Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu ilin avqustunda İsveçərdə referendumla qanunvericiliyə edilən dəyişikliyə görə, artıq xüsusi xidmət orqanları vətəndaşların icazəsi və xəbəri olmadan onların telefon danışıqlarına qulaq asa biləcək.
Etikxeber.az Modern.az-a istinadən məlumat verir ki, referendumla qanunvericiliyə edilən dəyişikliyə görə, İsveçrədə kəşfiyyat və əks-kəşfiyyat qurumları vətəndaşların sosial şəbəkələrdəki profillərinə daxil olmaq və hətta şəxsi poçt ünvanlarına da girmək hüquqları alıb.
Bəs Azərbaycanda necə, “Əməliyyat-axtarış haqqında” qanuna və digər normativ hüquqi aktlara bu cür dəyişiklik etməyə ehtiyac varmı?
Ölkəmizdə xüsusi xidmət orqanlarının vətəndaşların telefon danışıqlarını, yazışmalarını əldə etməsi qəbul olunarmı?
“Bütün vətəndaşların telefon danışıqlarına qulaq asmaq yaxşı olmaz…
Məsələ ilə bağlı Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib ki, Azərbaycanda xüsusi xidmət orqanlarının vətəndaşların telefon danışıqlarına və şəxsi yazışmalarına sərbəst formada müdaxiləsi heç də yaxşı qarşılanmaz:
“Dövləti, xüsusi xidmət orqanlarını ölkədə bütün növ informasiyaların sahibi etmək heç də asan səslənmir. Ölkədəki təhlükəsizlik orqanlarının təmsilçilərinin informasiyaları hansı formalarda istifadə edəcəyinə də hələ heç kim tam təminat verə bilməz.
Bu baxımdan məncə xüsusi xidmət orqanlarının vətəndaşların telefon danışıqlarına qulaq asmaları, yazışmalarını istənilən formada və istədikləri kimi izləmələri yaxşı hal olmazdı”.
“Xüsusi xidmət orqanlarına vətəndaş etibar edə bilməlidir…”
Deputat söyləyib ki, Azərbaycanda baş verən “MTN hadisələri”ndən sonra vətəndaşlarda xüsusi xidmət orqanlarına münasibət hələ tam birmənalı deyil:
“MTN vasitəsilə Azərbaycanda törədilən hadisələrdən sonra xüsusi xidmət orqanlarının vətəndaşların danışıqlarına fasiləsiz və istədikləri formada qulaq asması o qədər də birmənalı qarşılanmaz. Çünki insanların təhlükəsizlik orqanları ilə tam əməkdaşlığı üçün müəyyən bir yol keçilməlidir.
Ortada güvənc və inam yaranmalı, etibar bərpa olunmalıdır. Kimsə düşünməməlidir ki, şəxsi danışıq məlumatları ona qarşı kompramaterial kimi yönələr”.
“Eldar Mahmudovun “bandası” çox rahat hərəkət edirdilər…”
Z. Oruc vurğulayıb ki, təhlükəsizlik və xüsusi xidmət orqanları vətəndaşın danışıqları və yazışmalarını etibar edilə biləcək səviyyəyə çatmalıdır:
“Təhlükəsizlik orqanlarındakı əməkdaşlar özlərinə məxsus əqidə, düşüncə və ideologiyalara malikdirlər. Onlar nə qədər iradəli insanlar olsalar da, vətəndaşların hüquq və azadlıqlarını azalda və şəxsi mənafeləri üçün əldə etdikləri informasiyalardan istifadə edə bilərlər.
Dövlət orqanlarının elə böyük resurs imkanları var ki, müxtəlif şəraitlərdə şübhə doğuran halları dərhal nəzarətə götürə bilirlər. “Əməliyyat-axtarış haqqında” qanunda da var ki, yalnız məhkəmənin qərarı ilə hətta qulaq asılmış və əldə edilmiş yazılar ortaya çıxarıla bilər. Eldar Mahmudov və onun bandası bu işdə çox əli-qolu açıq şəkildə hərəkət edirdi. Xüsusilə rabitə orqanları üzərindən yüksək vəzifəli şəxslərin, adi insanların şəxsi və iş danışıqlarına qulaq asırdılar.
Ona görə də yenidən belə bir məsələnin qalxması fonunda vətəndaşların reaksiyasının necə olmasını ictimai müzakirələrdən sonra bilmək olar”.
“Terrorçuluqla mübarizədə səs yazılarına və yazışmalara…”
Deputat əlavə edib ki, terrorçuluq və ekstremizmlə mübarizədə vətəndaşların danışıqlarına və yazışmalarına nəzarət etmək olar, amma bu məhdud şəkildə aparılmalıdır:
“Mən hesab edirəm ki, Azərbaycanın təhlükəsizlik amili hər zaman 1-ci yerdədir. Buna görə də hüquqların müəyyən mənada məhdudlaşdırılması qəbul olunandır.
Hər hansı bir ekstremist qrup, terrorçu təşkilatlarla ön tədbirlərin görülməsi məqsədi ilə vətəndaşların telefon danışıqlarına, yazışmalarına girmək və daha vacib məlumatları almaq olar. Amma bütün əhalinin dinlənilməsi, yazılı və səsli materialların yığılması qüsuru hal olar”.
Etikxeber.az