“Azərbaycan-Tükiyə həmrəyliyi, birgəliyi nəticəsində həm terrorun kökü birdəfəlik qurudulacaq, həm də Ermənistanın, onun havadarlarının Qarabağ işğalına son qoyulacaq”-JALƏ ƏLİYEVA SON GÜNLƏRİN GƏLİŞMƏLƏRİN YAZDI

“Bir millət, iki dövlət”-Azərbaycan və Türkiyə…

Bu gün dünyada ikinci bir nümunə, analoq tapmaq olmaz ki, iki dövlət bir-birinə bu qədər yaxın, sıx, bağlı olsun…Çünki, bu, təsadüfi deyil…

Bu, sırf qan, kök, soy bağlılığıdır…Dilimiz, dinimiz, ruhumuz, qanımız, canımız birdir…

Türkiyənin sevinci bizim sevincimiz, Türkiyənin kədəri bizim kədərimizdir, bizim kədərimiz Türkiyənin kədədri, bizim sevincimiz Türkiyənin sevincidir…

Bu, keçmişdə də belə olub, dünən də belə olub, bu gün də belədir, sabah da belə olacaq…

Kimsənin ötən dönəmlərdə bu birliyi, bu sarsılmazlığı poza bilmədiyi kimi, bundan sonra da heç bir gücün, qüvvənin bu vəhdəti, bu birgəliyi pozması, sarsıtması mümkün olmayacaq…Necə ki, Çar Rusiyası, 71 illik sovet boyunduruğu bu birliyi, ruh, kök bağlılığını sarsıda, məhvərindən oynada bilmədi…

Ona görə də yenidən buna cəhd edən qüvvələr, minbir fitnə-fəsad ilə öz məkrli niyyətlərinə, amaclarına çata biləcəklərini düşünənlər, öz murdar əməllərindən əl çəksələr yaxşı olar…Atalar məsəlimizdə də deyildiyi kimi, dəyirman öz işindədir, çax-çax baş ağrıdır və ağrıdacaq/

Üstümüzə, üzərimizə nə qədər çox gələcəklərsə, bizlər bir o qədər güclənəcəyik, bizlər bir millət-iki dövlət olaraq, daha da qüvvətlənəcəyik, daha da sıx tellərlə bir-birimizə bağlanacaq, kənətlənəcəyik.

Heç kim üçün də sirr deyil ki, Azərbaycan-Türkiyə qardaşlığı, Azərbaycan-Türkiyə dostluğu, əməkdaşlığı, müttəfiqliyi 1993-cü ilin iyunundan, Ulu Öndərimizin ikinci dəfə hakimiyyətə gəlməsindən, o cümlədən, Ümummilli Liderimizin yolunu və siyasətini uğurla, layiqincə davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyət estafetini qəbul etməsindən, eləcə də, sayın Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Baş naziri və cümhurbaşqanı seçilməsindən sonra daha da güclənmiş, möhkəmlənmiş, sıxlaşmış, yeni boyut almışdır.

Həm dövlətlərimiz, xalqlarımız arasında qardaşlıq, dostluq, müttəfiqlik münasibətləri ən üst səviyyələrə qalxmış, həm də liderlərimiz arasında dostluq və qardaşlıq münasibətləri hər kəs üçün nümunəyə çevrilmişdir. Bu gözəl, üst səviyyədə olan münasibətlərin nəticəsidir ki, bu gün həm Azərbaycan, həm də Türkiyə nəinki yerləşdikləri coğragiyanın, bütövlükdə dünyanın əsas güc mərkəzlərindən, söz-nüfuz sahiblərindən birinə çevrilmişdir.

Bu iki ölkənin birgə razılığı və iştirakı olmadan bu bölgədə, bu çoğrafiyada heç bir beynəlxalq və regional layihə həyata keçirilə, icra edilə bilmir və bilməyəcək. Son illər icra edilən, həyata vəsiqə alan layihələr, o cümlədən, ikinci qan damarı kimi xarakterizə edilən TANAP da məhz bu birgə qərarlılığın, bu birgəliyin, bu birgə əməkdaşlığın, qardaşlığın təzahürüdür.

Hər iki dövlət eyni zamanda, bütün arenalarda, bütün platformalarda, bütün beynəlxalq və regional təşkilatlarda bütün məsələlərdə eyni mövqedən çıxış etməkdə, vahid mövqe sərgiləməkdədir. Azərbaycan Türkiyənin terrorizmə qarşı mübarizəsində hər daim qardaş ölkənin yanındadır, onun bütün addımlarını qeyd-şərtsiz, birmənalı dəstəkləyir, Türkiyə də Qarabağ məsələsində daim Azərbaycanın mövqeyindən çıxış edir, münaqişənin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini önə çəkir, bunda təkid edir.

Təsadefi deyil ki, bugünlərdə Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində növbəti erməni təxribatı nəticəsində yaranan gərginlik zamanı ilk haqq, etiraz səsini ucaldan, Azərbaycanı birmənalı dəstəkləyən, bir daha bütün addımlarında onun yanında olduğunu və olacağını bildirən məhz qardaş Türkiyə, onun cümhurbaşqsnı, Xarci İşlər Nazirliyi və xarici işlər naziri, Böyük Millət Məclisi, Türk xalqı oldu…Dünya bununla bir daha mesaj almış oldu ki, Türkiyə-Azərbaycan, Azərbaycan-Türkiyə vəhdəti, birgəliyi sözdə deyil, əməldədir.

Son bir neçə gündə yaşananlar isə Azərbaycan-Türkiyə qardaşlığında yeni, növbəti parlaq, könül oxşayan, qəlblərə rahatlıq, huzur gətirən, gələcəyə inam yaradan addımlardır…Bir gün ərzində Azərbaycan Xarici işlər və Müdafiə nazirlərinin Türkiyəyə səfər etməsi, yüksək səviyyəli görüşlər keçirməsi, xüsusilə, hər iki nazirin sayın Ərdoğan tərəfindən qəbul edilməsi, o cümlədən, Türkiyə Silahlı Qüvvələrinin əsgər və zabitlərinin Azərbaycan gəlməsi, növbəti birgə hərbi təlimlər reallaşdırması, bununla düşmənə və onun havadarlarına gözdağı verməsi, eləcə də, Türkiyənin Milli Müdafiə naziri sayın Hulusi Akarın başçılığı ilə yüksək səviyyəli hərbi nümayəndə heyətinin Azərbaycana səfər etməsi, ölkə Prezidenti, Ali Baş Komandan ilə görüşməsi hər birimizi qürurlandır, hər birimizdə iftixar və fəxarət hissi doğurur…Bunlar sözlə ifadəsi mümkün olmayan gözəlliklər, yaşantılardır.

Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən dövlət başçımızın söylədiyi fikirlər bir daha deyilənlərin əyani təsdiqi və növbəti təcəssümü oldu.

Cənab Prezident dedi:

“Bir ay bundan öncə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi hücumu nəticəsində hərbçilərin və mülki şəxsin həlak olması bir daha göstərir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti davam edir. Bizi ilk və birmənalı şəkildə dəstəkləyən ölkə Türkiyə olmuşdur. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan, hörmətli cənab nazir, siz, Xarici İşlər naziri, digər vəzifəli şəxslər bir neçə dəfə çox kəskin və ciddi açıqlamalar vermisiniz ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və hər zaman Azərbaycanla bir yerdə olacaqdır. Bu, bizi daha da ruhlandırır və yenə də bizim bir-birimizə nə qədər yaxın olduğumuzu göstərir…”.

Həmçinin, belə bir əminlik ifadə olundu k, bizim qardaşlarımız – Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti bu günlər ərzində Azərbaycanda olarkən özləri də gördülər ki, onlar burada öz Vətənindədirlər. Və onlar Türkiyəyə döndükdən sonra da o xatirələri öz qəlblərində saxlayacaqlar.

Eyni zamanda, sayın Akarın dediyi kimi, həqiqətən bir millət, iki dövlətik, bunu ən kiçik fərdə qədər hər kəs bilir. Xüsusilə, Türkiyədə 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür.

Daha sonra “Buradakı dostlarımıza da dedik, Azərbaycan tək deyil. Bunu hər kəs bilsin. Biz bərabərik, birik, bir millətik. Biz sülhün, sabitliyin tərəfdarıyıq. Təkcə ölkələrimizin təhlükəsizliyi, əmin-amanlığı mənasında deyil, bütün Qafqazın, bütün bölgənin sülh və əmin-amanlıq içərisində olmasının tərəfdarıyıq. Digər tərəfdən, haqqımızın, hüququmuzun, mənafelərimizin də tapdalanmasına imkan verməyəcəyimizi, bunların qorunması üçün lazım olan nə varsa edəcəyimizi hamının bilməsini istəyirik”-deyən Akar bir daha qətiyyətli və birmənalı şəkildə bildirdi və dünyaya mesaj vermiş oldu ki, Azərbaycan-Türkiyə, Türkiyə-Azərbaycan birliyi heç zaman pozulmayacaq.

Bəli, elə hesab edirəm ki, bütün deyilməli məqamlar hamısı hər iki nitqdə, hər iki çıxışda öz dəqiq əksini, təsbitini tapıb və buna hansısa əlavələr etməyə də lüzum, ehtiyac qalmır.

Bunlar bir daha hər birimizdə qəti əminlik yaradır ki, Azərbaycan-Tükiyə həmrəyliyi, birgəliyi nəticəsində həm terrorun kökü birdəfəlik qurudulacaq, həm də Ermənistanın, onun havadarlarının Qarabağ işğalına birdəfəlik son qoyulacaq.

Türkiyə-Azərbaycan, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, müttəfiqliyi hələ çox qələbələrə, zəfərlərə öz əbədi imzasını atacaq.

Yaşasın, qardaşlığımız, yaşasın, dostluğumuz, yaşanın birgəliyimiz!

16:44, 21:38

Jalə ƏLİYEVA,

Millət vəkili, professor

Etikxeber.az

Read Previous

Eldar Həsənov haqqında-4 AYLIQ HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLDİ – YENİLƏNİB

Read Next

Karantin rejimində növbəti nisbi-YUMŞALMA – AMMA RAYONLARA GEDİŞ-GƏLİŞƏ YENƏ İCAZƏ VERİLMƏDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir