“Analar qızlarını zorakılıqdan qorumaq istəyirlərsə…” – KOMİTƏ SƏDRİ

Əvvəllər qızların peşə seçimi ilə bağlı müəyyən stereotiplər var idi. Ancaq indi biz görürük ki, iqtisadiyyat, idarəetmə, texniki və texnologiya ixtisas qrupları üzrə təhsil alan qızlarımızın, bu sahədə elmlə məşğul olan qadınlarımızın sayı ilbəil artır.

Etikxeber.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş Qadınların V Forumunda çıxışı zamanı deyib.

H.Hüseynova bildirib ki, hazırda aktual məsələlərdən biri də gender stereotiplərinin aradan qaldırılması və peşə seqreqasiyasının düzgün tənzimlənməsidir.

Onun sözlərinə görə, digər tərəfdən isə peşələrin əmək bazarına, onun tələbatına uyğun seçilməsi də mühüm əhəmiyyət kəsb edir ki, bu, gələcəkdə insanların işlə təmin olunmasına müsbət təsir göstərəcək:

“Bu gün gənc tədqiqatçılarımız təkcə ölkədə deyil, dünyada uğurlar qazanırlar. Reynerci (Rainergy) startapının təsisçiləri Reyhan Camalova və Zəhra Qasımzadə buna gözəl nümunədir və ölkəmizdə belə bir yeni nəslin formalaşması ilə fəxr edirik və dövlət tərəfindən belə gənclərə böyük diqqət yetirilir. Qadınlar təkcə elmdə deyil, həmçinin mədəniyyət, incəsənət və idmanda özünəməxsus yer tuturlar. Biz qürur hissi keçiririk ki, onlar belə yüksək nailiyyətlər əldə edir, bayrağımızı qaldırır, himnimizi səsləndirirlər”.

hicran

H.Hüseynova əlavə edib ki, ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar sahibkarlarımızda, xüsusi ilə də qadın sahibkarlarda böyük ruh yüksəkliyi yaradıb, son illərdə qadınların sahib olduğu müəssisələrin sayının artdığı müşahidə olunur, hazırda sahibkar qadınların sayı yüz qırx üç mindən çoxdur:

“Qadınların sahibkarlıq fəaliyyətini daha da gücləndirmək üçün maliyyə resurslarının əldə edilməsi, bu sahədə bilik və təcrübələrinin az olması, onlar üçün maneələr yaradan bir sıra sosial-psixoloji amillərə xüsusi diqqət ayırmaq lazımdır. Bu baxımdan qadınların peşə hazırlığı, sahibkarlıq fəaliyyəti haqqında geniş bilik və təcrübə qazanmaları üçün maarifləndirici tədbirlərin keçirilməsi vacibdir”.

Komitə sədri sonra deyib ki, məişət zorakılığının qarşısının alınması sahəsində böyük işlərin görülməsinə baxmayaraq, bu məsələ hələ də bizi narahat edir.

H.Hüseynova bildirib ki, əgər analar qızlarını zorakılıqdan qorumaq istəyirlərsə, oğlanlarına düzgün tərbiyə verməlidirlər:

“Nəzərinizə çatdırım ki, bu istiqamətdə işlərin daha da gücləndirilməsi üçun məişət zorakılığı ilə bağlı onlayn məlumat bankı yaradılıb. Bu, yerlərdə monitorinq qruplarının işini daha da sürətləndirir, baş vermiş hadisənin operativ olaraq ağır fəsadlar yaratmadan, vaxtında qarşısının alınmasına səbəb olur”.

Etikxeber.az

Read Previous

Sizinlə əməkdaşlıq etmək əzmindəyəm – TRAMPDAN ƏLİYEVƏ

Read Next

Dövlətin qadın siyasəti bərabər hüquq və imkanların təmin edilməsinə yönəlib – PREZİDENT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir