“Ağıllı düşünsünlər, ağıllı qərar versinlər, əks halda, uduzan yenə onlar olacaq”-JALƏ ƏLİYEVADAN “ÜÇTƏRƏFLİ GÖRÜŞ” DƏYƏRLƏNDİRMƏSİ

Üçtərəfli Moskva görüşü bir daha üstünlüyümüz və Ermənistanın növbəti fiaskosu oldu.

Öncə də “planlaşdırılan”, nəzərdə tutulan “planlar” yenə gerçək olmadı, yenə bütün xəyallar suya düşdü.

Cəmi 2 ay 3 gün öncə 44 günlük möhtəşəm, tarixi müharibə, “Dəmir Yumruq” ilə məhv edilən, başı əzilən düşmən yenidən siyasi-diplomatik məğlubiyyət acısı yaşadı, necə deyərlər, heç olmasa, bu dəfə “əlidolu” geri qayıdacağını düşünən Paşinyan ölkəsinə yenə suyu süzülə-süzülə, məğlub ölkənin başsız başçısı kimi döndü.

Çünki yenə, növbəti dəfə qarşısında dəmir iradə, sınmaz, əyilməz cəsarət, qüvvət, qüdrət gördü.

Bəli, Moskva görüşü vacib idi, olmalıydı, baş tutmalıydı.

Bəzi dairələr və qüvvələr yenə də öz xislətlərinə uyğun şəkildə bu görüş hələ baş tutmazdan əvvəl onu qara rənglərlə təsvir etməyə, boyamağa, cəmiyyətə təqdim etməyə uğursuz cəhd etsələr də, yenə alınmadı, istəkləri yenə baş tutmadı, baş tutan yenə görüş oldu, alınan yenə Moskva toplantısı idi.

Çünki biz bu görüşə Qalib ölkə olaraq getmişdik, çünki Müzəffər Ali Baş Komandan Moskvaya Qalib ölkənin Lideri kimi, getmişdi.

Bizim çəkinəcək, çəkinməli yerimiz yox idi, biz idik yenə diktə edən və Qalib tərəf.

Bunu elə görüş zamanı və görüşdən sonra mətbuat üçün verilən birgə bəyanat vaxtı da üzlərdən, gözlərdən, mimikalardan hiss etmək olurdu, çətin deyildi.

Açıq-aşkar görünürdü ki, kimdir həyəcan, təşviş, narahatçılıq, vurnuxma, məyusluq içində olan, kim idi özünü tam arxayın, həyacansız hiss edən.

Kimlərsə də indi bunu görmək istəmirlərsə, vay onların halına!

Elə 10 noyabr bəyanatının məntiqi davamı olan 11 yanvar bəyanatı da bizim üstünlüyümüz, bizim uğurumuz, bizim siyasi, iqtisadi, diplomatik, mənəvi Qələbəmiz idi.

Burada, yuxarıda da qeyd etdiyim kimi, əvvəlcədən “planlaşdırılan” “planların” heç biri yox idi, nə status, nə də “bitməmiş münaqişə” və sair.

Çünki artıq nə münaqişə, nə müharibə, nə Dağlıq Qarabağ, nə də status var.

Onlar hamısı 44 günlük müharibə ilə yerləbir edildi, tarixin arxivinə gömüldü.

Bu gün Qarabağına tam sahiblənmiş müstəqil, güclü Azərbaycan var və hər kəs də onunla hesablaşmalıdır, necə ki, hesablaşır, hesablaşmaq zorundadır.

Kimsə və kimlərsə də, hesablaşmaq istəməsələr, təhlükəli sularda yenə üzməyə cəhd etsələr, bir daha xəstə revanşizm xəyallarına qapılsalar, yenə başlarının üzərindən “Domokl qılıncı” kimi asılmış, asılan “Dəmir Yumruğ”u görəcəklər.

Moskva görüşü artıq bir daha münaqişənin geridə qalmasının, müharibənin bitirilməsinin təsdiqi və imzalanan birgə bəyanat müharibədən sonrakı dönəmlə, məsələlərlə bağlı belə demək mümkünsə, bir “Yol xəritsəsi” idi.

Burada kommunikasiya xətlərinin açılması, iqtisadi əməkdaşlıqlar, xüsusilə, ölkəmizin və daim isti nəfəsini, dəstəyini üzərimizdə, yanımızda hiss etdiyimiz, duyduğumuz qardaş Türkiyənin maraqlarına cavab verən Naxçıvanla Azərbaycanı, həm də Türkiyəmizi birləşdirəcək dəhliz məsələsinin qarşısında növbəti “yaşıl işığ”ın yandırılması olduqca önəmli məqamlardandır.

Bu, həm də bizim növbəti xoşməramlılığımızın, sülhsevərliyimizin, qandan-qadadan uzaq olmaq istəyimizin daha bir göstəricisi, dünyaya ünvanlanan daha bir mesajımız idi.

Biz yenə də etdiyimizi etdik, öz niyyətimizi əməlimizlə, imzamızla təsdiqlədik, indi söz, qərar qarşı tərəfin və tərəfdəkilərindir.

Ağıllı düşünsünlər, ağıllı qərar versinlər, əks halda, uduzan yenə onlar olacaq.

Ölkə Prezidentinin də birgə bəyanat zamanı dediyi kimi, “Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb və biz gələcək barədə, qonşular kimi birlikdə necə yaşamaq, nəqliyyat arteriyalarının açılması məsələlərini həll etməyə necə çalışmaq və gələcəkdə regional sabitliyi və təhlükəsizliyi möhkəmlətmək haqqında düşünməliyik”.

Bəli, Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır, Qarabağ heç zaman olmadığı qədər bizimdir!

Jalə ƏLİYEVA,

Millət vəkili, Milli Məclisin Ailə, Qadın, Uşaq Məsələləri Komitəsinin sədr müavini,

filologiya elmləri doktoru, professor

Etikxeber.az

Read Previous

“Qarabağda tarixi abidələrin konservasiyası və bərpası üçün yol xəritəsi hazırlanacaq”-ANAR KƏRİMOV

Read Next

“Belə örnəkləri görən yetişməkdə olan yeni nəsil, indikindən də mübariz və vətənpərvər olacaq!”-SAHİB ALIYEV – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir