Dövlətə xidmət nümunəsi

Uzun müddət ölkənin mərkəzi hakimiyyət orqanlarında çalışanların yaxşı tanıdığı və hörmət etdiyi təcrübəli dövlət məmuru Şamil Hüseynovun bu günlər 65 yaşı tamam olur.

İxtisasca tikinti mühəndisi və politoloq olan Şamil müəllim 42 ildən artıqdır ki, ölkənin siyasi və dövlət hakimiyyəti orqanlarında çalışır.

O, əmək fəaliyyətinə 1972-ci ildə, institutda əyani təhsil aldığı dövrdə, gənclər ittifaqı komitəsinin katibi kimi başlamış, ali məktəbin ictimai həyatında fəal olmuş, tələbə və professor-müəllim heyəti arasında dərin hörmət qazanmışdır. 1973-1974-cü illərdə Sənaye Tikinti Nazirliyi sistemində tikinti ustası, sex rəisinin müavini, dəmir-beton zavodu laboratoriyasının müdiri vəzifələrində çalışmışdır. Sonrakı illərdə Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsi Aparatında təlimatçı, şöbə müdiri olmuşdur.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1980-ci ilin əvvəlində Azərbaycan KP Mərkəzi Komitəsində yeni yaradılmış Kənd tikintisi və su təsərrüfatı şöbəsinə məsul vəzifəyə təyin olunmuşdur. Uzun müddət bu şöbədə çalışan Şamil müəllim respublika rəhbərliyi tərəfindən aqrar sektorun maddi-texniki bazasının möhkəmləndirilməsi, su və meliorasiya sektorunun inkişafı, kəndlərimizdə sosial və infrastruktur obyektlərinin tikintisi ilə bağlı qəbul edilən qərarların icrasında bilavasitə iştirak etmiş, nazirlik və digər dövlət orqanlarına verilən tapşırıqların icrasına nəzarəti həyata keçirmişdir. Sonrakı dövrdə o, Mərkəzi Aparatın təşkilati və kadr işi şöbəsinin məsul təşkilatçısı vəzifəsində işləmişdir.

Shamil Huseynov

Şamil Hüseynov 1989-1992-ci illərdə Neftçala rayon partiya komitəsinin birinci katibi, Neftçala rayon İcra hakimiyyətinin başçısı olmuşdur. 1992-1994-cü illər ərzində İqtisadiyyat Nazirliyi Aparatında baş iqtisadçı vəzifəsində çalışmışdır.

O, 1992-1993-cü illərdə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtmasını tələb və arzu edən, bunun üçün lazımi fəaliyyət göstərən ziyalılarla birlikdə fəaliyyət göstərmişdir.

Şamil Hüseynovun əmək fəaliyyətinin 26 ili Milli Məclislə bağlıdır. O, 1990-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, İqtisadiyyat məsələləri daimi komissiyasının üzvü olmuşdur. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin tövsiyəsi ilə deputat kimi Milli Məclisin Qaçqınlar və xaricdə yaşayan soydaşlarla əlaqə daimi komissiyasının üzvü seçilmişdir. Həmin komissiyanın tərkibində olduğu müddətdə qaçqın və məcburi köçkünlərin statusuna və 31 mart azərbaycanlıların soyqırımına dair qanunvericilik aktlarının, soydaşlarla bağlı təşkilatlanma sənədlərinin hazırlanmasında yaxından iştirak etmişdir.

1996-cı ildən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının ekspert-məsləhətçisi vəzifəsində işləmişdir. 2006-cı ildə Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin böyük məsləhətçisi vəzifəsinə keçirilmişdir. Hazırda Aparatın Təbii ehtiyatlar, energetika və ekologiya qanunvericiliyi ilə məşğul olan sektoruna rəhbərlik edir. Dövlət qulluğunun baş müşaviridir.

 Şamil Hüseynov respublikanın mərkəzi hakimiyyət orqanlarında işlədiyi və rayon rəhbəri olduğu illərdə iqtisadiyyat, tikinti, meliorasiya, su və kənd təsərrüfatı, ekologiya və sosial məsələlərlə bilavasitə məşğul olmuş, bu sahələrin inkişafına öz töhfəsini vermişdir.

Parlamentin üzvü olduğu dövrdə “Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı layihəsinin, “İqtisadi müstəqillik haqqında”, “Təbiəti mühafizə və təbiətdən istifadə haqqında”, “Müəssisələr haqqında”, “Aqrar islahatın əsasları haqqında” və digər qanunların hazırlanıb qəbul olunmasında yaxından iştirak etmişdir.

Milli Məclisdə işlədiyi müddətdə ətraf mühitin mühafizəsi, yerin təki, energetika, su və meşə sektoru, torpaq, atmosfer havası, şəhərsalma, tikinti və digər sahələrlə bağlı qanun layihələrinin hazırlanmasında, neft-qaz və mədən sənayesinin digər sahələri ilə  bağlı sazişlərin, energetika və ekologiyaya dair beynəlxalq konvensiyaların Parlamentin müzakirəsinə çıxarılmasında iştirak etmişdir.

O, çalışdığı təşkilatlarda rəhbərliyin, həmkarlarının, kollektivin dərin hörmətini qazanmış, insanlara qayğıkeşliyi ilə seçilmişdir. Bu gün də çalışdığı ali qanunverici orqanda deputatların, iş yoldaşlarının ona olan böyük hörmətin və diqqətin şahidiyik.

Azərbaycanın Avropaya, dünya birliyinə sürətlə inteqrasiyası Parlamentin beynəlxalq təşkilatlarla, Avropa qurumları ilə sıx əməkdaşlıq etməyi, milli qanunvericiliyimizin yeniləşdirilməsini, onun beynəlxalq hüquqa uyğunlaşdırılmasını, ölkəmizin yeni konvensiyalara qoşulmasını zəruri edir. Bu məsələlərin həyata keçirilməsində Şamil müəllimin fəaliyyəti, öz təcrübəsini əsirgəməməsi, müvafiq komitələrə yaxından köməklik göstərməsi danılmazdır.

Şamil müəllim dövlətçilik və idarəçilik bacarığına, parlament təcrübəsinə malik şəxs kimi işgüzarlığı, iqtisadiyyat və ətraf mühitə dair  məlumatlılığı ilə fərqlənən dövlət məmurudur. Onun fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilir. Şamil Hüseynov “Əməkdə igidliyə görə” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilmişdir.

Şamil müəllim bir neçə beynəlxalq təşkilatın ekologiya və energetika məsələləri üzrə eksperti, Beynəlxalq Ekoenergetika Akademiyasının fəxri professorudur. O, müxtəlif illərdə 35-dən artıq xarici ölkədə keçirilən tədbirlərdə, xüsusi ilə ətraf mühit, iqlim dəyişmələri, energetika, kənd təsərrüfatı, su və tikinti sektorları, iqtisadiyyatın digər sahələri ilə bağlı konfranslarda, simpozium və seminarlarda ölkəni təmsil edərək məruzələrlə çıxış etmişdir. O, ali məktəb tələbələrinə ətraf mühit hüququnu tədris edir. 2003-cü ildən Azərbaycan İnşaat Assosiasiyası İctimai Birliyinin təsisçisi və rəhbəridir.

Şamil Hüseynov şərəflə yaşadığı ömrünün bu gün müdrik dövrünə qədəm qoyur. Öz vəzifəsini bundan sonra da dövlətə, dövlətçiliyə xidmətdə görən Şamil müəllim onunla çalışan gənc kadrlara yüksək səviyyəli dövlət qulluqçusu olmaqda lazımi köməklik göstərir.

Şamil müəllim gözəl ailə başçısıdır, övladları həkim, nəvələri məktəblidir. Bu gün o, öz nəvələrini də Vətənə, xalqa, dövlətə sədaqət ruhunda tərbiyə edir.

Şamil Hüseynovu 65 illiyi münasibəti ilə təbrik edir, ona üzün ömür, cansağlığı arzulayır, xidməti fəaliyyətində və şəxsi həyatında uğurlar diləyirik.

Milli Məclisin deputatları,

Mirkazım Kazımov,

Rüstəm Xəlilov

Etikxeber.az

 

 

Read Previous

GDU əməkdaşlarından ölkə Prezidentinə – MİNNƏTDARLIQ – FOTOLAR

Read Next

ABŞ İranın 700-dən çox fiziki və hüquqi şəxsini sanksiyalar siyahısına daxil edir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir