“Cinayətkar Sarkisyan müstəqil mövqeyə, müstəqil fikrə malik şəxs deyil”

Jalə Əliyeva: “O, daim havadarlarının sözləri ilə oturub-durur, hərəkət edir”

“İşğalçı və təcavüzkar Ermənistanın əliqanlı, cinayətkar prezidenti Serj Sarkisyan müstəqil siyasət yeritməyi, danışıqlarda öz sözünü deməyi bacarmayan bir şəxsdir”.

tahirr

Bunu Etikxeber.az-a açıqlamasında  millət vəkili Tahir Rzayev Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədəki görüşünə və işğalçı dövlətin rəhbərinin danışıqlar zamanı əldə olunan razılaşmanı pozmasına münasibət bildirərkən deyib.  Millət vəkili bildirib ki, S. Sarkisyan daim himayədarlarının və havadarlarının fikirləri ilə hərəkət edib və sona qədər də belə olacaq. Onun sözlərinə görə,  Sarkisyanın yalanları, sözünü tutmaması birinci hal deyil, bu, əvvəllər də olub:

“Çünki o öz fikri ilə deyil, başqasının diktəsi ilə danışır. Çünki o bir dövlət rəhbəri kimi tanınmır. Hamımız bilirik ki, bu gün Ermənistanı kim himayə edir, Ermənistanın himayəçisi kimdir və Ermənistan-Azərbaycan münaqişəsinin həllinə mane olan kimdir. Sarkisyan ikilikdə olanda bəzi sayaqlamalar edə bilir. Amma görüşdən sonra onun havadarları ona bildirirlər ki, düzgün danışmamısan. O da vəziyyətdən çıxmaq üçün başqa bəyanatlar verir. Əvvəlki görüşlərdə də Sarkisyan belə olub. Gah görüşdə ürəyi gedir, gah özünü pis hiss edir. Sarkisyanın prezident kimi şəxsi fikri yoxdur, daim idarə olunur. Ona görə də buna təbii baxmaq lazımdır”.

jala

Millət vəkili Jalə Əliyeva da hesab edir ki, S. Sarkisyan müstəqil fikrə, müstəqil mövqeyə malik şəxs deyil və daim havadarlarının sözləri ilə oturub-durur, hərəkət edir. O, eyni zamanda qeyd edib ki, əgər Cenevrə görüşündə yenə işğalçı ilə işğala məruz qalan fərqləndirilmirsə, özgə torpağında olan qoşunların çıxarılması barədə söz deyilmirsə, deməli, həmin görüşün konkret nəticəsi yoxdur. “Yenə ATƏT-in həmsədr dövlətləri, həmsədrlər özlərinə məxsus ifadələr işlətməklə bu görüşə qiymət verəcək, yeni görüşlərin vacibliyi barədə fikirlər səsləndiriləcək və növbəti görüşdə bu məsələnin bir daha müzakirə ediləcəyi bildiriləcək”-deyən millət vəkilinin bildirdiyinə görə, bunlar hamısı bizim indiyə qədər eşitdiyimiz ümumi fikirlərdir:

“Bütün bunlar ATƏT-in dırnaqarası fəaliyyətinin göz qabağında olan elementləridir. Yuxarıda da qeyd etdiyim kimi, əgər görüşdə yenə işğalçı ilə işğala məruz qalan fərqləndirilmirsə, özgə torpağında olan qoşunların çıxarılması barədə söz deyilmirsə, BMT-nin məlum 4 qətnaməsinin icrası ilə bağlı konkret addımlar atılmırsa, yaxın müddətdə hansısa tədbirlərin görüləcəyi barədə açıqlamalar verilmirsə, tərəflər öz üzərilərinə öhdəliklər götürmürsə və ATƏT bu öhdəliklərin yerinə yetirilməsinə necə nəzarət ediləcəyini söyləmirsə, deməli, həmin görüşün konkret nəticəsi yoxdur”. Deputat həmçinin bildirib ki, Ermənistan status-kvonu qoruyub saxlamaq üçün danışıqlar prosesində guya iştirak edir: “Aprel hadisələri olmasaydı, Ermənistan prezidenti heç görüşə gəlməyəcəkdi. Demək, qorxusundan, Azərbaycanın qətiyyətindən və gücündən gəldi. Azərbaycan tərəfi isə öz prinsipial mövqeyindən geri çəkilən deyil. Azərbaycan Prezidentinin də dəfələrlə bəyan etdiyi kimi, torpaq, ərazi bütövlüyü məsələsində heç bir güzəşt ola bilməz və olmayacaq. Eyni zamanda, Azərbaycan dövləti və xalqı işğal faktı ilə barışmayıb və heç zaman da barışmayacaq. Bunu “vasitəçilik missiyası” ilə məşğul olanlar da, işğalçı dövlətin siyasi dairələri də, onlara havadarlıq edənlər də yaxşı bilsinlər və qulaqlarına sırğa etsinlər”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Əliyev Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası nümayəndə heyətini qəbul etdi

Read Next

Prezident Polşanın xarici işlər nazirini qəbul etdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir