“Ermənilər, Ermənistan üçün dəyişən, dəyişəcək heç nə yoxdur, yenə də vandalizm, yenə də barbarlıq, yenə də dinc, mülki əhaliyə qarşı yönələn aqressiya, yenə də yaşayış məntəqələrinin, evlərin hədəf alınması…”-JALƏ ƏLİYEVA PREZİDENTİN TOVUZLA BAĞLI SƏRƏNCAMINDAN YAZDI

İşğalçı, təcavüzkar Ermənistan və ermənilər üçün heç bir dəyər yoxdur.

Onlar xüsusilə, son 32 ildə insanlıq, bəşər adına ləkə gətirə biləcək və gətirən nə varsa, hamısına imza atıblar. Vandalizm, barbarlıq onların iliyinəcən işləyib, onları daha da murdarlaşdırıb, amansızlaşdırıb, cinayətlərdən cinayətlərə, qəddarlıqlardan qəddarlıqlara sövq edib.

İyulun 12-də növbəti təxribatları və fitnəkarlıqları nəticəsində sərhəddin Tovuz istqamətində yaşananlar və 11 gün ərzində davam edənlər də bir daha deyilənləri əyani şəkildə əks etdirir. Yəni, ermənilər, Ermənistan üçün dəyişən, dəyişəcək heç nə yoxdur, yenə də vandalizm, yenə də barbarlıq, yenə də dinc, mülki əhaliyə qarşı yönələn aqressiya, yenə də yaşayış məntəqələrinin, evlərin hədəf alınması…

Düzdür, Azərbaycan dövləti və onun müzəffər Ordusu bu 11 gün ərzində düşmənə necə lazımdırsa, gərəkən layiqli, haqq etdiyi cavabını verib, ona bir daha öz gücünü göstərib, amma bununla belə, ermənilərin, işğalçı ordunun sərhəd bölgəsinin, Tovuz rayonunun sakinlərinə vurduqları ziyanlar hələ da davam etməkdədir. Azərbaycan Ordusu ilə heç cür bacara bilməyən işğalçı öz qəzəbini, heyfini dinc, mülki insanlardan, evlərdən, yaşayış məntəqələrindən çıxmağa cəhd edir və bir daha insanlığa yaraşmayan idbar simasını ortaya qoyur.

Ancaq hər dəfə olduğu kimi, yenə işğalçı və təcavüzkar ölkə Azərbaycanın bu istiqamətdə də gücünü, sarsılmazlığını görür. Azərbaycan dövləti, dövlət rəhbərliyi öz vətəndaşının, öz insanının yanında olduğunu, onun qayğıları, ağrı-acıları ilə yaşadığını növbəti dəfə nümayiş etdirdi. Belə ki, bir neçə gün öncə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan “Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam deyilənləri əyani şəkildə təsdiqləyir.

Sərəncamda da qeyd edildiyi kimi, Ermənistan Silahlı Qüvvələrinin 2020-ci ilin iyul ayının 12-dən başlayaraq Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Odur ki, dəymiş ziyanın aradan qaldırılması, zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilməsi məqsədilə tələb olunan maliyyə vəsaiti barədə təkliflərin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılıb. Bəli, bu, bir daha onu göstətir ki, son 5-6 ayda yaşanan vəziyyətə, koronavirus pandemiyasının, bu gizli düşmənin iqtisadiyyata ağır zərbələr endirməsinə rəğmən, öz vətəndaşının, öz insanının sağlamlığını qorumaq üçün bütün tədbirləri görən güclü Azərbaycan dövləti, ölkəsinin dinc, təhlükəsiz yaşamının təmin edilməsi üçün də var gücü ilə çalışır və çalışacaq.

Vandalizm, barbarlıq nəticəsində uçulan, dağıdılan, məhv edilən evlərin, obyektlərin yerində daha da yaxşısı, daha da təminatlısı qurulacaq, daha da müasiri yaradılacaq.

Düşmənin və onun havadarlarının bu yöndə də təxribatları, antiinsani addımları Azərbaycan dövlətini sarsıtmayacaq, onu geri çəkindirməyəcək, əksinə, daha əzmkar, yağı düşmənə qarşı daha da səfərbər edəcək.

Və sonda bir daha qeyd etmək yerinə düşər ki, Tovuz rayonuyla bağlı olaraq verilən Sərəncam da bu əzmkarlığın, bu səfərbərliyin nümunəsi kimi qiymətləndirilməlidir.

Jalə ƏLİYEVA,

Millət vəkili, professor

Etikxeber.az

Read Previous

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana-YOLA SALINDI – FOTOLAR

Read Next

“Cəmiyyət müharibə tələb edir, prezident İlham Əliyev də müharibənin qaçılmaz olduğuna işarə vurur…Bölgədəki infrastruktur layihələrinin təhlükəsizliyi Azərbaycanı Avropadan az narahat etmir…”-ELXAN ŞAHİNOĞLU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir