369 yeni yoluxma-9 ölüm…-PREZİDENTİN KÖMƏKÇİSİ YOLUXMALARIN SAYININ AZALMASININ SEVİNDİRİCİ OLDUĞUNU, “BÜTÜN CƏBHƏLƏRDƏ QALİB GƏLƏCƏYİK”- DEDİ – BƏS, RAYONLARA GEDİŞ-GƏLİŞƏ İCAZƏ VERİLƏCƏKMİ, BÜDCƏYƏ DƏYİŞİKLİK EDİLƏCƏKMİ? – YENİLƏNİB – (7)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 523 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 27 890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 19 490 nəfər müalicə olunaraq sağalıb, 363 nəfər vəfat edib, 8 037 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 817, ötən müddət ərzində isə ümumilikdə 634 698 test aparılıb.

***

“Yoluxanların sayındakı azalma sevindiricidir”.

Bunu isə Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Azərbaycan Prezidentinin köməkçisi deyib ki, bu, ümumilikdə Azərbaycan cəmiyyətinin çəkdiyi əziyyətin nəticəsidir: “Bu tendensiya davam etsə, daha çox yumşalmalara gedəcəyik. Bu gün bərbərxanalar da açılıb və mənim də simamda bunun nümunəsini görə bilərsiniz ”.

Ş. Mövsümov qeyd edib ki, tələblərə riayət olunmasa, yoluxmalar yenə artacaq və yenidən sərtləşmələrə getmək məcburiyyəti yaranacaq.

***

Sonra “İnsanlar xəstələnəndə evdən çıxmamalı, işə getməməlidirlər. Belə məlumatlar daxil olur ki, kiminsə temperaturu qalxır, parasetamol içir və işə gedir”-deyən Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, belə hallar yoluxmaları artırır:

“Belə hallara yol verilməməlidir”.

***

“212  min muzdlu işçinin əməkhaqqı üçün 95 milyon 632 manat dəstək verilib”-deyə, qeyd edən Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, pandemiyadan zərər çəkən sahibkarlara vergi güzəştləri üçün qanunvericiliyə dəyişiklik edilib: “Sahibkarlara veriləcək yarım milyard manata qədər kreditin faizlərinin subsidiyalaşdırılması üçün 10 milyon manat ayrılıb. Bu istiqamət üzrə 352 milyon manatdan çox vəsait xərclənib”.

 Ş. Mövsümov qeyd edib ki, 689 min insana sosial istiqamətdə 254 milyon manat vəsait ödənilib: “Azərbaycan bu gün bir neçə cəbhədə mübarizə aparır. Bu, Ermənistanla Tovuz istiqamətində mübarizə, digər istiqamət isə koronavirusla mübarizədir. Biz bütün cəbhələrdə qalib gələcəyik”.

O, həmçinin, deyib ki, yalnız son 4 gün ərzində yoluxmaların sayı azalır. Azərbaycan Prezidentinin köməkçisi deyib ki, bu, yumşalmalara getməyə əsas verir:

“Başqa ölkələrdə də vəziyyət fərqli deyil. Koronavirus yaş, cins tanımır. Biz daim başqa ölkələrin təcrübəsini öyrənirik. Əsas erkən müəyyən olunma, izolyasiyadır. Biz epidemiyanın böyük sürətlə yayılmasını istəmiriksə, yoluxan insanları mümkün qədər tez müəyyən etməli, o cümlədən kontaktda olduğu insanları müəyyən edərək, təcrid etməliyik. Tutaq ki, hansısa binada yoluxma aşkarlanırsa, həmin binanı karantinə almalıyıq. Bütöv şəhərdənsə, bir binanın təcrid olunması daha yaxşı yoldur. Bunun üçün müasir təcrübə öyrənilir və daha yaxşı addımlar atılacaq”.

***

“İlk 3 imtahanın nəticələri elan olunub”.

Bunu öz növbəsində mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə bildirib.

O, deyib ki, ümumilikdə 124 mindən artıq abituriyent və şagirdin nəticələri elan olunub:

“Sərtləşdirilmiş karantin tətbiq olunan rayon və şəhərlərdə 23-24 iyul tarixlərində imtahanlar keçiriləcək. İmtahana buraxılış vərəqələri DİM-in saytında qoyulub. Ola bilər ki, kimsə daxil olub, orada öz şəhər və rayonlarını tapa bilmir. Onlar səbrli olsunlar, onların şəhər və rayonlarında gələn həftə imtahanlar keçiriləcək. Bu həftə ərzində növbəti həftə keçiriləcək imtahanların vaxtını da elan edəcəyik. 58 mindən artıq abituriyent və şagird bu həftə və gələn həftə imtahanda iştirak edəcək. Gələn həftə 28 min şagird və abituriyent imtahanlarda iştirak edəcək”.

X. Xanlarzadə deyib ki, bütün binaların önündə imtahana gələnlərin növbəli qaydada rahat daxil ola bilməsi üçün müəyyən xətlər çəkilib. 

17:28

***

Prezidentin köməkçisi eyni zamanda “İlk qapanma dövründə insanlar qanunları pozaraq rayonlara getdilər. Bakıda yumşalma olan zaman rayonlarda yoluxma səviyyəsi artır”-deyərək, bildirib ki, ilk yumşalma zamanı bu, təsdiqini tapır:

“Bu gün Bakıdan rayonlara getmək imkanı yaratmaqla əldə etdiyimiz nailiyyətləri itirə bilərik. Deyirlər ki, Bakıdan gedib rayonda evdə oturacaqlar. Bu, mümkün deyil. Mənim də ailə üzvlərim Qəbələyə, Şamaxıya, digər gözəl guşələrə getmək istəyir. Yoluxmanı idarəedilən səviyyəyə çatdırmalıyıq. Ən ideal variantda biz bilməliyik ki, yoluxan insan haradadır və kimdən yoluxub. Bunu bilsək yoluxma nəzarət edilən formaya düşəcək. Buna nail olduqca bütün Azərbaycan sarı, sonra isə yaşıl zonaya düşəcək. Yoluxmanın səviyyəsi nəzarət altına alınarsa, ilk addım Bakıdan rayonlara gediş-gəlişə icazə vermək olacaq”.

17:50

***

Ş. Mövsümovun sözlərinə görə, bir çox hallarda Azərbaycanı başqa ölkələrlə müqayisə edirlər. Sosial şəbəkələrdə bir çox halda şərhlər reallıqdan çox uzaqdır.
 

Azərbaycan Prezidentinin köməkçisi deyib ki, bəzi insanlar koronavirusun olmadığını belə iddia edirlər: “Belələri reallıqdan çox uzaqdır. Eyni zamanda dünyanın bir çox ölkələrində karantin rejimi qalır. Hətta bir çox ölkələr ikinci dəfə karantinə gedir və Azərbaycan da bu sıradadır. Yaponiya və Honkonq kimi ölkələrdə də yenidən yoluxma artır. İsrail də çimərlikləri açmışdı, yoluxma artdığı üçün karantinə gedir”.
 
Ş. Mövsümov qeyd edib ki, açıq havada kafelərdə risklər azalır:

\“Bunların hamısı nəzərə alınacaq. Növbəti yumşalmalar avqustun 5-dən sonra baş verməlidir. Kafe, mağaza və restoranların açılması da tədricən olacaq, bu, qaçılmazdır. Biz bunu tədricən etməliyik ki, yenidən sərt karantinə getməyək. Burada ən böyük rol vətəndaşların üzərinə düşəcək. Sadə qaydalara riayət etməklə açılmaları tezləşdirə bilərik. İnşallah, bununla da peyvəndin tapılmasına qədər gedə bilərik. Bəli, yumşalmalara gedəcəyik, bu, tədricən olacaq”.

18:00

***

“Bu həftə nəzərdə tutmuşuq ki, əvvəlki illərin və cari ilin məzunları imtahanların birinci mərhələsi olan buraxılış imtahanlarını həyata keçirək”-deyən X. Xanlarzadə bildirib ki, bu həftə və gələn həftə yalnız bu imtahanların keçirilməsi planlaşdırılır:

“Ondan sonra imtahan nəticələri emal olunmalıdır. Bu proses isə bir qədər çəkir, təxminən 10-15 gün. Sonrakı dövrdə qəbul imtahanlarının ikinci mərhələsini keçirməyi planlaşdırmışıq. Bu isə ixtisas qrupu üzrə olan imtahanlardır. Təəssüf ki, dəqiq tarix söyləyə bilmərəm, amma təxminən avqust ayının ikinci yarısından etibarən bu imtahanların keçirilməsinə başlayacağıq.

Bu imtahanların keçirilməsinə 4 gün ayrılacaq. Bundan sonra isə abituriyent qəbul imtahanlarının ikinci mərhələsində də iştirak etmiş olacaq. Bütün imtahanlar epidemioloji vəziyyətdən asılıdır. Bunlar hər gün təhlil olunur, müvafiq qurumlarla əlaqə saxlanılır ki, imtahanları keçirmək mümkündür, ya yox. Biz əmin olandan sonra ki, hər hansı təhlükə yoxdur, imtahan keçirə bilərik, ondan sonra hansı tarixlərdə hansı şəhər və rayonlarda kimlər üçün imtahan keçiriləcəyini elan edirik. Ancaq valideynlər, abituriyentlər narahat olmasınlar, bu imtahanlar keçiriləcək”. 

18:10

***

Daha sonra “Bu günlərdə ölkə başçısının rəhbərliyi ilə Nazirlər Kabinetinin 6 ayın yekunlarına həsr olunmuş müşavirəsi keçirildi və qeyd olundu ki, Azərbaycanda ÜDM-də 2,5 % azalma müşahidə olunur. Bu, bugünkü şəraitə uyğun olaraq pis göstərici deyil”-deyən Ş. Mövsümov qeyd edib ki, pandemiya bitdikdən sonra bütün itirilmiş imkanların bərpa olunacağına ümid edirlər:

“Büdcəyə dəyişikliklə bağlı hazırda müzakirələr gedir. Müşavirədə də qeyd edildi ki, bu gün büdcə icrasında hər hansı çətinlik yoxdur. Büdcənin gəlir hissəsi profisitlə icra edilib. Xərclərdə də normal dinamika var. Ona görə də bu gün büdcəyə kəskin dəyişiklik edilməsinə ehtiyac yoxdur. Amma payızda bu məsələyə qayıdacağıq”.

Etikxeber.az

Read Previous

“Serbiyadan Ermənistana göndərilən silah-sursatda “Sarkisyan izi”-ELÇİN MİRZƏBƏYLİ YAZDI

Read Next

“Ermənistan tərəfindən törədilən hərbi təxribatın səbəbi Ermənistanda hazırda mövcud olan siyasi və iqtisadi böhrandır…”-SEVİNC HÜSEYNOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir