5 ölkənin deputatları arasında turnir başlayır – PARLAMENTİN 100 İLLİYİ İLƏ ƏLAQƏDAR – YENİLƏNİB – (2)

Martın 9-11 tarixlərində Milli Məclisin (MM)  Gənclər və idman komitəsinin təşəbbüsü və parlamentin dəstəyi ilə ilk dəfə olaraq 5 ölkənin – Azərbaycan, Türkiyə, Ukrayna, Polşa və Latviyanın deputatları arasında beynəlxalq futbol turniri keçiriləcək.
meclis

Etikxeber.az-ın məlumatına görə, futbol yarışı Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin yaradılmasının 100 illiyinə həsr olunub.

Oyunun əsas məqsədi parlament diplomatiyasına töhfə vermək, Azərbaycanın idman siyasətini tətbiq etməklə ölkənin mövqeyini beynəlxalq arenada möhkəmləndirmək, tanıtmaqdır.

Bu gün  MM-də futbol yarışının püşkatma mərasimi keçiriləcək və memorandum imzalanacaq.

***

fuad

MM-in Gənclər və idman komitəsinin sədri Fuad Muradov ilk öncə tədbir iştirakçılarını spiker Oqtay Əsədovun adından salamlayıb və bildirib ki, tədbirin keçirilməsinə parlament rəhbərliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Sənaye Palatası dəstək veriblər:

“Bildiyiniz kimi, ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2018-ci il ölkədə “Cümhuriyyət İli” elan olunub və bununla bağlı Azərbaycanda bir sıra yüksək səviyyəli tədbirlərin keçirilməsi nəzərdə tutulur. Onu da qeyd edim ki, 100 il öncə Şərq-Müsəlman aləmində çox mühum tarixi hadisə baş verdi, Azərbaycan 1918-ci ilin mayın 28-də müstəqilliyini elan etdi, bundan cəmi  bir neçə ay sonra isə Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti fəaliyyətə başladı. Odur ki, beynəlxalq futbol turniri də Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycan Parlamentinin 100 illiyinə bir  töhfə olacaq”.

Komitə sədri onu da deyib ki, Azərbaycan artıq dünyanın idman ölkəsinə çevrilib:

“Ölkəmiz Avropa Oyunlarına, Formula-1 yarışlarına, İslam Oyunlarına və bir sıra digər nüfuzlu beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi edib. Bu, Azərbaycanımızın növbəti uğurudur. Hər sahədə böyük uğurlar, nailiyyətlər əldə edən ölkəmiz idmanda da böyük nailiyyətlərə imza atmaqdadır”. 

***

Türkiyə Böyük Millət Məclisinin (TBMM) təmsilçisi Türkiyə parlamentinin idman-futbol turnirləri keçirdiyini xatırladaraq bildirib ki, Azərbaycan deputatları da 2016-cı ildən bu turnirlərə qatılmaqdadırlar:

“Biz iki dövlət-tək millətik. Mən indindən Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycan Parlamentinin 100 illiyini təbrik edirəm. Biz inşallah, azərbaycanlı qardaşlarımızla bu turniri də uğurla başa çatdıracağıq”.

***

Tədbirin sonunda püşkatma mərasimi olub.

Turnirdə Azərbaycan Milli Məclisinin, Türkiyə Böyük Millət Məclisinin, Ukrayna Ali Radasının, Polşa və Latviya Seymlərinin komandaları qarşılaşacaq.

Püşkatmaya əsasən, A qrupunda Azərbaycan və Latviya, B qrupunda isə Polşa və Türkiyə qərarlaşıb. Beş komanda olduğu üçün püşkə əsasən, Ukrayna birbaşa yarımfinala vəsiqə qazanıb. B qrupunda qalib gələcək komanda yarımfinalda Ukrayna ilə qarşılaşacaq. A qrupunun qalibi isə birbaşa finala çıxacaq.

Bu gün saat 16:00-da Azərbaycan-Latviya oyunu ilə turnirə start veriləcək. Oyunun ardınca isə Polşa və Türkiyə qarşılaşacaq.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

“Türkiyəyə ağıl qoymaq, dərs vermək cəhdləri yolverilməzdir” – KOMİTƏ SƏDRİ

Read Next

Babam Azərbaycan Parlamentinin yaradılmasında iştirak edib – TÜRKİYƏLİ NAZİR MÜAVİNİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir