“Erməni lobbisi və ermənipərəst mərkəzlər bilirlər ki…” – ELDƏNİZ SƏLİMOV

Aydın Mirzəzadə: “Məqsəd ölkəmizdə “5-ci kolon” yaratmaq və dövlətimizin artan nüfuzuna ləkə gətirməkdir”

ZAHİD ORUC: “Onların hesabatından belə çıxır ki, qərb siyasətçilərinin hamısını asanlıqla pulla ələ almaq mümkündür…”

Millət vəkilləri OCCRP-in hesabatını sərt təpki ilə qarşıladılar

“Ölkəmizə qarşı yeni təxribatın şahidi oluruq. Hakimiyyət, ayrı-ayrı dəyərli vətəndaşlarımız olmayan hadisədə günahlandırılır”.

aydin mirze

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə OCCRP adlanan qurumun (“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” layihəsi) “hesabat”ı və bu “hesabat” əsasında bəzi KİV-də yayılmış məlumatlarla bağlı açıqlamasında deyib.Millət vəkilinin dediyinə görə, həmin təşkilat ittiham irəli sürsə də, hər hansı bir sübut ortaya qoya bilmir. O, bildirib ki, bu gün Azərbaycanın uğurları, beynəlxalq aləmdəki möhkəmlənən yeri xaricdə müəyyən antizərbaycan mərkəzləri ölkəmizlə bağlı ya iqtisadi, ya da siyasi planları həyata keçmədiyindən çox ciddi narahat edir: “Bu zaman ortaya yalan, böhtan və təxribat atılır. Bunun arxasında əlbəttə ki, antiazərbaycan dairələri və erməni diasporu durur. Məqsəd Azərbaycanı nüfuzdan salmaq, ölkəmizdə “5-ci kolon” yaratmaq və dövlətimizin artan nüfuzuna ləkə gətirməkdən ibarətdir”. Deputat vurğulayıb ki, vaxtaşırı Azərbaycana qarşı belə kampaniyalar aparılır: “Ona görə də növbəti dəfə Azərbaycana qarşı bu qarayaxma kampaniyasının aparılmasından qətiyyən təəccüblənmirəm. Artıq bu yalanlara inananların sayı durmadan azalmaqdadır”.

zahid_oruc_esas

Millət vəkili Zahid Oruc da öz növbəsində adıçəkilən məsələ ilə bağlı bildirib ki,  Azərbaycan əleyhinə hazırda həyata keçirilən ssenari qətiyyən yeni deyil. Onun sözlərinə görə, Azərbaycandan əvvəl ayrı-ayrı dövlətlərə qarşı da bu cür qarayaxma kampaniyaları həyata keçirilib. Millət vəkili deyib ki, istənilən ölkə və onun siyasi elitası haqqında belə xəbərləri uydurmaq çox asanlıqla mümkündür və hazırki reallıqda bu həyata keçirilir. Deputat vurğulayıb ki, əslinə baxanda bu cür kampaniya Azərbaycanı deyil, daha çox qərbin özünü, onların siyasətçilərini, parlamentarilərini zərbə altında qoyur:

“Onların hesabatından belə çıxır ki, qərb siyasətçilərinin hamısını asanlıqla pulla ələ almaq mümkündür. Bəs onların öz mövqelərinə sadiqliyi, əqidələrində dönməzliyi, hüququn aliliyi harada qalır?! Bəs Avropanın maliyyə nəzarətini həyata keçirən ən müxtəlif orqanları var, onlar harada qalır?! Xüsusilə 11 sentyabr hadisələrindən sonra hər bir maliyyə vəsaiti üzərinə mikroskopik nəzarət həyata keçirirlər, hansı ki maliyyə ilə bağlı bəyannamə verilməlidir, mənşəyi ilə bağlı məlumatlar təqdim olunmalıdır və s. Buradan aydın görünür ki, yayılan məlumatlar tamamilə əsassızdır və məqsəd tamamilə başqadır”.

Z.Oruc bildirib ki, burada məqsəd birinci növbədə Azərbaycan hakimiyyətini təsir altına almaq, iqtidarı onlarla hesablaşmağa məcbur etməkdir: “Azərbaycanın dövlət başçısının demokratik bir lider olduğuna heç kəsin şübhəsi yoxdur. Biz bu illər ərzində İlham Əliyevin siyasi kursunun xarakterinin belə olduğunu görmüşük. Azərbaycan idarə olunan dövlət deyil və şübhəsiz ki, bu, müxtəlif mərkəzləri qane etmir. Onlar da bununla bağlı “mübarizə” aparırlar. Ancaq yenə təkrar edirəm ki, daha çox özlərini ifşa edirlər, zərbə altında qoyurlar. İndiyə qədər Azərbaycana qarşı bu təzyiqlər çox olub və heç biri də məqsədinə çata bilməyib”.

elden-1

“Azərbaycanda korrupsiya faktı ilə bağlı yayılan dezinformasiyanın arxasında düşmən qüvvələrin ölkəmizdə daxili sabitliyi pozmaq cəhdi dayanır”.

Bunu isə digər millət vəkili Eldəniz Səlimov bildirib. O, Azərbaycanın nüfuzunun hər gün daha da artdığını, milli dövlətçiliyimizin daha da möhkəmləndiyini deyərək bildirib ki, ölkəmiz son illər çox böyük qlobal layihələr həyata keçirir, həmçinin, Ermənistan-Azərbaycan probleminin dondurulmuş münaqişə halına salınmasına imkan vermir, eyni zamanda, torpaqlarımızın işğaldan azad olunması üçün əzm, qətiyyət, iradə nümayiş etdirir. Millət vəkilinin fikrincə,  bu cür müstəqil və milli maraqlara söykənən mövqe isə bəzi ermənipərəst, islamafob, anti-Azərbaycan mərkəzlərin xoşuna gəlmir, əksinə, onları qıcıqlandırır, narahat edir. E. Səlimovun bildirdiyinə görə,   ona görə də həmin qüvvələr və dairələr vaxtaşırı ölkəmizə qarşı informasiya təxribatları törətməklə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa cəhd edirlər. Millət vəkili qeyd edib ki, çünki erməni lobbisi və ermənipərəst mərkəzlər bilirlər ki, Ermənistan Azərbaycanın hərbi, iqtisadi gücü qarşısında torpaqlarımızı uzun müddət işğal altında saxlaya bilməyəcək. Eyni zamanda Azərbaycanın ayrı-ayrı ölkələrlə dostluq münasibətləri, diplomatik gücü Ermənistanı bir qədər də küncə sıxışdırır.

“Belə olan halda, ermənipərəst mərkəzlər və onların havadarları Azərbaycanı daxildən parçalamağa cəhd göstərir, guya ölkəmizdə korrupsiya, sabitliyin kövrək olması, insan haqlarının pozulması ilə əlaqədar iddialar ortaya atırlar. Çox təəssüflər olsun ki, hazırda bir sıra qara niyyətli mərkəzlərin ruporu rolunda çıxış edən bəzi xarici media qurumları da bu kimi dezinformasiyaları tirajlayan vasitəyə çevrilirlər. Bu, informasiya ilə yaxud yumşaq güc vasitəsilə milli dövlətin şantaj olunmasıdır. Azərbaycanla bağlı qərəzli məlumatların əsas müəlliflərindən birinin milliyyətcə erməni olması bir daha göstərir ki, sözügedən informasiya təxribatında düşmənlərimizin birbaşa iştirakı var…”-deyən deputat sözlərinə əlavə edib ki, Ermənistan bu cür informasiyalar vasitəsilə regionun real siyasi gündəliyini, işğal faktını arxa plana keçirərək, Azərbaycanın adının neqativ hadisələrdə hallanmasını istəyir:”Lakin bu mümkün deyil. Çünki Azərbaycanın diplomatiyası, eləcə də informasiya gücü buna imkan verməyəcək. İşğal faktının arxa plana keçirilməsinə yönələn bu cəhdlər xüsusən 2016-cı ildə baş verən aprel hadisələrindən sonra daha da aktivləşib. Hərbi-siyasi müstəvidə Azərbaycan qarşısında aciz qalan Ermənistan informasiya müstəvisində bu cür təxribatlara əl atmaqla gündəmi dəyişməyə çalışır”.

Etikxeber.az

Read Previous

“Bu, çox düzgün və vacib siyasətdir…” – KOMİTƏ SƏDRİ

Read Next

“Bu danışıqlar həm Azərbaycana olan etimadın nümunəsidir…”- PREZİDENT – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir