Azərbaycanın diplomatik nümayəndəlikləri koronavirusun geniş yayıldığı ölkələrdə də fəaliyyətlərini davam etdirir-PREZİDENTİN KÖMƏKÇİSİ

Koronavirusun geniş yayıldığı ölkələrin hər birində Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin rəhbərləri, səfirlər, baş konsullar, səfirliklərin və baş konsulluqların işçiləri və onların ailə üzvləri fəaliyyətlərini davam etdirirlər.

Etikxeber.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

“Bildiyimiz kimi, koronavirus Çində başladı. Çin Xalq Respublikasında Azərbaycan Respublikasının səfirliyi bu günə qədər də tam tərkibdə fəaliyyət göstərir. Ölkə başçısının tapşırığına əsasən diplomatik nümayəndəliklərimiz Cənubi Koreyada, İranda, İtaliyada və virusun genişmiqyaslı yayıldığı digər ölkələrdə qalmalı, fəaliyyətlərini davam etdirməli, bütün zəruri hallarda Azərbaycan vətəndaşlarına xidmət və kömək göstərməlidirlər. Hazırda Xarici İşlər Nazirliyində operativ qərargah fəaliyyət göstərir. Xarici ölkələrdə olan və Azərbaycana qayıtmaq istəyən vətəndaşların müraciətləri səfirliklər vasitəsilə XİN tərəfindən toplanılır və müvafiq məlumat bazasında yığılır.

Bundan sonra Prezident Administrasiyasına, Nazirlər Kabineti yanında Operativ Qərargaha bu barədə məlumat verilir. Ölkələr üzrə rəqəmlər fərqlidir. Bəzi vətəndaşlar səfirliklərdə konsulluq qeydiyyatında olmayıblar. Onların yenidən konsulluq qeydiyyatına alınması prosesi aparılır. Azyaşlı uşaqlarla olan qadınlar, ailələr, xəstələr, tibbi yardıma ehtiyacı olan və digər bu kateqoriyadan olan insanlar var ki, ilk növbədə, onlar prioritetləşdirilib. Hazırda rəqəmlərin toplanması və ölkələr üzrə prioritetləşdirilməsi davam edir. Həmçinin potensial uçuş icazələri üçün nəzərdə tutula biləcək və həmin ölkələr tərəfindən irəli sürülə bilinəcək tələblər də nəzərə alınaraq məsələ konkret qrafikə salınır” – deyə, H.Hacıyev qeyd edib.

Etikxeber.az

Read Previous

65 yaşdan yuxarı tənha yaşayan şəxslərə evlərində sosial xidmətlər göstəriləcək – RƏSMİ

Read Next

“Dünya yeni-yeni sürprizlərlə üz-üzə dayana bilər…”-ADİL QEYBULLA YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir