“Ayrı-ayrı hallar istisna olmaqla, Silahlı Qüvvələrimizdə yoluxma kütləvi formada baş verməyib…Vətən Müharibəsində qalib gəldik, koronavirusla mübarizədə də qalib gəlməyimiz zəruridir…”-PREZİDENTİN KÖMƏKÇİSİ – KORONAVİRUSA QARŞI PEYVƏNDİN APRELDƏ HAZIR OLMASI GÖZLƏNİLİR -YENİLƏNİB – (3)

Son dövrlərdə brifinqlər əsasən Vətən Müharibəsinə həsr olunurdu.

Etikxeber.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Operativ Qərargahın üzvü,  Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, hər birimiz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunmasından qürur hissmi keçiririk:

“Vətən Müharibəsi ilə bərabər, koronavirusa qarşı mübarizə də davam edir”.

“Qonşu ölkələrdə koronavirusa yoluxmada da yüksək artım dinamikası müşahidə olunur”-deyən  H. Hacıyev bildirib ki, Avropada da yüksək yoluxma müşahidə olunur:

“Azərbaycanda gündəlik yoluxmanın artması, 2 mindən çox olması narahatlıq doğurur, ölüm hallarında da artım var. Bu narahatlıqları nəzərə alaraq, xüsusən ölkəmiz Vətən Müharibəsi şəraitində olduğu üçün koronavirusa yoluxma hər birimizi narahat etməyə bilməz. Yaralı əsgərlərimiz var, onların müalicəsi də səhiyyə sistemimiz qarşısında durur. Səhiyyə sistemimiz iki cəbhədə fəaliyyət göstərir. Ona görə də bu kimi zərurətləri, artım templərini nəzərə alaraq, Operativ Qərargah bir sıra qərarlar qəbul edib”.

Sonra “Bütün vətəndaşlardan xahiş edirik ki, sosial məsafəni gözləsinlər və maskadan istifadəyə xüsusi diqqət yetirsinlər”-deyən H. Hacıyev bildirib ki, koronavirusdan qorunma üçün bu, vacibdir:

“Yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur. Vətəndaşlarımıza qapalı məkanlardan keçirilən ictimai tədbirlərdən kənar durmaq da xahiş olunur. Tibb personalımızın əsgərlərimizin müalicəsinə cəlb olunduğunu nəzərə almalıyıq”.

***

Prezidentin köməkçisi həmçinin bildirib ki, ayrı-ayrı hallar istisna olmaqla, Silahlı Qüvvələrimizdə yoluxma kütləvi formada baş verməyib.

H. Hacıyev deyib ki, bu istiqamətdə ayıq-sayıqlığın davam etdirilməsi vacibdir:

“Yeni növ koronavirusa (COVİD-19) yoluxmanın artması bizi narahat edir. Bizim yaralı əsgərlərimiz var və onların koronavirusa yoluxmasının qarşısının alınması da əsas vəzifələrdən biridir. Onların sağlamlığını qorumaq üçün bu, vacibdir. Biz Vətən Müharibəsində qalib gəldik, koronavirusla mübarizədə də qalib gəlməyimiz zəruridir”.

14:27

***

“Bəzi şəxslər evdə müalicəyə üstünlük verir, bu da ağırlaşmalara yol açır”-deyə, qeyd edən H. Hacıyev bildirib ki, bu kimi halların olmaması üçün zamanında həkimə müraciət etmək lazımdır.

H. Hacıyev koronavirusa qarşı vaksinlərin Azərbaycana gətirilməsi məsələsinə də toxunub:

“Müvafiq vaksinlərin tam şəkildə yoxlamalardan keçiriləndən sonra Azərbaycana gətirilməsi üçün işlər həyata keçirilməkdədir”.

14:30

***

“Biz Vətən Müharibəsi dövründə iki cəbhədə vuruşmuşuq”.

Bunu isə Operativ Qərargahın üzvü, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, həkimlər hər iki cəbhədə ciddi şəkildə mübarizə aparıblar:

“Bu gün dünyada koronavirusa yoluxanların sayı 56 milyon nəfəri keçib, 39 milyondan çox insan sağalıb, 1 milyondan çox insan həyatını itirib”.

TƏBİB-in departament müdiri qeyd edib ki, Azərbaycanda yoluxmanın gündəlik səviyyəsi 2 mini ötüb:

“Səhiyyə sistemi yüklənir. Ötən dövrdə 10-dan çox modul tipli xəstəxana açılıb, həkimlərimizin ixtisası artırılıb, xaricdən həkim briqadaları gəlib. Ancaq bu tendensiyanın davam etməməsi lazımdır. Hər bir ölkə kimi bizim ölkəmiz bu yükün altında əziyyətə düşür. Biz hələ də müharibədə döyüşmüş əsgərlərimizə qulluq edir, iki cəbhədə mübarizə aparırıq. Ona görə də bizə cəmiyyətin dəstəyi lazımdır. Müharibədə gördük ki, xalqımız bir ola, bir yerə yumruq vura bilir”.

O, diqqətə çatdırıb ki, dünən 2239 nəfər koronavirusa yoluxub, 1217 nəfər sağalıb. Y. Qarayeva deyib ki, yoluxan və sağalan xəstələr arasında fərq nəticəsində gələcəkdə xəstəxanalarda yer çatışmazlığı yaşana bilər:

“Bu gün artıq biz 13 min test apara bilirik, əvvəllər bu rəqəm 5 min ətrafında idi”.

TƏBİB-in departament müdiri qeyd edib ki, yoluxmanın artması nəticəsində gündəlik ölənlərin sayı da 25 nəfərə çatır. Y. Qarayeva bildirib ki, artıq Türkiyədə də sərtləşmələr elan olunub, Rusiyada isə regionlarda sərtləşmələr həyata keçirilir. Y. Qarayeva eyni zamanda deyib ki, indiyə qədər Azərbaycanda lokal sərtləşmələrə gedilib:

“Ancaq bu, gözlənilən nəticəni verməyib. Bunun səbəbi insanların kütləvi şəkildə toplanmasıdır. İnsanların bir yerə nə üçün toplandığını bilirik. Həmin tədbirlərdə tək gənc deyil, yaşlı insanlar da iştirak edir. Bu da ağırlaşma hallarının artmasına gətirib çıxarır. Bir daha xahiş edirəm, kütləvi şəkildə bir yerə toplaşmayın. İnsanlar evlərdə kütləvi bir yerə toplaşırlar, ailə içində, tam ailə şəklində yoluxmalar çoxdur. Gənclər evdə müalicə olunur, yaşlılar isə poliklinikalara, xəstəxanalar düşürlər. Biz sosial məsafəni qorumalı, maskalardan istifadə etməliyik”.

***

“Hələlik koronavirusa qarşı hansısa peyvəndin hazır olmasından söhbət getmir”-deyən Y. Qarayeva bildirib ki, peyvəndin gələn ilə, gələn ilin aprelinə hazır olacağı gözlənilir.

Etikxeber.az

Read Previous

Azərbaycanda xüsusi karantin rejiminin müddəti dekabrın 28-dək-UZADILDI, METRO YENƏ İŞLƏMƏYƏCƏK, TİBBİ MASKALARDAN İSTİFADƏYƏ NƏZARƏT DAHA DA SƏRTLƏŞDİRİLƏCƏK…

Read Next

Yoluxmada növbəti antirekord-2597 – DAHA 23 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir