“Əndazədən çıxan toylarımız insanları sevindirmək əvəzinə…” – MİLLƏT VƏKİLİ

Tahir RZAYEV: “Qızının toyuna xaricdən müğənni gətirilməməsinə, toyda məşhur bir müğənninin oxumamasına, yaxud, qızın və ya oğlanın qohumlarının toyda yaxşı pul xərcləmədiklərinə, gəlin maşınının münasib olmadığına görə toydan az müddət sonra dağılan gənc ailələri görmüşəm. Bu, dəhşətdir, bədbəxtlikdir, nadanlıqdır”

Toy xalqımızın ən gözəl adətlərindən biridir. O, xoşbəxtlik, sevinc, birlik, səadət rəmzidir. Yeni bir ailənin təməlinin qoyulması valideynlər üçün nə qədər sevindiricidirsə, cəmiyyət üçün də o qədər faydalıdır. Çünki yeni ailə, yeni nəsil deməkdir. Məhz buna görə də toya xeyirxah ənənə, ailə quranlara xoşbəxt varlıq kimi baxmaq, bu günlərdə insanları sevindirmək, şadlandırmaq, bəylə gəlini gələcəyə ümidləndirmək, onlara dəstək olmaq lazımdır.

Bunu Etikxeber.az-a açıqlamasında şair, millət vəkili Tahir Rzayev deyib.

“Toy müvəqqəti, ailə isə daimidir”

Millət vəkilinin dediyinə görə, toya gəlir mənbəyi, özünün varını, dövlətini, vəzifəsini təbliğ etmək, bəhsə girmək, güc göstərmək, süni təmtəraq, bayağı əyləncə, hay-küy, şou vasitəsi kimi baxmaq yolverilməzdir.

O, qeyd edib ki, toyun təmtəraqlı, həddindən artıq pul xərcləməklə keçirilməsinin iki gəncin gələcək həyatı üçün heç bir əhəmiyyəti yoxdur.

“Toy müvəqqəti, ailə isə daimidir.

O, iki gəncin səmimiyyətindən, məhəbbətindən, münasibətindən qaynaqlanır, möhkəmlənir və arzularına qovuşur. Çox təəssüflər olsun ki, bu gün ailə səadətini təmtəraqlı toylarda, bahalı maşınlarda, evlərdə, villalarda görmək istəyənlər az deyil. Əndazədən çıxan toylarımız insanları sevindirmək, gəncləri qovuşdurmaq, ailələrə xoşbəxtlik gətirmək əvəzinə, əksinə bir çox hallarda bədbəxtliklərə səbəb olur.

 “Mən övladıma bahalı şadlıq evində toy edəcəyəm, qiymətli cehizlər verəcəyəm, düşmənimin gözünü çıxararaq xaricdən müğənnilər dəvət edəcəyəm” fikrində olanlar çox vaxt öz ailə büdcələrini lazımi dərəcədə nəzərə almır, “qonşudan geri qalmayım” fikrini üstün tuturlar. Çəkə bilmədikləri yükün altına girərək toy etməklə külli-miqdarda ziyana düşürlər. Sonradan maşınını, evini satmaqla borc pul götürməyə məcbur olanlar da var. Sözsüz ki, bundan ailə quran gənclər daha çox ziyan çəkirlər.

Elə buradan da istər valideynlər, istərsə də gənclər arasında narazılıqlar başlayır, qohumlar bir-birilərini ittiham edirlər. Qohumların, toya gəlməyənlərin, restoran sahiblərinin qarasınca gileylənirlər.

Mən qızının toyuna xaricdən müğənni gətirilməməsinə, toyda məşhur bir müğənninin oxumamasına, yaxud, ləziz yeməklər verilməməsinə, qızın və ya oğlanın qohumlarının toyda yaxşı pul xərcləmədiklərinə, gəlin maşınının münasib olmadığına görə toydan az müddət sonra dağılan gənc ailələri görmüşəm. Əlbəttə, bu, dəhşətdir, bədbəxtlikdir, nadanlıqdır.  Vətənimiz, torpağımız, adət-ənənələrimiz, mənəviyyatımız zəngin və gözəl olduğu kimi, toylarımız da görəl olmalıdır, sanballı keçməlidir.

 O, öz dəyərlərini qorumalı, yamaq götürməməlidir. İki gəncin səadətinə valideynlərin, qohum-qardaşın sevincinə, cəmiyyətin dayaqlarının möhkəmlənməsinə hesablanmalıdır. Biz bu mövqedən çıxış edənlərin hər birinin təşəbbüsünə dəstək verməliyik.

Yaxşı vərdişlərimizi qoruyub yaşatmalıyıq, inkişaf etdirməliyik…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“KamAZ” iki tələbəni vuraraq öldürdü – BAKIDA – VİDEO

Read Next

Çempionlar Liqası: qrup mərhələsinin 6-cı turunun oyunları – NƏTİCƏLƏR – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir