Evin-ailənin tək-subay oğlu olan, cəmi on aylığında “Bir anın həqiqəti” filminə çəkilən, Kəlbəcərdən Laçınacan döyüş yolu keçən, ayağından yaralanan, aldığı travmadan leykoz xəstəliyinə tutulan, Türkiyədə Şəhidlik məqamına ucalan-BAKILI ELNUR QALİB OĞLU SƏMƏDOV…QAZİ-ŞƏHİDİN BİR İLƏ YAXINDIR ŞƏHİDLİK HAQQI NİYƏ TANINMIR, NİYƏ VERİLMİR, NƏDİR SƏBƏB? – FOTOLAR – YENİLƏNİB

Elnur Qalib oğlu Səmədov…

Azərbaycan Ordusunun keçmiş Əsgəri, İkinci Vətən Müharibəsi iştirakçısı…

İgidimiz, Qəhrəmanımız, Vətən sevdalımız…

Qazi-Şəhid…

Hələ də Haqqı tanınmayan Nur üzlü Şəhidimiz…

Əslən Astaralı olan Elnur 2002-ci ilin mart ayının 12-də Bakı şəhərində, Xətai rayonunda sadə bir ailədə dünyaya gəlib…

Evin-ailənin iki övladından biri, tək bacının tək qardaşı olub…

On aylığında olarkən anası ilə birlikdə “Bir anın həqiqəti” filmində epizodik rola çəkilib…

2008-2019-cu illərdə Bakı şəhərinin ən tanınmış məktəblərindən olan və Səbail rayonunda yerləşən 7 saylı tam orta məktəbdə təhsil alıb…

Hər kəsin sevimlisi, istəklisi olub…

Orta məktəbi “əla” və “yaxşı” qiymətlərlə başa vurub…

Ali təhsilə yiyələnmək istəsə də, cəmi 4-5 balı çatmadığı üçün bu arzusunu gerçəkləşdirə bilməyib…

Qərbi Kaspi Universiteti nəzdindəki kollecə daxil olub…

Və 2020-ci ilin mayında həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb…

Ağstafa istiqamətində yerləşən “N” saylı hərbi hissədə xidmət edib…

Əsgərliyinin 5 ayının tamamına yaxın isə İkinci Vətən Müharibəsinin başlaması ilə döyüşlərə atılıb…

Daşkəsən-Kəlbəcər-Murovdağdan başlayaraq, Qubadlı-Laçınacan ağır və şərəfli döyüş yolu keçib…

Həmçinin, Füzuli Cəbrayıl istiqamətlərində döyüşüb…

Üç dəfə atası Qalib kişidən halallıq istəyib…

Müharibənin 29-cü günündə, oktyabrın 25-də isə Qubadlı-Laçın istiqamətində döyüşlər zamanı sağ ayağından yaralınıb…

Və onu dərhal Bakı şəhərində yerləşən Hərbi hospitala göndəriblər…

Bir neçə gün müalicə-müayinə aldıqdan sonra onu ev-məzuniyyətə buraxıblar…

Ev şəraitində müalicə-müayinəsini davam etdirib…

Sonra yenidən Hospitala təkrar müalicə-müayinəyə çağırılıb və yenidən evə-məzuniyyətə buraxılıb və təzədən ev şəraitində müalicə-müayinəsini davam etdirib…

Daha sonra onu hərbi hissədən çağırıblar, atası “Vita” tutaraq, Elnuru yaralı vəziyyətdə Ağstafaya aparıb…

Və vəziyyətini gördükdən sonra onu yenidən evə-məzuniyyətə göndəriblər…

Ordudan təxris edilməli olduğu halda, hər dəfə, sadəcə, “xidmətə müvəqqəti yararsızdır” yazıblar və demək olar ki, bir il, Əsgərliyini başa vurana kimi gah Ağstafada hərbi tibb məntəqəsində, gah da Bakıda Hərbi hospitalda yatıb, müalicə-müayənisini davam etdirməli olub, hətta iki dəfə reabilitasiyadan keçirilib…

Sadəcə, həqiqi hərbi xidmətdən təxris olunarkən “hərbi xidmətə yararsız” olduğu yazılıb…

Hərbi xidmətdən təxris olunsa da, yenidən müalicə-müayinəsini davam etdirib, bir müddət sonra isə mədəsində ciddi problemlər yaşanmağa başlayıb…

Yaralı ayağındakı infeksiya bədəninin digər orqanlarına təsir etməyə başlayıb…

Bundan sonra ailəsi, valideynləri onu yenidən həkimlərə göstərməyə başlayıblar…

M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında, Milli Onkologiya Mərkəzində müayinələrdən keçirilib, MRT olunub və məsləhət görülüb ki, Elnurun səhhəti ilə bağlı Türkiyədəki həkimlərə müraciət etsinlər…

Ailəsi, valideynləri isə Türkiyəyə aparmaq imkanları olmadığı üçün Elnuru 2022-ci ilin fevralında Rusiyaya aparıblar, orada yenidən müayinələrdən keçirilib və ona leykoz diaqnozu qoyulub…

Orada bir neçə gün müalicə-müayinə aldıqdan sonra həkimlərin məsləhəti ilə yenidən Bakıya dönüblər, Milli Hematologiya və Transfuziologiya Mərkəzinə müraciət ediblər…

İlk əvvəllər əlillik dərəcəsi verilməsə də, 2022-ci ilin mayında Elnura birinci qrup (ömürlük) əlillik dərəcəsi verilib…

“YAŞAT” Fondu onun müalicə xərclərini üzərinə götürüb, 2022-ci ilin iyun ayının sonlarında Elnuru Şişlidə yerləşən “Memorial” Hospitalına müalicə-müayinəyə göndəriblər…

Orada da bir xeyli ağır müayinə-müalicə keçdikdən sonra müvəqqəti olaraq, Bakıya göndəriblər və bildiriblər ki, sentyabrın sonlarında yenidən dönsün, hətta ona ilik transplantasiyası üçün donor da tapılıb…

Bakıya döndükdən sonra aldığı müalicələr nəticəsində səhhətində nisbətən irəliləyiş hiss olunub, ürəkbulanmalar, qusmalar dayanıb, mədəsindəki şiş şəkilib, normal şəkildə qida qəbul etməyə başlayıb…

Ancaq ötən ilin məlum qanlı 12-13 sentyabr hadisələrindən sonra Elnurun səhhəti yenidən pisləşib və yenidən Türkiyəyə göndərilib, Hava Limanında vəziyyəti daha da ağırlaşıb və 18-i günü dünyasını dəyişib, Şəhidlik məqamına ucalıb…

Anası Samirə xanıma “YAŞAT”-ın əməkdaşı tərəfindən “Oğlunuz Şəhid oldu”-deyə, bildirilib…

Və 19-u günü nəşi Bakıya gətirilib və cənazəsi üç rəngli Azərbaycan bayrağına bükülərək, Dədə Qorqud qəbiristanlığındakı Şəhidlər Xiyabanında Şəhid kimi Əbədiyyətə uğurlanıb…

Dövlət televiziyası onun Şəhid kimi dəfn olunması barədə süjet verib…

Şəhidliyindən öncə Ali Baş Komandan tərəfindən “Kəlbəcərin azad olunmasına görə” “Qubadlının azad olunmasına görə” medalları ilə, Şəhidliyindənm sonra Baş nazir tərəfindən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub…

Ancaq ailəsi Elnurun Füzulinin və Cəbrayılın azad olunmasına görə medalları ilə də təltif olunmasını istəyirlər…

Və çox təəssüflər və əfsuslar olsun ki, Şəhidliyinin bir ilinin az qalmasına və Şəhid kimi rəsmi qaydada dəfn olunmasına baxmayaraq, ötən müddətdə Elnurun Şəhidilik Haqqı hələ də tanınmayıb…

Hələ də Şəhidlik Haqqı verilməyib Nur üzlü Vətən sevdalımızın…

Bu isə tək və subay oğullarını itirmiş Səmədovlar ailəsini, Elnurun valideynlərini çox üzür, çox incidir, dərindən yaralayır…

Onlar məhkəmə orqanlarına üz tutsalar da, övladlarının halal Haqqını ala bilməyiblər…

Bakı İnzibati Məhkəməsi iyulun 20-də Şəhidin valideynlərinin, ekspetlərin iştirakı olmadan məhkəmə isçası keçirib və Elnurun ailəsinin iddiasının qəbul olunmadığı barədə qərar verib…

Ancaq ailəsi bu məsələni axıra çatdıranacan, övladlarının Şəhidlik Haqqını alanacan mübarizələrini qanuni, hüquqi müstəvidə davam etdirəcəklərini bildirirlər…

Qazi-Şəhid anası Samirə xanımın dediklərindən:

“Düzdür, Elnur bir az ərköyün, dəcəl idi, amma çox istiqanlı və insansevər idi…Hələ 8 yaşındaykən babasının-qayınatamın ayağını suya qoyub yuyardı…Xəstə, birinci qrup əlil olan əmisini hələ 10 yaşından çimizdirərdi…Bu dərəcədə insan, yardımsevəriydi…Həm də çox Vətənpərvər idi…Türkiyəyə gedərkən mənə dedi ki, ana Şəhid olsaydım, səni də Şəhid anası edərdim…Hətta atasına deyibmiş ki, birdən mənə nəsə olsa, anama de ki, ağlamasın, səs-küy salmasın, Şəhidlik böyük zirvədir (gözləri dolur, səsi titrəyir)…Bax, Elnur belə oğul idi…İndi bizim başqa bir tələbimiz, istəyimiz yoxdur, sadəcə, istəyirik ki, balamızın Haqqı-Şəhidlik Haqqı verilsin, tanınsın…Bəlkə onda bir az rahatlaşarıq…Şəhidlik balamızın Haqqıdır!”

Sözün, kəlmələrin yenə bitdiyi, aciz qaldığı yer…

Bu yerdə, bu məqamda təsəllinin, təskinliyin də yeri yoxdur…

Allah Şəhidimizin məkanını cənnətlik etsin, onu tezliklə Haqqına qovuşdursun, Dərdli, Yaralı valideynlərinin isə səbr və dözümünü versin!

Amin!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Azərbaycan Ordusunun Kəlbəcər, Ağdam və Xocavənddəki mövqeləri atəşə tutulub-MN – YENİLƏNİB

Read Next

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub-MN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir