Azərbaycan İspaniyanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir – XIN

Azərbaycan Respublikası İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.

Etikxeber.az xəbər verir ki, bunu  Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O deyib:

“Mövcud vəziyyətin İspaniya Krallığının Konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıyıq. Xalqın və mərkəzi hakimiyyətin iradəsinə zidd olaraq İspaniyanın Konstitusiyası və qanunlarının pozulması ilə müşayiət olunan ölkənin ərazi bütövlüyünün birtərəfli pozulması cəhdləri qəbuledilməzdir”.

H. Hacıyev bildirib ki, Azərbaycan Respublikası artıq 30 ilə yaxındır bundan əziyyət çəkir. 1980-ci illərin sonlarında ermənilərin Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətində (DQMV) başladığı separatizm həmin dövr SSRİ konstitusiyası və Azərbaycan SSR qanunlarının kobud pozulması ilə müşayiət olunurdu. Bu xüsusda DQMV-də köklü Azərbaycan əhalisinin etnik təmizlənməsi, onlara qarşı zorakılıq və terror əməllərinin törədilməsindən sonra Azərbaycan xalqının iradəsinə zidd olaraq 1991-ci il dekabrın 10-da Dağlıq Qarabağın yalnız erməni icmasının iştirakı ilə regionun müstəqilliyi haqda qanunsuz və qeyri-legitim referendum keçirildi. Azərbaycanın və Ermənistanın SSRİ-nin dağılmasından sonra müstəqillik əldə etməsi ilə Ermənistan Azərbaycana qarşı açıq müharibəyə başladı və Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etdi və işğal edilmiş ərazilərdə köklü Azərbaycan əhalisinə qarşı etnik təmizləmə törətdi. Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı hələ də davam edir.

Etikxeber.az

Read Previous

“Bu xalq bu biganəliklə Mirzə Fətəliyə, Mirzə Cəlilə, Sabirə, Haqverdiyevə möhtac olacaq…” – DEPUTAT YAZIR

Read Next

Iki boksçumuz Avropa çempionatının finalında mübarizə aparacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir