Zülm ilə abad olanın, axırı bərbad olar-ARİF ƏŞRƏFOV YAZIR

Həyatda insanlar müxtəlif olduğu kimi, xəstəliklər də müxtəlifdir.

Var cismani xəstəlik, var ruhi xəstəlik, var zati xəstəlik. Cismani xəstəliyin çarəsi onun müalicəsindədir.

Uzağı, ağır olduqda onu kəsib atırlar, xəstə qalxır ayağa. Ruhi xəstəliyin müalicəsi Tanrıdandır, onu da aparırlar çıldağa, dualar edirlər filan, cənabi Allahın o insana rəhmi varsa, o da sağala bilir. Amma zati xəstəliyin müalicəsi yoxdur.

Çünki bu xəstəlik manqurtlaşmış beyinin məhsulu olmaqla, müalicəsi qeyrimümkündür. Yer kürəsində dörd minə yaxın xalq yaşayır. Şübhəsiz ki, hər bir xalqın öz tarixi var. Lakin, yeganə bir millət istisna olmaqla, elə bir xalq yoxdur ki, müasir dövrdə yaşayıb, eramızdan beş min il əvvəlki dövrün tarixini heç bir elmi, tarixi faktlara əsaslanmadan öz fərziyyələri əsasında, xülyalara dalmaqla davamlı olaraq yaratsın. Özü də yalnız eramızdan əvvəlki tarixi.

Çünki bu xalq, bütün cəmiyyətdən fərqli olaraq, yaşadıqları eraya sığışmır. Bu millətin adı “erməni”dir. Əgər bir millətin “alimi”, “tarixçisi” eramızdan əvvəki tarixi öz düşüncələri əsasında xülyalar qurmaqla yazaraq, bütün dünyaya həqiqət kimi təqdim edirsə, bu xalqın əyanından nə gözləmək olar? Bu xəstə millət iddia edir ki, yer kürəsində ilk yazı ermənilərin olub (halbuki ermənilər Efiopiya əlifbasını oğurlayıblar), astrologiya elmi onlara məxsusdur, ilk dəfə dəmiri və misi onlar yerin təkindən çıxarıblar, insanlıq Sevan gölünün ətrafında yaranmışdır, hətta ilk xristianlığı belə ermənilər qəbul ediblər və s.

Erməni alimi Keqam Kerovpyan özünün “Erməni tarixinin mifologiyası” kitabında qeyd edir ki, Nuh peyqəmbər erməni olub. Erməni tarixçisi, Vartabet Çamçiyan İtaliyada 1811-ci ildə çap olunmuş ”Ermənilərin tarixi” kitabında yazırdı ki, Nuhun gəmisi batdıqdan sonra onun oğlanlarından ikisi Ham və Yafəs Ermənistanın müxtəlif əyalətlərində yerləşmişlər. Onların övladlarının bir qismi Mesopotomiyaya yön almış və onların arasından Yafəsin nəvəsi Hay (və yaxud Hayk) Ermənilərin ulu babasıdır. O Babil qülləsinin tikintisində iştirak etmiş (e.ə II minillikdə) və qüllə dağıldıqdan 130 il sonra oğlanları və nəvələri ilə birgə Ermənistana qayıtmışlar.

Onlar hamısı bir dildə danışırdılar və güman edilir ki, bu dil erməni dili olub. Fanatik millətçi olan Zori Baloyan özünün “Оçaq” kitabında yazır ki, Nuh peyqəmbər yer kürəsini su basdıqdan sonra ilk torpağı görən kimi qışqırır “erevume” və bundan sonra bu yerin adı tarixdə qalır Yerevan. Ermənilərin düşüncəsinə görə insanlıq Adəm peqəmbərdən yaranıbsa, deməli daşqından sonra ikinci yaranış Nuh peyqəmbərin nəslinə aiddir. Belə fərz etmək olar ki, əgər biz Nuh peyqəmbərin milliyətindən danışırıqsa, eyni ilə Adəm və Həvvanın milliyətindən danışırıq. Ermənilərin fikrincə Nuh peyqəmbər ermənidirsə, onda bu gün Dünyada yaşayan bütün insanların kökü ermənidir və bütün dillər də erməni dilinin təhrif olunmuş formasıdır. 27 may 1703-cu ildə, erməni ağsaqqalları tam ciddiliyi ilə Rusiya çarı I Pyotra məktub göndərərək ərz edirlər ki, “dünyanın yaranışı bizim ölkəmizdən başlamışdır”.

Belə ki, Nuhun gəmisi Ararat dağına dəyərək durduqdan sonra, Nuh peyqəmbər gəmidən düşmüş və dünyanın yaranışı bundan sonra başlamışdır. Bir çox şahlıqlar bizim ölkəmizin tərkibindən çıxmışlar. Bizim dövlətimiz dünyada ən qədim dövlətdir və bütün dövlətlərin açarı bizim əlimizdədir. Erməni alimlərinin bir qismi hətta iddia edirlər ki, qədim Şumerlər Misir piramidalarını tikməyi ermənilərdən öyrənmişlər. Marseldən olan tarixçi Komitas Ovnanyan “Bavarların erməni kökləri” məqaləsində belə fərziyyə irəli sürür ki, Bavariyalıların kökü ermənidir. Bavarlar Almaniyanın ən qədim etnosu olduğundan belə nəticəyə gəlmək olar ki, alman xalqı erməni soyköklüdür.

Hətta vikinqlər Skandinaviyaya Ermənistandan getmişlər. VII əsr “dırnaqarası” erməni tarixçisi Ananiya Şirakatsi özünün “Aşxaratsuyts” (coğrafiya) kitabında qeyd edir ki, İngiltərənin tarixi ermənilərlə bağlıdır. Belə ki, əsrin əvvəllərində Britaniya adasında beş millət yaşayırdı. Bunlar “ingilis”lər, “brit”lər, “skot”lar, “pikt”lər və “latın”lar olublar. Britaniya adasının ilk sakinləri isə “brit”lər Ermənistandan gələrək ilk olaraq adanın cənub bölgəsində, daha sonra isə digər bölgələrində yerləşmişlər. Bu baxımdan erməni xülyalarına görə belə qənaətə gəlmək olar ki, bu günkü Böyük Britaniyanın adı və orada yaşayan əhalinin əsas hissəsi “ermənilər”dir.

Erməni tarixçilərinin fərziyyələrinə görə, İrlandiyada çoxlu sayda hündür daş xaçlarının olması, onları belə qənaətə gəlməyə təhrik edib ki, qədim İrlandiyanın ilk sakinləri “ermənilər” olub. Erməni arxeoloqları, 2005-ci ildə indiki Dağlıq Qarabağda arxeoloji qazıntı işləri apararkən, I əsrə aid olan Tiqrankert şəhərinin qala divarlarında, İrlandiyada mövcud olan hündür daş xaçlara bənzər xaçlar aşkar ediblər. Onlar iddia edirlər ki, ”xaç” erməni sözüdür, bu söz kelt dilində eyni mənanı andırdığına və dünyada belə zərif daş xaçları yalnız erməni ustaları düzəldə bildiklərinə görə onlar tam yəqin ediblər ki, İrlandlar ermənidirlər. Bundan ağıllı fərziyyə təsəvvür edirsinizmi?

Ermənilərin ağıla sığmayan belə fərziyyələrindən saysız-hesabsız sayda misallar gətirmək olar. Erməni “ziyalıları” yorulmaq bilmədən dünya tarixini təhrif edərək yaza-yaza ilk əvvəl özlərini buna inandırmış, sonra bu yalan məktəblərdə, ali təhsil ocaqlarında öz övladlarına aşılanmış və öz gələcəklərini manqurt bir cəmiyyətə çevirmişlər. Ermənistan Akademiyasında mövcud olan bütün tarixi əlyazmaların əksər hissəsi xülya üzərində qurulmaqla leqallaşdırılmış və heç bir utanc bilinmədən bu yalanları ölkə hüdudlarından kənara çıxarmaqla kütlələrə çatdırmağa çalışmışlar. Əbəs deyildir ki, tarixin belə gülünc təhrif olunmasına görə bir çox ölkələrin tarixçiləri, erməni tarixçilərinin belə yazılarını cəfəngiyyat adlandırmış və onları tənqid atəşinə tutmuşlar.

Ermənilər tərəfindən dənizdən-dənizə “böyük ermənistan” xülyası isə onların sağalması mümkün olmayan xəstə beyinlərində həkk olunmaqla, özlərinə qarşı bir mif yaratmış və nəticədə tarix boyu onlarla qonşu olan dövlətlərin Türkiyənin, Azərbaycanın və Gürcüstanın ərazilərindəki torpaqlara iddialar irəli sürülməsinə və son nəticədə bu günkü qanlı faciənin baş verməsinə gətirib çıxarmışdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin zəif dövlətçilik və ordu quruculuğundan bəhrələnərək, onları silah sursat və maliyyə mənbələri ilə təmin edən dövlətlərin gücündən qaynaqlanaraq Azərbaycan torpaqlarını işğal edən dişi qana batmış ermənilər düşünürdülər ki, onlar həmişə olduğu kimi indi də istədiklərinə nail olacaqlar.

Azərbaycanın iyirmi faiz torpağını işğal etdiyi azmış kimi, azğınlaşmış ermənistan rəhbərliyi indi də Tovuz rayonu istiqamətində neft və qaz boru xəttlərini, sərhəd boyu mülki əhalini və hərbiçilərimizi ağır artilleriya qurğularından atəşə tutdular. Məhz bundan sonra onlar layiqli cəzalarını almağa başladılar. Allah insanın canını almamışdan öncə, onun ağlını əlindən alır. Həyatda heç nə təsadüfi olmur. Tanrı bizi 30 il imtahana çəkdi. Amma, hər kəs bilməlidir ki, haqqı-nahaqqa verməyən cənabi Allah gec eləyir, amma güc eləyir. Harun Ər-Rəşid qardaşı Bəhlul Danəndənin yanında öz vəzirindən soruşur ki, ölümün məsafəsi nə qədərdir ?

Vəzir deyir ki, ölümün məsafəsi qaşla-gözün arasındadır. Bu zaman Harun, üzünü Bəhlula çevirərək eyni sualı ona da verir. Bəhlul gülümsəyərək deyir ki, ölüm üçün qaşla-gözün arası çox uzun bir məsafədir, ölümə məsafə yoxdur. Tanrıdan başqa heç kim bilmir ki, nə zaman, harada və hansı şəraitdə onu ölüm haqlayacaqdır. Dinindən, İrqindən, rəngindən asılı olmayaraq Tanrı, İstər Tövrat, istər İncil, istərsə də Qurani-Kərimdə insanların düzgün yaşamaları yollarını çox aydın izhar etmişdir. Bütün millətlərin yaşadığı yer kürəsini Tanrı insanlar üçün xəlq etmişdir. Tanrı ilk insanı yaradanda yer kürəsində heç bir sərhəd yox idi.

Tədricən millətlər yarandıqca sərhədlər da yarandı. İnsan oğlu bilməlidir ki, bu torpaq heç kəsin deyil, yalnız cənabi Allaha məxsusdur. Dörd Mülki-Cahandan biri və birincisi torpaqdır. İnsan torpaqdan yaranmış və sonunda da torpağa qovuşacaqdır. Bizim erməni xalqı ilə qonşuluğumuz Tanrıdandır. Bu qonşuluq, nə erməni xalqının, nə də azərbaycan xalqının istəyi və sifarişi ilə deyildir. Nə biz, nə də erməni xalqı yaşadığı məkandan heç yerə köçüb gedən deyilik. Bununla barışmağa və şükr etməyə məcburuq. Bizim heç bir dövlətin torpağında, malında-mülkündə gözümüz yoxdur.

Mən Ermnistan rəhbərliyindən soruşmaq istəyirəm : Canı insana Tanrı verib və hər bir insan yalnız bir dəfə yaşamağa məhkumdir. Sizin işğalçı siyasətiniz və ambisiyalarınız ucbatından minlərlə cavan insanların qanı tökülür, analar gözü yaşlı, ailələr isə başsız qalır. Bunu sizdən o dünyada mütləq soruşacaqlar. Güman etmirəm ki, ona cavab tapa biləcəksiniz. İndi də olsa ağıla gəlin. Üzərində vuruşduğunuz torpaqların sizə aidiyyəti yoxdur, bu torpaqlar Azərbaycan torpağıdır. Bilməlisiniz ki, azərbaycan xalqı dədə-baba yurdlarını heç vaxt, heç kəsə bağışlayan deyil. Sadəcə olaraq, hər şey zaman, məkan və şəraitə bağlı idi. O zaman gəldi çıxdı.

Mülki insanları, uşaqları, qadın və qocaları atəşə tutaraq qətlə yetirmək kişiyə yaraşmaz. Körpüləri tamamən yandırmayın ki, barışığa gələndə azacıq da olsa üzünüz olsun. Sizin düşməniniz Türk xalqı deyildir. İnanın mənə. Sizin düşməniniz, illər boyu beyninizə yeridilən Böyük Ermənitan xülyası və Erməni xalqı haqqında yaratdığınız şişirdilmiş Mifalogiyadır.

Siz bilməlisiniz ki, Erməni xalqı sıradan bir xalq olmaqla, Yer kürəsində yaşayan dörd min xalqdan biridir. Siz heç bir xalqdan üstün deyilsiniz. Əyər övladlarınızın gələcək xöşbəxtliyini, Dövlətinizin inkişafını istəyirsinizsə, kini, küdurəti, düşmənçiliyi beyninizdən çıxarın, qonşularınızla münasibətləri sivil qaydada qurun.

Ən başlıcası isə Türk xalqı ilə düşmənçilikdən vaz keçin. Belə düşmənçilik sizin millətə ziyandan başqa heç bir xeyir gətirməyəcəkdir.

İnanın buna. Xalqınızın xöşbəxtliyi isə, qondarma soyqırımla bağlı tikdiyiniz “Sisernakaberd” memorial komplesini yerlə-yeksan etdiyiniz gün olacaqdır.

Bunu Sizə tam səmimiyyətimlə deyirəm.

Nə qədər ki, o abidə duracaq, Erməni xalqının xöşbəxt gələcəyi şübhə altında qalacaqdır.

Ataların belə bir məsəli var: Zülm ilə abad olanın, axırı bərbad olar.

Arif ƏŞRƏFOV

Etikxeber.az

Read Previous

Qızılhacılının növbəti Şəhidi: 7 bacının tək qardaşı-ELŞƏN RÖVŞƏN OĞLU KƏRİMOV… – FOTOLAR

Read Next

Füzuli şəhərinin mərkəzində Azərbaycan bayrağı-QALDIRILDI…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir