4 bacının tək qardaşı-Şəhid Əli Məmmədovun valideynlərindən ölkə Prezidentinə müraciət: “İSTƏYİRİK Kİ, ÖVLADIMIZ “ZƏFƏR VƏ YA “QARABAĞ ORDENİ İLƏ TƏLTİF OLUNSUN, XATİRƏSİ ƏBƏDİLƏŞDİRİLSİN”

Kürdəmirdən olan İkinci Vətən Müharibəsi Şəhidi Əli Məmmədovun valideynləri-anası Nina Məmmədova və atası Əvəz Məmmədov ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıblar.

Etikxeber.az-a daxil olan müraciətdə deyilir:

“Cənab, Ali Baş Komandan!

Yazıb Sizə bildirmək istəyirik ki, biz-Nina Məmmədova və Əvəz Məmmədov Şəhid Əli Məmmədovun valideynləriyik. Oğlumuz, tək oğlan övladımız, 4 bacının yeganə qardaşı, 1 sentyabr 1998-ci il təvəllüdlü Əli Məmmədov İkinci Vətən Müharibəsinin İgidlərindən, Qəhrəmanlarından və Şəhidlərindəndir. Oğlumuz  Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) döyüşçüsü-kəşfiyyatçısı kimi İkinci Vətən Müharibəsinin ilk saniyəsindən döyüşlərdə olub, vuruşub, qəhrəmanlıqlar, igidliklər göstərib. Döyüş yolu da uzun olub, belə ki, Tərtərdən Ağdərəyə, Ağdərədən Kəlbəcərə və Füzuliyəcən döyüş yolu keçib. Talış kəndinin, Suqovuşanın, digər bölgələrimizin işğaldan azad edilməsinə iştirak edib. Və müharibənin bitməsinə, Qələbənin əldə edilməsinə cəmi 6 gün qalmış Kəlbəcər istiqamətində, ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik məqamına yüksəlib.

Nəşi noyabrın 5-ində – doğulub boya-başa çatdığı Atakişili kənd qəbiristanlığında torpağa tapşırılıb. Valideyn üçün övlad itkisi çox ağır və acı olsa da, bütün Şəhid ailələri və valideynləri kimi biz də övladımızla, Şəhidimizlə Fəxr edir, Qürur duyuruq. Fəxr edirik ki, Vətən torpaqlarının, Qarabağın erməni murdarlarından azad olunmasında, müqəddəs və tarixi Qələbə və Zəfərimizdə övladımızın, Şəhidimizin də əməyi, xidməti, zəhməti var. Qürür hissi keçiririk ki, İkinci Vətən Müharibəsində Qəhrəmanlıq Dastanı yazan oğullardan birinin-Əlinin valideynləriyik. Qeyd edək ki, övladımızın İgidliyi, Qəhrəmanlığı Ali Baş Komandan kimi Sizin tərəfinizdən də yüksək dəyərləndirilib, 3 medalla təltif olunub. Var olun, Allah Sizi, Dövlətimizi, rəşadətli Ordumuzu qorusun!”

Müraciətdə sonra deyilir:

“Hörmətli, İlham Heydər oğlu!

Müraciət edərək, Sizin nəzər-diqqətinizə iki xahişimizi çatdırmaq istəyirik. Birinci xahişimiz Şəhidimizin, Əlimizin xidmətlərinin, döyüş yolunun bir daha nəzərə alınması, orden, yaxud Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif olunması barədədir. İstəyirik ki, övladımızın İgidliyi, Qəhrəmanlığı, keçdiyi 40 günə yaxın döyüş yolu nəzərə alınaraq, Şəhidimizə “Qarabağ” və ya “Zəfər” ordeni, yaxud Vətən Müharibəsi Qəhrəmanı adı verilsin. Şəhid valideynləri olaraq, Sizdən ən böyük ricamız və xahişimiz budur.

İstəyirik ki, öz mübarək imzanızla övladımızı adları çəkilən ordenlərdən biri və ya Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif edəsiniz. Bu, həm Şəhidimizin ruhunu sevindirər, həm də bizə-Şəhid valideynlərinə təsəlli olardı. İnanırıq və əminik ki, belə də olacaq, müraciətimiz tərəfinizdən nəzərə alınacaq və öz müsbət həllini taparaq, reallaşacaq.

İkinci xahişimiz isə Şəhidimizin adının, xatirəsinin əbədiləşdirilməsi ilə bağlıdır. Çox istərdik ki, Kürdəmirdəki küçələrdən və məktəblərdən birinə Şəhidimizin, Əlimizin adı verilsin. Kürdəmirin küçələrindən və məktəblərindən biri onun adı ilə adlandırılsın. Yenə də inanır və əminik ki, bu arzumuz, istəyimiz də gözümüzdə qalmayacaq, reallaşacaq, yəni, bununla bağlı Nazirlər Kabinetinə, Təhsil Nazirliyinə və Kürdəmir rayon İcra Hakimiyyətinə müvafiq tapşırıq və göstərişlər verəcəksiniz, həm Şəhidimizin ruhunu, həm də bizləri sevindirəcəksiniz. Böyük Yaradanımız da hər zaman Sizi, gözəl ailənizi, cəmi Azərbaycanımızı, Xalqımızı sevindirsin, qorusun, hifz etsin!”.

Etikxeber.az

Read Previous

47 yeni yoluxma-SON SUTKADA ÖLÜM OLMAYIB…

Read Next

Şəffaf şüşədən bulanıq baxışlar… – RAQİF ALLAHVERDİ YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir