Ziyafət Əsgərov: “İsa Həbibbəyli, biz bu qanunu neyləyirik?”

Milli Məclisin (MM)  bu gün keçirilən iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Etikxeber.az-ın məlumatına görə, layihə barədə danışan MM-in Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, layihənin hazırlanmasında İsveç, Finlandiya, Ukraynanın və digər bir neçə ölkənin təcrübəsindən istifadə olunub. 5 fəsil 24 maddədən ibarət olan layihədə məktəbəqədər yaşda uşaqların təhsil aldığı müəssisələrin bir neçə növü müəyyənləşib. Bunlar körpələr evi, körpələr evi-uşaq bağçası, məktəbəhazırlıq qruplarının fəaliyyət göstərdiyi ümumi təhsil məktəbləri, digər tipdən olan təhsil müəssisəsi yanında kompleks formada fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisəsi, uşaq inkişaf mərkəzi, sanator tipli uşaq bağçaları (bu uşaq bağçaları infeksion xəstəliklərə meylli və immun sistemi zəif olan uşaqlar üçün yaradılır), sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri, elmi-tədqiqat müəssisələrinin yanında yaradılan məktəbəqədər təhsil müəssisəsidir. Bunlar arasında sanator tipli uşaq bağçaları, sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məktəbəqədər xüsusi təhsil müəssisələri və uşaq inkişaf mərkəzi yeni növ məktəbəqədər təhsil müəssisələri olacaq. Qanun layihəsinə əsasən, Azərbaycanda bütün məktəbəqədər təhsil müəssisələri üçün xüsusi razılıq (lisenziya) müddətsiz veriləcək. Məktəbəqədər təhsil müəssisələrinin akkreditasiyası və attestasiyası da aparılacaq. Layihədə o da bildirilir ki, məktəbəqədər təhsil sahəsində təhsil xidmətləri göstərən hüquqi və fiziki şəxslər tərəfindən məktəbəqədər təhsilin vəzifələri pozulduqda, məktəbəqədər təhsilin dövlət standartlarının tələbləri yerinə yetirilmədikdə onların lisenziyası ləğv edilir.

Bbirinci vitse-spiker Ziyafət Əsgərov söz alaraq İ. Həbibbəyliyə irad bildirib: “İsa Həbibbəyli, qanun layihəsi barədə məlumat verdiniz. Amma burda heç yazılmayıb ki, məktəbəqədər təhsil anlayışı nə deməkdir? Layihədə bu barədə məlumat yoxdur, siz də açıqlamadınız. Müxtəlif terminlər var, amma ən lazım olan anlayışın mənası yoxdur. O zaman biz bu qanunu neyləyirik? İkinci sualım odur ki, məktəbəqədər təhsil ilə uşaq bağçasının fərqi nədir? Uşaq əlifbanı məktəbə qədər öyrənəcəksə, o zaman birinci sinifdə nə öyrənəcək? Qanunda bunların heç biri göstərilməyib və qaranlıqdır”.

Etikxeber.az

Read Previous

“Olimpiya mərkəzlərindən otel kimi istifadə edilir…” – Aqil Abbas

Read Next

“Mexanizm düzgün qurulsa, bank sektorunda problemli kreditlərin həcmi əhəmiyyətli dərəcədə azalacaq” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir