“1-ci və 2-ci siniflərdə ev tapşırıqları ya tamamilə olmamalıdır, ya da…” – DEPUTAT

Layihənin birinci oxunuşunda vaxt azlığından bir neçə təklifimi səsləndirə bilməmişəm, ona görə də bu gün onları nəzərinizə çatdırıram. Biz rayonlarda çoxlu yeni parklar, yeni möhtəşəm mərkəzlər plana salırıq, onları qururuq, istifadəyə veririk. Lakin əcdadlarımızdan bizə miras qalan tarixi abidələr, qədim qəbiristanlıqlar və qəbir daşları tədricən yox olur. Hansı rayona getsəm, mənə yerli ziyalılar bu və ya digər qədim abidəni, məsələn Alban kilsəsinin qalıqlarını göstərir və xahiş edirlər ki, mərkəzi strukturlara bunların vəziyyəti haqqında məlumat verim. İnanın ki, həyəcan təbili çalmaq vaxtıdır!

Etikxeber.az xəbər verir ki, bunu 2020-ci ilin büdcə zərfinin (dövlət büdcəsinin layihəsinin )  ikinci oxunuşda müzakirəsi zamanı millət vəkili, Xalq yazıçısı Elmira Axundova deyib.

“Axı, belə abidələrin bəzilərinin bərpası bir neçə ildən sonra ümumiyyətlə mümkün olmayacaq. Çünki onlar məhv olacaqlar. Hörmətli Samir müəllim komitə iclaslarında haqlı olaraq bildirmişdi ki, əlavə xərclərdən danışanda gəlir mənbəyini də göstərmək lazımdır”-deyən millət vəkilinin sözlərinə görə, bu resurslar, əlavə gəlir mənbələri kifayət qədər var, bu barədə Hesablama Palatasının rəyində də məlumat əldə eləmək olar.

“Biz bütün bu abidələri restavrasiya etsək inanın ki, onların ziyarətinə haçansa minlərlə insan Azərbaycana axışacaq, özü də vəsaiti öz cibindən ödəyəcək və bizim büdcəmizə minlərlə dollar vəsait daxil olacaq.

Növbəti olaraq mən rusdilli məktəblərdə dərsliklərin keyfiyyətlərinə diqqət yetirmək istərdim. Keyfiyyətləri məni şəxsən heç qane etmir. Məsələn 5-ci sinif üçün Azərbaycan dili dərsliyi. Bu dərsliklə biz nəinki uşaqlarımıza dövlət dilini öyrədəcəyik, əksinə, onlarda bu dilə qarşı etinasızlıq yaranacaq.

İkinci məsələ: nəyə görə orta ümumtəhsil məktəblərində şagirdləri həddindən çox ev tapşırıqları ilə yükləyirlər? Və bəzi hallarda isə heç onların izahını da vermirlər?!

Yəni, müəllimlər bir növ öz üzərilərinə düşən vəzifələri valideynlərin çiyninə atırlar. Bunu isə proqramın gərginliyi ilə izah edirlər. 6 yaşındakı uşaqlar məktəbdən gələrək, demək olar ki, axşam saat 8, 9-a qədər ev tapşırıqları ilə məşğul olur.

Axı, onlar hələ uşaqdır?! Bu qədər ağır yük altında şagirdlərdə məktəbə qarşı bir növ nifrət oyana bilər. Hesab edirəm ki, heç olmasa 1-ci, 2-ci siniflərdə ev tapşırıqları ya tamamilə olmamalıdır (özəl məktəblərdəki kimi), ya da cüzi olmalıdır.

Yoxsa uşaqlarımız nə idmanla, nə incəsənət növləri ilə məşğul olmağa vaxt tapmayacaqlar.

Və məktəb belə olan halda onlardan sadəcə robot insanlar yetişdirəcək, üstəlik onlar bu qədər oturaq həyat keçirtməklə səhhətlərində ciddi problemlər yaranacaq”-deyə, E.Axundova sözlərinə əlavə edib.

K. HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Siyasi partiyalara nəzərdə tutulan vəsait 1 milyondan 4 milyona qaldırıldı – DÖVLƏT BÜDCƏSİ İKİNCİ OXUNUŞDAN KEÇDİ – YENİLƏNİB – (3)

Read Next

“Hamımız “uşaqpulu” ilə böyüyən adamlarıq…”- VAHİD ƏHMƏDOV NAZİRƏ ETİRAZ ETDİ – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir