“Bütün məsuliyyətli vətəndaşlar bu dəyişikliyi anlayışla qarşılayacaqlar…”-RAMİN MƏMMƏDOV

Koronavirus pandemiyası ilə mübarizəni gücləndirmək üçün əsas diqqəti insanlarda məsuliyyət hissinin artırılmasına yönəltməliyik. Bu halda daha səmərəli nəticə əldə edə bilərik. Çünki virusun yayılma sürəti və intensivliyi bunu zəruri edir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri  mətbuata açıqlamasında deputat Ramin Məmmədov deyib.

O, mətbuata açıqlamasında qeyd edib ki, COVID-19 virusunun yaratdığı mürəkkəb reallıqlar bütün dünyada olduğu kimi, Azərbaycanda da dövləti və cəmiyyəti çətin sınaq qarşısında qoyub. Xəstəliyin qarşısının alınması, virusa yoluxmuş vətəndaşların müalicəsi, pandemiya dövründə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, iqtisadiyyatda mümkün itkilərin azaldılması istiqamətində dövlətimiz kifayət qədər genişmiqyaslı tədbirlər həyata keçirir.

“Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Azərbaycan dövləti üçün ən vacib məsələ vətəndaşların sağlamlığının qorunmasıdır. Vaxtında atılmış addımlar, görülmüş kompleks tədbirlər olmasaydı, heç şübhəsiz, Azərbaycanda daha acınacaqlı statistikanın şahidi ola bilərdik. Bu baxımdan, hesab edirəm ki, görülən tədbirlər, tətbiq olunan karantin rejimi xəstəliyin yayılmasının qarşısını xeyli dərəcədə alıb” – deyə, deputat bildirib.

Azərbaycanın sürətlə inkişaf edən ölkə olduğunu, bunu cəmiyyətdə fəallığı, işgüzar dinamikanı şərtləndirən əsas amillərdən biri kimi dəyərləndirən R. Məmmədov sonra deyib:

“Bu mənada düşünürəm ki, ölkədə iqtisadi fəallığın yüksək olması da yoluxma sayının artmasında rol oynayıb. Başqa cür desək, Azərbaycan cəmiyyətində məşğulluq səviyyəsinin yüksək olması, iş yerlərinin çoxluğu, bir sözlə, iqtisadi fəallıq hesab edirəm ki, burada müəyyən dərəcədə təsirli amildir. Bu baxımdan, karantin rejiminin sərtləşdirilməsi vətəndaşların iqtisadi mənafeyinə, sosial durumuna mənfi təsir göstərir. Ona görə də biz məsuliyyət hissini gücləndirməyə daha çox önəm verməliyik. Hesab edirəm ki, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələrin miqdarının artırılması bu baxımdan səmərəli ola bilər”.

Deputatın fikrincə, cərimələrin miqdarının artırılması təklifi vətəndaşları məsələyə daha diqqətli, ciddi və məsuliyyətlə yanaşmağa sövq etmək məqsədi daşıyır:

“İnanıram ki, bütün məsuliyyətli vətəndaşlar bu dəyişikliyi anlayışla qarşılayacaqlar”.

21:30, 26 iyun

Etikxeber.az

Read Previous

“Ordumuz hərəkətə keçməlidir….”-FƏZAİL AĞAMALI

Read Next

“Əgər onların ağlı, gücü, dərrakəsi yetərsə, artıq düşmənçilik və təcavüzkarlıq siyasətindən yavaş-yavaş imtina edib hər iki ölkə ilə münasibətləri normallaşdırmaq xəttini tutarlar…”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir