“Azərbaycan Ordusu sonacan gedəcək, torpaqlarımızı son qarışınacan azad edəcək”-ELDAR İBRAHİMOV BMT-YƏ, ATƏT-Ə, HƏMSƏDRLƏRƏ SƏSLƏNDİ, ONLARI KƏSKİN ŞƏKİLDƏ İTTİHAM ETDİ

Qarabağ fitnəkarlığı başlayandan bu günə kimi, yəni, 32 il ərzində cəzasız qalan işğalçı və təcavüzkar Ermənistan yenidən qanlı təxribata əl atdı.

Dünən səhər saatlarından düşmənin növbəti təxribatı və fitnəkarlığı nəticəsində atəşkəs rejimi tam pozuldu, nəticədə Azərbaycan Silahlı Qüvvələri bütün cəbhə boyu əks-hücum əməliyyatına başladı və bu əməliyyat, torpaqlarımızın azad olunması uğrunda döyüşlər hələ də davam etməkdir.

Düzdür, yaralılarımız, şəhidlərimiz var, Allahdan Şəhidlərimizə rəhmət diləyir, yaralılarımıza isə şəfa arzulayırıq, amma ermənilərin, Ermənistanın itkiləri daha – qat-qat çoxdur, düşmənə müzəffər Ordumuz tərəfindən böyük itkilər verdirilməkdə, yaşadılmaqdadır.

Artıq Füzuli və Cəbrayıl rayonlarında bir neçə kəndimiz, o cümlədən, Goraboy istiqamətində-Murov dağı silsiləsindəki Murov zirvəsi, Talış kəndi istiqamətindəki yüksəkliklər işğaldan azad edilmiş, nəzarətə götürülmüşdür.

Bunlar dövlətimizin, Ordumuzun böyük uğurları, şücaəti, rəşadətidir.

Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan xalqına müraciətində və Təhlükəsizlik Şurasının iclasında bəyan etdiyi kimi, əks-hücüm, əks-həmlə əməliyyatı bundan sonra da davam etdiriləcək və torpaqlarımızın işğalına son qoyulacaqdır. Biz Zəfər qazanacağıq, Qarabağ Azərbaycandır və Azərbaycanın olacaq.

Hər birimiz də dövlətimizə, dövlət başçımıza, Ali Baş Komandanımıza, Ordumuza inanır, güvənir və etimad edirik. Xalq, cəmiyyət olaraq, Alİ Baş Komandanımızın, Ordumuzun arxasındayıq, hamımız bir nəfər kimi, döyüşlərə atıımağa, vətən uğrunda canımızdan keçməyə hazırıq.Çünki bu vətən hamımızındır.

Bununla belə, fürsətdən istifadə edib dünya birliyinin, beynəlxalq təşkilatların, münaqişənin həllində vasitəçilik missiyasının üzərinə götürən ATƏT-in, onun Minsk qrupunun, həmsədr dövlətlərin, BMT-nin, həmçinin, bəzi ölkələrin münaqişəyə və son iki gündə baş verənlərə münasibətinə toxunmaq istəyirəm.

BMT baş katibi, həmsədrlər, həmsədr dövlətlərin başçıları-Makron, Tramp, Rusiyanın xarici işlər naziri və digərləri Azərbaycanı təcili atəşkəsə, danışıqları davam etdirməyə səsləyirlər.

Hansı ki, məhz bu qurumların, BMT-nin, ATƏT-in, Minsk qrupunun, həmsədrlərin günahı, məsuliyyətsizliyi, fəaliyyətsizliyi üzündən Qarabağ münaqişəsi bu həddə gəlib çatıb.

27 ildir ki, BMT Təhlükəsizlik Şurası münaqişənin həlli ilə bağlı 4 qətnamə qəbul edilib, amma bu günə kimi, onların birinin də icrasına nail ola bilməyib, əslində, buna cəhd göstərməyib.

ATƏT-in Minsk qrupu 28 ildir fəaliyyət göstərir, üç ölkə-Rusiya, Fransa və ABŞ 23 ildir Minsk qrupunun həmsədrləridir.

Ancaq bu illər ərzində bir dəfə olsun belə, obyektiv, ədalətli mövqe, yanaşma ortaya qoymayıblar, bir dəfə olsun belə, təcavüzkarı-Ermənistanı təcavüzkarlıqdan, işğalçılıqdan çəkinməyə yönəlmiş addlmlar atmayıb, sanksiyalar tətbiq etməyiblər.

Hansı ki, hər birinin Ermənistana təsir və təzyiq göstərmək, onu cəzalandırmaq, işğaldan çəkindirmək üçün kifayət qədər imkanları var, imkanları yetərincədir.

Amma onlar bu gücə, təsirə malik olduqları halda, bir dəfə olsun belə, Ermənistana təzyiq, təsir göstərməyiblər, əksinə, bir çox hallarda onu növbəti təxribata, işğala iştahalandırıb, həvəsləndiriblər.

Rusiya tərəfindən Ermənistanın silahlandırılması buna misaldır. Və yaxud, digər həmsədr ölkə Fransa bu illər ərzində, eləcə də, tarixən açıq-aşkar erməni və Ermənistanpərəstliyi ilə seçilib. Hər zaman açıq və gizli şəkildə Ermənistana dəstəyini nümayiş etdirib.

Belə olan halda, indi onların tələm-tələsik bəyanatlar verməsi, Azərbaycana, Azərbaycan Prezidentə çağırış və zəng etməsi, “narahatçılıqlarını” bildirməsi nə dərəcədə səmimi və düzgündür?

Niyə onlar məhz Azərbaycan dövləti, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə, əks-hücum əməliyyatlarına başlayanda narahat olur, atəşkəsdən, danışıqlardan dəm vururlar?

Niyə Ermənistanın qanlı fitnəkar və təxribatçılıq hərəkətlərinə, cinayətlərinə səssiz qalır, onları görməzdən gəlirlər?

Axı, münaqişəni həll etmək, sülhə nail olmaq, Ermənistanı işğaldan çəkindirmək və sülhə məcbur etmək onların birbaşa borcu, vəzifəsi və missiyasıdır?!

Niyə bu illərdə vəzifələrini, borclarını yerinə yetirməyiblər? Onlara nə mane olub?

Odur ki, indi onların çağırışlarını heç cür səmimi, düzgün, obyektiv hesab etmək olmaz və olmur.

Onların niyyəti yalnız və yalnız Ermənistanı acı, biabırçı məğlubiyyətdən qurtarmaq, yayındırmaq, münaqişənin həllini növbətə dəfə və daha uzun müddətə uzatmaqdır.

Amma bu dəfə belə olmayacaq: Azərbaycan dəfələrlə öz xəbərdarlıqlarını etdi, amma hamısı-Ermənistan da, həmsədrlər də, ATƏT də, BMT də, digərləri də bunları qulaqardına vurdu, nəticə çıxarmadı, ona görə də Azərbaycan sonacan gedəcək, torpaqlarını son qarışınacan azad edəcək.

Bu, bizim haqımızdır, hüququmuzdur.

Heç kim bu hüququ bizimdən əlimizdən ala bilməz və bilməyəcək.

Üçrəngli bayrağımız çox tezliklə Azərbaycanın bütün guşələrində dalğalanacaq, dalğalandırılacaq. Bu, birmənalıdır!

Eldar İBRAHİMOV,

Milli Məclisin (MM) İntizam komissiyasının sədri

Etikxeber.az

Read Previous

Səfərbərliyə kimlər cəlb olunacaqlar? – DÖVLƏT XİDMƏTİ AÇIQLADI

Read Next

“Ermənistanın hərbi komandanlığı öz əsgərlərinə qarşı silah tətbiq edilməsi əmrini verib”-VAQİF DƏRGAHLI – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir