“Bu, artıq “qırmızı xətt”in keçilməsidir…”- JALƏ ƏLİYEVA HƏR KƏSƏ ÇAĞIRIŞ ETDİ

Azərbaycanda koronavirusa yoluxanların sayı ilk dəfə olaraq, 500-ü ötdü…

Bu, artıq necə deyərlər, “qırmızı xətt”in keçilməsidir, bu, çox təhlükəli və çox qorxulu bir göstəricidir…

Eyni zamanda, son 3-4 gündə ölüm hallarında artım var…Bu, artıq sözün bütün mənalarında hər birimizi düşündürməli və narahat etməlidir…

Heç kimə ağıl öyrətmək kimi, bir niyyətim yoxdur…Amma son günlərin narahatedici statistikası və dünənki 508 nəfərlik yoluxma artıq hamımızdan böyük məsuliyyət, qoyulan qaydalara, verilən qərarlara, karantin şərtlərinə birmənalı şəkildə və istinasız əməl olunmasını diqtə və tələb edir…

Artıq hər kəs bəlanın, təhlükənin nə qədər ciddi xarakter daşıdığını və böyük fəsadlara gətirib çıxara biləcəyini anlamalı və dərk etməlidir…

Heç kimin haqqı və ixtiyarı yoxdur ki, son 4 ay ərzində görülən işləri, atılan adımları bir andaca silsin, yenidən başa, sıfır nöqtəsinə qaytarsın…

Bu, yolverilməz və qəbuledilməzdir…Hər bir kəs kimliyindən, tuduğu mövqeyindən, daşıdığı vəzifəsindən asılı olmayaraq, xüsusi karantin rejiminin, o cümlədən, bazar günündən tətbiq edilmiş və hələlik 8 bölgəni əhatə etmiş sərtləşdirilmiş karantin rejiminin tələblərinə birmənalı əməl etməlidir…

Hər kəs bəhanələri bir kənara atıb, “inanmıram, yalandır, oyundur” kimi mənasız yanaşmaları, səfsəfələri bir qırağa qoyub, tibbi maskalardan və əlcəklərdən istifadə etməli, sosial məsafəni gözləməlidir…

Yeri gəldi, gəlmədi, hər fürsətdə çölə, bayıra, küçəyə çıxmamalıdır…Hər kəs həm özünü qorumalı, həm də başqalarının həyatını risqə ata biləcək addımlardan çəkinməlidir…

Etməyənlərlə də qanunun sərt dili və üzü ilə rəftar edilməlidir…Çünki başqa yol qoymurlar…

Çox təəssüflər olsun ki, çoxları yumşaldılma qərarlarından sui-istifaə etdi, məsuliyyətsizliyə yol verdi, həm özlərinin, həm də başqalarının həyatını təhlükə altına qoydular…Və nəticədə də məlum, ağrılı-acılı mənzərə yarandı…

Gəlin, aylardır ev-eşik üzü görməyən, balalarının üzünə həsrət qalan, həyatlarını risqə atan həkimlərimizi, tibb və səhiyyə işçilərimizi düşünək, onların nələr çəkdiyini, nələrə qatlaşdığını göz önünə gətirək…

Gəlin, bu dəhşətli bəla ilə çarpışan, çiling-ağac oynayan, can çəkişən insanlarımızı, xəstələrimizi göz önünə gətirək, özümüzü bir anlıq olsa belə, onların və yaxınlarının yerinə qoyaq…

Heç kimə bunu arzu etməzdim…Heç kəs də bunu arzu edə bilməz və buna səbəb olacaq addımlara da getməməlidir…

Azərbaycan dövləti, Azərbaycan səhiyyəsi bu gün ağır sınaqdan, ağır imtahandan keçir…

Dövlət vətəndaşlarının sağlamlığının təmin edilməsi və qorunması üçün hər bir addıma gedir, açılan xəstəxanlar, klinikalar və sair bunlara sübutdur…

Ona görə də gəlin, dövlətimizin, səhiyyəmizin yükünü ağırlaşdırmayaq, artırmayaq, əksinə, bu yükün azaldılması, çiyinlərdən götürülməsi üçün üzərimizə düşən vəzifələri yerinə yetirək, vətəndaş məsuliyyətimizi artıraq, ortaya qoyaq, milli həmrəylimizi ifadə edək…

Məhz bu zaman bacaracağıq və birlikdə xilas olacağıq!

Jalə ƏLİYEVA,

Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini

Etikxeber.az

Read Previous

“Övladlarımızı qorumaq üçün…”-RAQİF ALLAHVERDİNİN YAZISI

Read Next

MM-in sabahkı iclası-DEPUTATLAR BİR-BİRİNDƏN 2 METR ARALIDA ƏYLƏŞƏCƏK, TİBBİ MASKA VƏ ƏLCƏKLƏRDƏN İSTİFADƏ EDƏCƏKLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir