Anası tərəfindən təkbaşına böyüdülən tək övlad-Elməddin Hüseynzadə və ailənin üç övladından, üç qardaşdan biri olan-Cavidan İbrahimli-BU GÜN HƏR İKİ ŞƏHİDİN CƏNNƏTDƏKİ ÜÇÜNCÜ DOĞUM GÜNÜDÜR…

Bu gün daha iki İkinci Vətən Müharibəsi Şəhidinin-Bərdəli Elməddin Hüseynzadənin və Bakılı (əslən Şəmkirli) Cavidan İbrahimlinin doğum günüdür.

Elməddin Hüseynzadənin bu gün 25, Cavidan İbrahimlinin isə 23 yaşı tamam olur.

Bu, həm də hər iki Şəhidin Cənnətdəki üçüncü ad günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Elməddin Hüseynzadə 1998-ci ilin mart ayının 24-də Bərdənin Sərkarlar kəndində anadan olub.

23 günlüyündən anası Arzu Hüseynova tərəfindən təkbaşına böyüdülüb.

Ailənin, ananın tək övladı olub.

2017-ci ilin sonları, 2018-ci ilin əvvəllərində anası ilə birlikdə minbir əziyyətlə tikdirdikləri evə, Divanlıya köçüblər.

Orta məktəbi bitirdikdən sonra Beyləqan istiqamətində yerləşən “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib və Əsgərliyini başa vuraraq, evinə, anasının yanına dönüb.

Bir müddət müxtəlif sahələrdə çalışıb.

İkinci Vətən Müharibəsinə yaxın isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyətə başlayıb.

İkinci Vətən Müharibəsinin ilk günlərində, sentyabrın 29-da isə Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhid olub.

Elə həmin gün axşam saatlarında nəşi Bərdəyə gəririlərək, Şəhidlər Xiyabanında torpağa tapışırılıb.

Şəhidliyindən sonra 3 medalla-“Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

22 yaşında Şəhidlik məqamına ucalan Elməddin subay olub.

Anası Arzu xanım hazırda tək-tənha yaşayır.

***

Cənnətdəki üçüncü ad günü ilə bağlı bu gün axşam saatlarında Elməddin Hüseynzadənin Bərdə rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələr düzüləcək, ruhuna dualar oxunacaq.

Sonra Cənnətdəki üçüncü ad günü ilə bağlı Şəhidin ocağında, anasının yaşadığı evdə mərasim keçiriləcək, adına ehsan-iftar süfrəsi açılacaq.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutlka yad olunacaq, bir daha ruhuna dualar ediləcək.

Məzarını ziyarətdə, həm də Cənnətdəki üçüncü doğum günü ilə bağlı mərasimdə Şəhidin anası, yaxınları, Bərdədən, Mingəçevirdən, Goranboydan, Gəncədən, Samuxdan, Bakıdan və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, din xadimləri və başqa şəxslər iştirak edəcəklər.

***

Əslən Şəmkirli olan Cavidan Nizami oğlu İbrahimli isə 2000-ci ilin martın 24-də Bakının Səbail rayonunun Badamdar qəsəbəsində dünyaya gəlib.

2006-2017-ci illərdə Badamdardakı 236 nömrəli tam orta məktəbdə təhsil alıb.

Orta məktəbi bitirdikdən bir müddət sonra, 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağcabədi rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Əsgərliyini başa vurub evinə, ailəsinə döndükdən az sonra yenidən Vətənə xidmətə, İkinci Vətən Müharibəsinə yollanıb.

21 sentyabr tarixində səfərbərliyə cəlb olunan Cavidan həmin ayın 27-dən döyüşlərdə olub.

İkinci Vətən Müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb…

…Və ağır döyüşlərdən birində Vətən yolunda qəhrəmancasına həlak olub, Şəhidlik Zirvəsinə ucalıb.

Cavidan oktyabrın 21-də Şəhid olsa da, Şəhidliyi xəbəri ayın 23-də ailəsinə bildirilib.

Nəşi oktyabrın 24-də Səbail rayonunun Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığında dəfn olunub.

Şəhidliyindən sonra üç medal və bir ordenlə-3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Övlad dərdinə, itkisinə dözə bilməyən atası Nizami İbrahimli isə Şəhidimizin qırxına yaxın dünyasını dəyişib.

Cavidan ailənin 3 övladından, 3 qardaşdan biri olub.

20 yaşında Şəhid olan Cavidan da subay idi.

***

Cənnətdəki üçüncü doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığında məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar olunacaq.

Sonra Şəhidin ailəsinin yaşadığı evdə adına ehsan veriləcək.

Şəhidin məzarını ziyarətdə və ehsan mərasimində ailə üzvləri, Səbailli Şəhid ailələri və digər şəxslər iştirak edəcəklər.

Hər iki Şəhidimizin məkanı cənnətlik, Cənnətdəki üçüncü doğum günü mübarək olsun!

Nur içində yatsınlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Daha 19 yeni-YOLUXMA…

Read Next

Fransız ətiri və zibilli Paris-RAFAEL HÜSEYNOV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir