“Qarabağ savaşını bitirməmişik və belə festivallara çox böyük ehtiyacımız var” – NURİYYƏ HÜSEYNOVA MİLLİ YAYLAQ FESTİVALINDAN BÖYÜK TƏƏSSÜRATLARLA QAYIDIB – FOTOLAR

Əməkdar artist: Bizim hələ qələbəmiz olmayıb. Bizim Qarabağ savaşımız var. Şəhidlər Xiyabanında uyuyan  hərçilərimizin, əsgərlərimizin ruhu qarşısında biz hələ bir şeylər etməmişik. Hər bir insan, mənə elə gəlir ki, öz işi ilə, peşəsi ilə, sənəti ilə savaşda hazır olmalıdır: musiqiçi də, hərbiçi də, həkim də, müəllim də, siyasətçi də…

İyulun 26-dan 28-dək Gədəbəy rayonunda Milli Yaylaq Festivalı keçirildi. Təbii ki, bu Festivalla bağlı təəssüratlarım çox böyükdür. Öncə xatırladım ki, mən hər zaman Hun türklərinin Macarıstanda keçirilən qurultayına qatılıram və orada da daim türkçülük, türkün tarixi, onun qədimliyi, mədəniyyəti, məşğuliyyəti, kökü, kimliyi, adət-ənənələri, musiqiləri, yeməyindən tutmuş əl işlərinəcən, yaradıcılıq, sənət və döyüş növlərinin hamısınacan – ox atma, nizə atma, atlarla yarışacan o tədbirdə əks olunur. Mən həmin tədbirdə  bunları görmüşəm və çox xoşuma gəlib. Həmişə düşünürdüm ki, bir gün olaydı belə bir tədbir Bakıda və ya Azərbaycanın hansısa bir rayonundasa keçiriləydi. Çünki bizim ölkəmizə də onu keçirmək yaraşır. Çünki biz də bir türkdilli dövlət olaraq əslində bunu etməliyik.

Bunu Etikxeber.az-a açıqlamasında tanınmış xanəndə, Əməkdar artist Nuriyyə Hüseynova deyib.

“Macarıstanda “Turan” təşkilatının rəhbəri Andraj Biro mənim  necə deyərlər, mənəvi qardaşımdır. Mən onun xətrini dünyalar qədər istəyirəm. Çünki onun da içində bir Azərbaycan sevdası var, çox böyük bir Turan sevgisi var, Turan sevdalı bir insandır. Hər iki ildən bir dəvət edirdi və çox istəyirdi ki, bu, Azərbaycanda da olsun. Və təbii ki, bu tədbirin – Milli Yaylaq Festivalının  bu şəkildə olacağından xəbərim olmadığı üçün onu dəvət etməmişdim, bilsəydim,  mən şəxsən özüm onu dəvət edərdim”-deyən Əməkdar artistin sözlərinə görə, Festivalın məğzinin, mənasının bu şəkildə olacağını bilməyib:

nuri-1

nuri-3

nuri-2

“Gedib görəndən sonra bildim ki, Macarıstanda keçirilən tədbirin bənzəri bir tədbirdir və bu, məni çox sevindirdi. İnşallah, Azərbaycanda gələn il bu Festival yenidən keçirilərsə, mən şəxsən özüm Andrajı dəvət etmək istəyirəm. İstəyirəm ki, o da belə bir Festivalın iştirakçısı olsun”.

Əməkdar artist Festival zamanı Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev və İcra Hakimiyyətinin əməkdaşları ilə görüşün olduğunu, söhbətlərin aparıldığını xatırladaraq, bildirib ki,  Festivalın baş tutmasında da onların əməyi, zəhməti çoxdur:

“Mən sizə deyim ki, İcra Hakimiyyətinin bütün işçiləri  orada-günəşin altında o qədər çalışıb işləmişdilər ki, onlar tanınmaz bir halda idilər. Yəni, neçə vaxt idi ki, bu tədbirin ərsəyə gəlməsi, tam təhlükəsizliyi, insanların sərbəst, rahat olması üçün canlarını qoymuşdular. Çox yüksək səviyyədə bu tədbiri təşkil etmişdilər.

Açığı deyim ki, mən orada çox kövrəldim. Çünki  Festivalda bizim bir millət olaraq kimliyimiz, tariximiz, qədimliyimiz, mədəniyyətimiz əks olunurdu. Rayonlardan, bölgələrdən sənətkarlar dəvət olunmuşdu, musiqiçilər gəlmişdi və bağlanış da, açılış da mənim ifalarımla oldu. “Çırpınırdı Qara dəniz”, “Azərbaycan bayrağı” mahnılarını ifa etdim. Oradan çox böyük təəssüratlarla gəlmişəm və mən o coşqunu, o milliliyi, o ruhu ki, orada gördüm,  ömrüm boyu onları unuda bilmərəm.

Həmçinin, Gədəbəyin icra başçısı və onun bütün komandası orada insanlarla  çox xoş rəftar idilər. Onlar da sanki oraya gələn insanlardan biri idi. Məmur, vəzifə adamı yox, sadəcə, bir insan gördüm. Bu, məni çox sevindirdi. Əslində belə də olmalıdır…”.

Tədbirin açılışına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanın da dəvət olunduğunu deyən N. Hüseynova bildirib ki, o da açılışda çıxış etdi, Azərbaycan, türk dünyası haqqında təəssüatlarını bölüşdü:

“Bu da məni bir insan, bir türk qızı olaraq, çox sevindirdi, məmnun etdi. Bu, Azərbaycan-Türkiyə qardaşlığının növbəti bir nümunəsi oldu”.

bilal erdo

“Bu Festivala məni dəvət etdikləri üçün Gədəbəy rayon İcra Hakimiyyətinə, icra başçısınsa, bizim çox hörmətli, çox dəyərli, vətənə, insanlara sevgisi ilə tanınan, kasıblara, kimsəsizlərə yardım əlini uzadan, hər zaman onların yanında olan çox səmimi, çox sadə və böyük ürək sahibi, mərhəmətli Yazgül Abıyevaya minnətdarlığımı bildirirəm. Mən Yazgül xanımın adını çəkməyə bilmərəm. Çünki onun istəyi ilə, onun dəvətilə, onun verdiyi təkliflə oraya dəvət olunmuşdum və gözəl də çıxışlarımız oldu. Mən öncəliklə  o tədbirdə iştirak etdiyim üçün Yazgül xanıma təşəkkür edirəm. Çünki mənim təqdimatımı Yazgül xanım vermişdi ki, Nuriyyə xanım əsl bu tədbirə layiqdir və yaraşır.

Mən də o tədbirdə sevə-sevə iştirak və çıxış etdim. Çünki mənim sevdiyim bir tədbir idi. Çoxdandan Bakıda, Azərbaycanda keçirilməsinin reallaşmasını səbrsizliklə gözləyən bir insan kimi, bir sənətkar kimi və bir vətəndaş kimi bu tədbir əsl mənim tədbirim idi. Bu cür  festivallar çox gözəldir, təbii ki, ölkəmizə gəlirlər, gedirlər. Təbii, biz də çalışırıq ki, yaxşı təəssüratlar olsun bizim millətimiz haqqında. Amma bir baxın əksər festivallarda milli ruh, milli düşüncə deyə bir şey yoxdur. Məhz bu tədbir milli düşüncənin daşıyıcısı idi, milli ruhun daşıyıcısı idi.

Bəli, millətimizin bu gün buna – belə festivallara çox böyük ehtiyacı var. Çünki bizim hələ qələbəmiz olmayıb. Bizim Qarabağ savaşımız var. Şəhidlər Xiyabanında uyuyan  hərçilərimizin, əsgərlərimizin ruhu qarşısında biz hələ bir şeylər etməmişik. Hər bir insan, mənə elə gəlir ki, öz işi ilə, peşəsi ilə, sənəti ilə savaşda hazır olmalıdır. Musiqiçi də, hərbiçi də, həkim də, müəllim də, siyasətçi də və sair və ilaxır. Bu gün bizə hələ ki, bu yaraşır. Milli ruh, milli düşüncə, o düşüncələri həyata keçirmək üçün belə tədbirlərin, belə festivalların bu gün önəmi çoxdur. Mən belə düşünürəm”-deyə, Əməkdar artist sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Prezidentin süni qiymət artımı ilə bağlı iradından ciddi nəticə çıxarılacaq” – DEPUTAT

Read Next

“Azərbaycanda dini durumda vəziyyət sabitdir” – MÜBARİZ QURBANLI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir