Bu layihələr birliyimizi daha da möhkəmləndirəcək… – DEPUTAT

Qazaxıstanın Aktau şəhərində avqustun 12-də önəmli hadisə baş verdi.

Xəzərin statusu ilə bağlı yekun konvensiya imzalandı. Konvensiyanı 5 Xəzər sahili ölkənin – Azərbaycanın, Rusiyanın, Qazaxıstanın, Türkmənistanın və İranın prezidentləri imzaladılar.

Bu nəticə asan başa gəlmədi. Xəzər sahili ölkələr təxminən 22 il danışıqlar apardılar. Nəhayət yekun nəticə qardaş Qazaxıstanda əldə olundu. Xəzərin statusunun müəyyənləşməsi hər Xəzəryanı dövlətin, o cümlədən Azərbaycanın maraqlarına cavab verir. Konvensiyaya görə, hər 5 dövlət Xəzər sahilindən 15 mil məsafəyə, həmçinin 10 mil məsafədə balıq tutma hüququna malik olacaq. Qalan hissə isə birgə istifadədə olacaq. Ancaq Konvensiyanın imzalanması dibin bölüşdürlməsi məsələsindən ayrı tutulur. Dibin bölüşdürülməsi ikitərəfli sazişlər əsasında müəyyənləşdirilir. Xəzərin statusunun müəyyənləşdirilməsi qədər dibin bölüşdürülməsi də Azərbaycan üçün vacibdir. Xəzərin dibinin bölüşdürülməsiylə bağlı Azərbaycanın Qazaxıstan və Rusiya ilə ikitərəfli sazişləri var. Konvensiya imzalanandan sonra Azərbaycan Türkmənistan və İranla da oxşar sazişlər imzalamalıdır.

Vaxtilə İran Xəzərin bərabər hissələrə bölünməsini istəyirdi. Ancaq bu beynəlxalq dəniz hüququna zidd olduğuna görə Xəzər sahili dövlətlərdən heç biri bu şərti qəbul etmədi. Xəzərin statusu ilə bağlı danışıqların bu qədər uzanması məhz İranın mövqeyi ilə bağlı idi. Nəhayət İranda anladılar ki, mövqeləri yanlışdır və geri çəkildilər. Bu baxımdan İran Xəzərin dibinin beynəlxalq hüquq normalarına görə bölüşdürülməsi məsələsində də Azərbaycanla razılığa gəlməlidir. ABŞ İrana qarşı sərt sanksiyalar tətbiq edir. ABŞ bu sanksiyaları İranla əməkdaşlıq edən ölkələrə və şirkətlərə qarşı da tətbiq etməyə hazırlaşır. Buna baxmayaraq, Azərbaycan İranla iqtisadi və ticarət əməkdaşlığından imtina etmir, İrana böyük yatırımlarımız var. Ona görə də İran bunun qarşılığında Xəzərin dibinin bölüşdürülməsi məsələsində dost adlandırdığı Azərbaycanla razılığa gəlməlidir.

xazar-ilya-4

Xəzərin dibinin bölüşdürülməsi Türkmənistanla da razılaşdırılmalıdır. Qardaş Türkmənistanla problem yaranacağını zənn etmirəm. Müvafiq saziş imzalandıqdan sonra isə Türkmənistan qazının Azərbaycan üzərindən qardaş Türkiyəyə, oradan da Avropaya daşınması aktuallaşacaq. Bunun üçün Xəzərin dibi ilə boru xətti (Transxəzər) çəkilməlidir. Qazaxıstanda imzalanan Konvensiya bu məsələnin həllini də yoluna qoyur. Boru xəttinin tikintisi bölgə ölkələrinə gəlir gətirməklə yanaşı Azərbaycanla Türkmənistan və ümumilikdə türk birliyini gücləndirəcək.

Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstana səfəri çərçivəsində qardaş ölkənin prezidenti Nursultan Nazarbayevlə çox məhsuldar görüş keçirdi. Xəzərin statusunun müəyyənləşməsi bölgə əməkdaşlığını genişləndirmək üçün yeni fürsətlər açır. Birinci növbədə Qazaxıstanla Azərbaycan arasında Xəzər üzərindən ticarət və mal daşımaçılığı artacaq. Təsadüfi deyil ki, Nursultan Nazabyavev İlham Əliyevlə görüşdə xüsusi vurğuladı ki, Qazaxıstan Çinlə sərhəddə yeni yollar salıb, bu yollar Xəzər sahilində yeni qurulan Kurık limanına qədər uzanacaq. Aktau yaxınlığında tikilən Kurık limanı Ələt limanına bənzəyir. Beləliklə iki qardaş liman İpək Yolunun bərpasında əsas rol oynayacaq. Çindən çıxan mallar Qazaxıstan, Azərbaycan və Türkiyə üzərindən Avropaya daşınacaq. Bu marşrut da türk birliyinin inkişafında əvəzsiz rol oynacayaq.

ilham-adil

Azərbaycan-Qazaxıstan Parlamentlərarası dostluq qrupunun rəhbəri kimi tez-tez qardaş Qazaxıstana səfər edirəm. Qazax rəsmilərlə, deputatlarla və soydaşlarımla çoxsaylı görüşlərdən gəldiyim qənaət budur ki, türk dünyasının aparıcı simaları olan ümumilli liderimiz, mərhum prezident Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin, o cümlədən Nursultan Nazarbayevin və Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın indiki birliyin formalaşmasında misilsiz xidmətləri var. Türk birliyi yalnız siyasi təmaslar və konfranslar deyil. Türk birliyi həm də bu gün ərsəyə gətirilən və dəyəri on milyardlarla dollar ölçülən regional layihələrdir. Bu layihələr birliyimizi daha da möhkəmləndirəcək.

Adil ƏLİYEV, 

Millət vəkili

Etikxeber.az

Read Previous

Vüsalə Mahirqızından Eynulla Fətullayevə CAVAB…

Read Next

Konvensiya Xəzəryanı ölkələrin əməkdaşlığını yeni müstəviyə çıxaracaq – MEHDİ ABDULLAYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir