrə inkişafına dəlalət etməkdə, eyni zamanda, ümummilli dərdimizə çevrilən Qarabağ probleminin həllinə daha böyük inamın yaranması deməkdir.

Bu gün iki dövlət arasında bütün sahələrdə inkişaf, dinamika hiss olunmaqda və öz müsbət töhfələrini verməkdədir

Bu gün iki qonşu və dost dövlət arasında bütün sahələrdə inkişaf, dinamika müşahidə edilməkdədir.  Məsələn, nəqliyyat-tranzit sahəsi iki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biridir. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi bu sahədə mühüm layihədir. Həmin layihənin həyata keçirilməsi nəticəsində ötən il bu marşrut üzrə tranzit daşımalarının həcmi 8 dəfə, bu ilin birinci yarısında isə 60 faizdən çox artıb. 2020-ci ildə yeni Bakı-Rusiya Federasiyası sərhədi avtomagistralının tikintisinin başa çatdırılması, habelə Samur çayı üzərindən avtomobil körpüsünün birgə tikintisi planlaşdırılır. “Şimal-Qərb” beynəlxalq nəqliyyat dəhlizi də uğurla fəaliyyətə başlayıb. Turizm sahəsində əməkdaşlığımız dinamik şəkildə inkişaf edir. 2018-ci ildə Azərbaycana səfər etmiş rusiyalıların sayı 900 minə yaxın olub. Bizim ölkəyə gələn turistlərin sayına görə Rusiya birinci yeri tutur. Azərbaycan da öz növbəsində, Rusiyanın Şimali Qafqaz regionunun turizm infrastrukturu üçün əsas investorlardan biridir.

 Son illərdə bizim humanitar əməkdaşlığımız əhəmiyyətli dərəcədə fəallaşıb. Təhsil sahəsində əməkdaşlığı xüsusilə vurğulamaq istəyirəm. Bakıda Lomonosov adına Moskva Dövlət Universitetinin və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birgə icrasına başlanmışdır. Bir çox post-sovet ölkələrində, o cümlədən, qonşu Cənubi Qafqaz ölkələrində ruslara, xüsusilə,  rus dilinə münasibət fonunda Azərbaycan həm ruslara, həm də rus dilinə böyük  hörmət, ehtiram, qayğı və diqqət mövcuddur.  Təsadüfi deyil ki, ölkəmizin 338 məktəbində tədris rus dilində aparılır, 50 məktəbdə Təhsil Nazirliyinin rus dilinin intensiv tədrisi üzrə pilot layihəsi həyata keçirilir, Azərbaycanın 14 dövlət ali məktəbində rus bölmələri var. Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır. Bunlar çox önəmli göstəricilərdir.

Mədəniyyət sahəsində daimi dialoq həyata keçirilir, mütəmadi olaraq sərgilər, teatr qastrolları, konsertlər, musiqi və kino festivalları təşkil olunur. Artıq 25 ildir ki, irimiqyaslı Mədəniyyət Günləri layihəsi həyata keçirilir. Bunları geniş və təfsilatlı şəkildə deməkdə məqsədim odur ki, Azərbaycan-Rusiya münasibətlərinin tam mənzərəsi, palitrası gözlər önündə bir daha canlanmış olsun. Hesab edirəm ki, münasibətlərin bu səviyyəsi qorunub saxlanılmaqla, daha da inkişaf etdirilməli, daha da irəliyə doğru aparılmalıdır. Bunun üçün də hər cür potensial, şərait, ən əsası iradə mövcuddur.

Azərbaycan-Rusiya münasibətlərinin inkişafına yeni töhfə və ya Mehriban Əliyevanın fəaliyyətinə verilən layiqli qiymət

Bildiyiniz kimi, bu səfər Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın Rusiyaya ilk rəsmi səfəri idi. O, ilk dəfə idi ki, bu posta təyinatından sonra Rusiyaya səfərini reallaşdırırdı. Səfərin necə yüksək səviyyədə baş tutmasını isə səfər proqramının zənginliyi açıq şəkildə ortaya qoyurdu. Belə ki, Mehriban xanım səfər zamanı Rusiya Federasiyasının Baş naziri Dmirti Medvedyevlə, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə bir araya gəldi, “Lujniki” Olimpiya Kompleksində Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanın Gimnastika Mərkəzi ilə tanış oldu. Həmçinin, səfər çərçivəsində Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonunun əsaslı bərpa və təmirdən sonra açılış mərasimi keçirildi və mərasimdə Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko iştirak etdilər. Qeyd etmək yerinə düşər ki, nadir sərgi şəhərciyi hesab olunan Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin incilərindən sayılan “Azərbaycan” pavilyonu 1939-cu ildə tikilmişdir və onun üzərindən 80 il keçmişdir. Eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyi ilə pavilyon əsaslı şəkildə  bərpa olunmuşdur. Belə ki, milli pavilyonumuzda bərpa işləri onun binasının tarixi görünüşü, memarlıq-etnik özünəməxsusluğu saxlanılmaqla həyata keçirilmişdir.

Mərasim zamanı çıxışında Mehriban xanım Əliyeva bildirmişdir ki, “Azərbaycan” pavilyonunun zahiri simasının bərpa olunması ilə bərabər, o, həm də yeni məzmun kəsb etməkdədir. O, “Burada bizim pavilyonun qonaqları xalqımızın zəngin çoxəsrlik tarixi, mədəniyyəti, ənənələri ilə tanış ola, eyni zamanda, müasir müstəqil Azərbaycan haqqında, onun ictimai-siyasi, iqtisadi, humanitar sahələrdə uğurları barədə informasiya əldə edə bilərlər”, – deyərək,  eyni zamanda, şübhə etmədiyini bildirmişdir ki, gələcəkdə bu məkanda təşkil ediləcək tədbirlər, görüşlər, sərgilər Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə şərait yaradacaq. Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko isə çıxışında bildirmişdir ki, pavilyonun açılışı böyük hadisədir. Bu, ölkələrimiz arasında dostluğun əlaməti və rəmzidir.

“Əminəm ki, bu pavilyon Azərbaycanın Moskvadakı qeyri-formal mədəniyyət nümayəndəliyi statusunu daşıyacaq. Bilirəm ki, pavilyonun rəhbərliyinin müxtəlif sərgilərin, konfransların, digər tədbirlərin keçirilməsi üzrə böyük planları var”, – deyən xanım Matviyenko onu da bildirmişdir ki,  beləliklə  Moskva sakinləri də, paytaxtın çoxsaylı qonaqları da bu məkanda həm Azərbaycan xalqının qədim mədəniyyəti və ənənələri, tarixi, həm də Azərbaycanın müasir uğurları ilə tanış ola biləcəklər…

Səfərin ən mühüm məqamlarından biri Birinci vitse-prezident Mehriban Əliyeva və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun iştirakı ilə X Azərbaycan-Rusiya Regionlararası Forumunun keçirilməsi olmuşdur. Qeyd etmək lazımdır ki, iki ölkə arasında regionlararası əməkdaşlıq yönündə müsbət təcrübə əldə olunmaqda, hər iki ölkəyə faydalarını verməkdədir…

Ümumiyyətlə, qeyd etmək istərdim ki, hazırda Azərbaycanla Rusiya arasında 140-a yaxın dövlətlərarası və hökumətlərarası müqavilə və saziş qüvvədədir. Ötən il isə 2024-cü ilədək olan dövr üçün Rusiya-Azərbaycan əməkdaşlığının əsas istiqamətləri üzrə plan imzalanıb. Bu proqram sənədi özündə 5 “yol xəritəsi”ni ehtiva edir. Onlar ticarətin və qarşılıqlı sərmayələrin həcminin artırılmasına, nəqliyyat potensialının inkişafına, birgə müəssisələrin yaradılmasına, rəqəmsallaşma sahəsində, büdcə-vergi sektorunda təcrübə mübadiləsinə, həmçinin humanitar əlaqələrə istiqamətlənmişdir. Xüsusilə, ticarətdə müsbət dinamika hiss olunmaqdadır. Məsələn, 2018-ci ildə ticarət dövriyyəsi 19 faiz artaraq 2,6 milyard ABŞ dollarına bərabər olub, cari ilin 9 ayı ərzində isə artım 26 faizə çatıb. İnvestisiya sahəsində də iki ölkə arasında əməkdaşlıq getdikcə genişlənir. Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın müəssisə qeydə alınıb. Azərbaycanda Rusiya investisiyalarının həcmi 4,9 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, Azərbaycan Rusiyaya 1,2 milyard dollar sərmayə yatırıb. Hazırda maşınqayırma və avadanlıq istehsalı, kimya sənayesi, əczaçılıq, nəqliyyat kimi sahələrdə müştərək layihələr həyata keçirilir.

Məsələn, “SOCAR Polymer” zavodu inşa edilib, “Azərikimya” müəssisələri modernləşdirilir, Gəncə Avtomobil zavodunda “KamAz” Səhmdar Cəmiyyətinin və “Ural” Avtomobil zavodunun yük avtomobillərinin istehsalı və yığılması həyata keçirilir. Hacıqabul Sənaye Məhəlləsində “QAZ” markalı avtomobillərin yığılması üzrə zavod tikilir. “P-farm” əczaçılıq preparatları zavodunun birinci növbəsinin tikintisi başa çatmaq üzrədir. Rusiya şirkətləri Azərbaycanın neft-qaz sektorunda iştirak edir. Elektrik enerjisi mübadiləsi həyata keçirilir. Azərbaycan, Rusiya və İran arasında “Şimal-Cənub” enerji dəhlizinin yaradılması üzrə iş aparılır. Rusiya Federasiyası ölkəmizdən ixrac edilən kənd təsərrüfatı məhsullarının əsas istehlakçısıdır. Biz də öz növbəmizdə, Rusiyadan kənd təsərrüfatı texnikası və mineral gübrələr alırıq.  Bununla belə, yaxın gələcəkdə 2020-2022-ci illər üçün aqrar sənaye kompleksində əməkdaşlıq proqramının imzalanması planlaşdırılır.

Regionlararası Foruma gəlincə, qeyd etməliyəm ki, iki ölkə arasında dövlət başçıları səviyyəsində bu tipli  forumların keçirilməsi artıq  yaxşı bir ənənəyə çevrilmiş və regionlararası əlaqələrin genişlənməsi işində mühüm rol oynamışdır. Keçən ilin sentyabrında Bakıda  keçirilən forumun açılışında iki dövlətin başçılarının iştirakı regionlararası əməkdaşlığa ali səviyyədə əhəmiyyət verilməsinə dəlalət etmişdir. Eyni zamanda,  Rusiya və Azərbaycan prezidentlərinin regionlararası forumda iştirakı həmin forumun fəaliyyətinə nə qədər böyük əhəmiyyət verildiyinin əyani sübutuna çevrilmişdir. Əlamətdar haldır ki, bu istiqamətdə ilk forum 2010-cu ildə məhz Azərbaycanda keçirilib. Bununla da çox fəal regionlararası əməkdaşlığa təkan verilib. Azərbaycan Prezidentinin də bəyan etdiyi kimi, regionlararası əməkdaşlıq ölkələrimizi birləşdirən bütün dost, mehriban qonşuluq münasibətləri kompleksini üzvi sürətdə tamamlayacaq.

Bu baxımdan, Rusiyada növbəti -10-cu yubiley Forumunun keçirilməsi çox müsbət və təqdirəlayiq bir hadisədir. Bu, həm də iki ölkə arasında regionlararası əməkdaşlığa nə qədər yüksək əhəmiyyət və önəm verilməsinin növbəti əyani təsdiqidir.  Eyni zamanda, təşkilatçıları Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi olan Forumda iştirakçıların sayı, müzakirə edilən məsələlərin zənginliyi 10-cu yubiley Forumuna nə qədər yüksək səviyyədə hazırlıq görüldüyünü və ona hər iki tərəfdən necə böyük əhəmiyyət verildiyini bir daha ortaya qoymuş oldu. Belə ki, Azərbaycanın və Rusiyanın regionları arasında işgüzar münasibətlərin inkişafına yönələn və dövlət-özəl sektor dialoqu üçün nadir platforma olan regionlarası Forum, bu çərçivədə gerçəkləşdirilən 10-cu yubiley Forumu da özünün əhatəliliyi, rəngarəngliyi ilə yadda qaldı.  Qeyd edək ki, Forumda iştirak edən Mehriban xanım geniş və məzmunlu çıxış etdi. Çıxışda bir daha vurğulandı ki, regionlararası əməkdaşlıq bizim ikitərəfli münasibətlərimizin mühüm tərkib hissəsidir. Həmçinin, qeyd edildi ki, on il əvvəl ölkələrimizin prezidentlərinin dəstəyi ilə start verilən bu tədbir-forum ötən illər ərzində regionlararası əlaqələrimizin inkişafı üçün əsl səmərəli mexanizmə, regionların, ictimaiyyətin nümayəndələrinin, biznesin dialoqunda səmərəli məkana çevrilmişdir. Bununla yanaşı, birmənalı şəkildə qeyd edildi ki, Rusiya və Azərbaycanın regionları, işgüzar dairələri və təşkilatları arasında praktik əməkdaşlığın genişlənməsində əsas rol məhz  Rusiya-Azərbaycan Regionlararası Forumuna məxsusdur.  Odur ki, bu məkana tələbat, onun iştirakçılarının sayı ildən-ilə artır. Bu  baxımdan hesab edirəm ki,  iki ölkə arasında bütün sahələrdə olduğu kimi, regionlararası əməkdaşlıq sahəsində də inkişaf, dinamika daha da sürətləndirilməli, artırılmalıdır. Buna çox böyük ehtiyac var və bunun müsbət nəticələri, töhfələri qaçılmazdır. Bundan qazanan yalnız və yalnız xalqlarımız, dövlətlərimizdir…

Böyük Vətən müharibəsində qələbə insanlığın, ədalətin, sülhün qələbəsidir

Səfərin diqqətçəkən məqamlarından biri də Birinci vitse-prezidentin Naməlum Əsgərin məzarını ziyarət etməsi idi…

Çoxları kimi, mən də bunu çox önəmli və təqdirəlayiq bir məqam hesab edirəm. Bu, təbiidir. Çünki gələn il faşizm üzərində Qələbənin 75 illiyidir. Bütün sülhpərvər, tərəqqipərvər insanlar, faşizmin acı yaralarını hələ də özündə hiss edən xalqlar, dövlətlər, o cümlədən keçmiş sovetlər məkanına daxil olan ölkələr bunu geniş şəkildə qeyd edəcəklər. Çünki İkinci Dünya və Böyük Vətən müharibəsindən ən çox əziyyət çəkən ölkələr məhz Rusiya başda olmaqla, keçmiş sovet respublikaları, o cümlədən 600 mindən artıq insanı bu müharibələrdə iştirak etmiş, yüz minlərlə övladını itirmiş Azərbaycanımızdır. Faşizm üzərində qələbənin əldə edilməsində Azərbaycan xalqının, Bakı neftinin tarixi və misilsiz xidmətləri olmuşdur. Təsadüfi deyil ki, Hitler Almaniyasının ilk ələ keçirmək istədiyi bölgələrdən biri Azərbaycan, zəngin neftə malik olan Bakı şəhəri olmuşdur. Artıq heç kim üçün sirr deyil ki, Bakı nefti olmasaydı, faşizm üzərində qələbə həddindən artıq çətin olardı. Odur ki, faşizm Azərbaycan xalqı üçün çox həssas bir məsələdir, Azərbaycan xalqı faşizmi və onun dəstəklənməsinə yönəlik addımları heç cür qəbul etmir, edənləri də daim lənətləyir, pisləyir.

Eyni zamanda, Azərbaycanda dövlət və hökumət rəhbərliyi səviyyəsində daim Böyük Vətən müharibəsinin iştirakçısı olmuş insanlara böyük qayğı və diqqət göstərilir, dövlət başçısı tərəfindən mütəmadi fərman və sərəncamlar imzalanır. Hər il mayın 9-da Böyük Vətən müharibəsinin iştirakçısı olmuş və hazırda yaşayan müharibə veteranları ilə bir araya gəlinir, onların xidmətləri bir daha qeyd edilir, xatırladılır. Bu məsələdə Birinci vitse-prezident Mehriban xanımın addımları, davranışları, mənəvi dəstəyi xüsusi qeyd edilməli və təqdir olunmalıdır. O, Böyük Vətən müharibəsinin iştirakçısı olmuş veteranlarımıza heç zaman mənəvi dəstəyini, mərhəmət və şəfqətini əsirgəmir. Heç təsadüfi deyil ki, Rusiya Federasiyasında rəsmi səfərdə olarkən Mehriban Əliyeva  ilk olaraq Moskva şəhərindəki Aleksandr bağında Naməlum Əsgərin məzarını ziyarət etmişdir. Birinci vitse-prezident  Naməlum Əsgərin məzarını ziyarət edərək, əbədi məşəl önünə əklil qoymuşdur.

Bunun özü bir daha onu göstərir ki, Azərbaycan xalqı, Azərbaycan dövləti faşizmə qarşı hər zaman barışmaz olmuşdur, onu qəbul etməmiş və bundan da sonra qəbul etməyəcəkdir. Azərbaycan torpaqlarını işğal etmiş və hələ də işğalçılıq siyasətindən əl çəkmək fikrində olmayan, üstəlik terrorizmi, faşizmi açıq-aşkar müdafiə edərək, dövlət səviyyəsinə qaldırmış Ermənistan və onun başabəla siyasətçiləri bundan nəticə çıxarmalıdırlar. Bilməlidirlər ki, Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan ordusu bunun hesabını Ermənistandan, onun faşizmi və terrorizmi əldə bayraq etmiş siyasi liderlərindən soracaq, onlara gərəkən cavabı verəcək. Bu, mütləq olacaq.

Azərbaycan-Rusiya münasibətləri, əməkdaşlığı geridönməz xarakter alıb və heç nə onu saxlaya, ləngidə bilməz

Heç şübhəsiz ki, səfərin ən yaddaqalan və diqqətçəkən məqamı Birinci vitse-prezident Mehriban Əliyevanın  Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən yüksək səviyyədə qəbul edilməsi və ona Rusiyanın ən ali ordeninin – “Dostluq” ordeninin təqdim olunması idi…

Bu, birmənalı belədir. Yüksək səviyyəli səfərin ən önəmli məqamı məhz bu idi. Bildiyiniz kimi, bu ilin avqust ayında Rusiya-Azərbaycan münasubətlərinin inkişafında xidmətlərinə görə, Rusiya prezidenti tərəfindən Birinci vitse-prezident Mehriban xanım Əliyeva “Dostluq” ordeninə  layiq görülmüşdür. Bu günə kimi dünyanın bir neçə nüfuzlu ölkəsinin, o cümlədən İtaliyanın, Pakistanın ən ali dövlət ordenləri ilə təltif olunan Mehriban Əliyeva Rusiya dövləti və onun rəhbəri tərəfindən bu ölkənin ən yüksək ordeni ilə şərəfləndirilmişdir. Hesab edirəm ki, bunun özü tarixi hadisə və tarixi uğurdur. Mehriban Əliyeva öz fəaliyyəti, dövlətlər və xalqlararası münasibətlərin inkişafına verdiyi misilsiz xidmətləri ilə bunları, cümlədən Rusiyanın ali dövlət ordenini haqq etmişdir. Bu, onun haqqıdır. Rusiyaya səfəri çərçivəsində də Mehriban Əliyevaya şəxsən Rusiyanın dövlət başçısı tərəfindən orden təqdim edilmişdir. Təqdimat zamanı bir daha iki ölkə arasında münasibətlərin yüksək inkişaf tempi dilə gətirilmiş, bundan məmnunluq ifadə edilmişdir. İki ölkə və onların liderləri arasında yüksən etimada əsaslanan mehriban münasibətlərin formalaşdığı vurğulanmışdır. Bir daha diqqətə çatdırılmışdır ki, ölkələrimiz arasında münasibətlər möhkəm mehriban qonşuluq və dostluq ənənələrinə malikdir. İstər  Azərbaycanla Rusiya Federasiyası, istərsə də Rusiya ilə  Azərbaycan arasında münasibətlər hər iki ölkənin xarici siyasətində çox mühüm yer tutmuşdur. Məhz bunun nəticəsidir ki, bütün istiqamətlər üzrə müsbət dinamika müşahidə edilməkdədir. Dövlətlər səviyyəsində müntəzəm siyasi dialoq mövcuddur. Azərbaycan və Rusiya beynəlxalq arenada bir-birini dəstəkləyir. Həmçinin, iqtisadi əməkdaşlıq artıq öz bəhrələrini verir və bu, çox sevindirici haldır.

Xüsusilə də rus dilinə münasibət məsələsi önə çəkilmiş, Azərbaycanın bu məsələdəki mövqeyi təqdir edilmişdir. Vladimir Putin çıxışında bu məqama diqqət çəkərək bildirmişdir ki,  Azərbaycan bu məsələdəki mövqeyi, yanaşması müsbət qiymətləndirilməlidir.

“…Bu, xüsusən bizim humanitar əlaqələrə və Azərbaycanda rus dilinə münasibətə aiddir. Həqiqətən, bu, keçmiş Sovet İttifaqı ölkələrindən, keçmiş Sovet İttifaqı respublikalarından biridir ki, orada, – biz bunu hiss edirik, – rus mədəniyyətinə, rus dilinə münasibət ən yüksək səviyyədə saxlanılır. Bilirəm ki, Siz şəxsən bu işdə daim fəal iştirak edirsiniz. Prezident də bunu dəstəkləyir. Biz bunu çox yüksək qiymətləndiririk. Ona görə ki, bu baza bizim bütün başqa istiqamətlərdə münasibətləri, o cümlədən iqtisadi və humanitar əlaqələri, sözün geniş mənasında, inkişaf etdirməyə imkan verir. Buna görə biz Sizə çox təşəkkür edirik və öz tərəfimizdən bu trendi dəstəkləmək üçün nə lazımdırsa edəcəyik. Hesab edirəm ki, bu, bizim ümumi sərvətimizdir”, – deyən Rusiya dövlətinin başçısı bildirmişdir ki, bu məqamlar insanların öz aralarında hər hansı sədlər və maneələr olmadan ünsiyyət saxlamalarına, həm şəxsiyyətlərarası, həm də dövlət səviyyəsində münasibətləri inkişaf etdirməyə imkan verir.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva isə “Bu, Azərbaycanda dövlət siyasətidir. Düşünürəm ki, biz gələcəkdə bu sahəyə daha çox diqqət yetirməliyik. Ona görə ki, gənc nəsil böyüməkdədir. Bizim nəslin ortaq kökləri, ortaq tarixi var. Gənc nəsil böyüyür”, – deyə bildirmiş və qeyd etmişdir ki, insanlar arasında, xüsusən gənc nəsil arasında humanitar sahədə bu gün mövcud olan əlaqələrin qorunub saxlanması və bu əlaqələrin daha da möhkəmlənməsi lazımdır.

Vladimir Putin eyni zamanda, “Dostluq” ordeninin bir tərəfdən, sanki formal hissə, formal məsələ, lakin digər tərəfdən düşünülmüş qərar olduğunu bildirmişdir.

O, “Sadəcə, Sizin bizə gəldiyinizə görə yox, Sizin Azərbaycanda ali vəzifəli şəxslərdən biri olduğunuza görə yox. Bu, Sizin işinizlə, Sizin fəaliyyətinizlə, dövlətlərarası əlaqələrin bugünkü yüksək səviyyədə saxlanması ilə bağlıdır. Biz bunu çox yüksək qiymətləndiririk. Ordenin adı Sizin Azərbaycan ilə Rusiya arasında əlaqələrin inkişafı üçün gördüyünüz işləri əks etdirir. Onun adı belə də səslənir: “Dostluq” ordeni. Sizin işinizə görə və bu dostluğa görə çox sağ olun”, – deyərək bir daha iki ölkə arasında münasibətlətlərin yüksək səviyyədə inkişafına töhfələrinə görə Mehriban Əliyevaya öz minnətdarlığını ifadə etmişdir.

Hər zaman yüksək təvazökarlığı və səmimiyyəti ilə seçilən Mehriban xanım isə öz növbəsində bir daha bu ordenə görə dərin təşəkkürünu bildirmiş, “Siz öz təbrik məktubunuzda məni Rusiyanın əsl dostu adlandırmısınız. Deməliyəm ki, Rusiya Federasiyasının Prezidentindən bu cür qiymət eşitmək mənim üçün böyük şərəfdir. Çox şadam ki, bizim strateji tərəfdaşlığın möhkəmləndirilməsi işinə mənim də cüzi töhfəm var”, – deyərək minnətdarlığını ifadə etmişdir.

Bu baxımdan belə hesab edirik ki, Mehriban xanımın Rusiya səfəri, keçirdiyi yüksək səviyyəli görüşlər iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə və inkişafına xidmət edəcək, öz müsbət töhfələrini verəcək. Eyni zamanda, iki ölkə, onun liderləri arasında olan dostluq münasibətləri hər zaman olduğu kimi, Azərbaycan və Rusiyanın milli maraq və mənafelərinə xidmət edəcək, bundan qazanan yalnız və yalnız  xalqalarımız və dövlətlərimiz olacaq. Heç bir güc, heç bir qüvvə münasibətlərin bu cür yüksək inkişaf səviyyəsini əngəlləyə, yarımçıq saxlaya, dayandıra bilməyəcək. Hər iki tərəfə buna yönəlik addımlara imkan verməyəcək. Mehriban xanımın son səfəri, yüksək səviyyəli görüşləri də münasibətlərin inkişafında yeni mərhələ olmaqla yanaşı, gələcəyə doğru daha nikbin nəzərlərlə baxmağı, onun real və səmərəli töhfələrini şərtləndirəcək.

Son olaraq, Mehriban xanımı belə yüksək mükafata, ordenə layiq görülməsi, ona Rusiya prezidenti tərəfindən ordenin təqdim edilməsi münasibəti ilə təbrik edir, Azərbaycan naminə mübariz və fədakar fəaliyyətində növbəti uğurlar diləyirik.

Ziyad SƏMƏDZADƏ,

Akademik

Etikxeber.az

 

Read Previous

“Onun haqqında yazılarımı ömür boyu davam etdirəcəyəm…” – XALQ YAZIÇISI

Read Next

Gürcüstanın Azərbaycana nə qədər borclu olduğu bilindi – 7 MİLYARD

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir