Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat sözügedən payız sessiyasında iştirak etmək üçün sentyabrın 29-dan oktyabrın 7-dək Strasburqda səfərdə olacaq.
Etikxeber.az-ın məlumatına görə, nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova və Elşad Həsənov daxildir.
Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada Ombudsman institutlarının vəziyyəti, Avropa Şurasının İnkişaf Bankı, terror qurbanlarının qorunması və dəstəklənməsi, Şimali Makedoniya Respublikası ilə post-monitorinq dialoqu, Moldovada demokratik institutlar, yəhudi mədəni irsinin qorunub saxlanılması və digər mövzularda müzakirələr aparılacaq.
Sessiya çərçivəsində Avropa Şurasının yaradılmasının 70 illik yubileyi və AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə “Azərbaycanda qadın seçki hüququnun 100 illiyi” mövzusunda tədbirlər də keçiriləcək.
Tədbirlərdə MM-in deputatları gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.
Etikxeber.az