“Hər hansı bir deputatın yaşla bağlı bir problemi varmı?” – DEPUTAT ETİRAZ ETDİ

Aydın HÜSEYNOV: Yeni Azərbaycan Partiyası  hər zaman seçkilər ərəfəsində ölkədəki ictimai və siyasi prosesləri, eləcə də, hər bir bölgənin, regionun problemlərini, orada təmsil olunacaq insanların potensialını, ictimai-siyasi proseslərdə iştirakını, cəmiyyətə təsirini, cəmiyyətdəki nüfuzunu nəzərə alaraq, öz namizədlərini müəyyənləşdirib və müəyyənləşdirir.  Bu dəfə də belə olacaq

Etikxeber.az-ın müxbirinin suallarını Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Aydın Hüseynov cavablandırır:

-Aydın müəllim, qarşıdan gələn parlament seçkiləri ilə bağlı deputatların yaş məsələsi ciddi mübahisə və müzakirə mövzusuna çevrilməkdədir. Siz bunlara necə baxırsınız?

-Əvvəla, Azərbaycan xalqının qəbul etdiyi Konstitusiya var və Konstitusiyanın maddələrinə hər hansı zidd bir hərəkət yoxdursa, deməli, bu, qəbul olunandır. Əgər bizim Konstitusiyamızda deputatlar üçün yaş senzi, məhdudiyyəti qoyulmayıbsa, bu, xalqın fikridir. Onu da bilirsiniz ki, Konstitusiya qəbul olunarkən, o uzun müddət xalqın müzakirəsinə verildi, hər bir maddə də bir-bir, nöqtə-vergülünəcən müzakirələrdən keçirildi, nəhayət, 1995-ci ilin noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olundu.

Ona görə Konstitusiya qəbul edilərkən, deputatlar üçün yaş məhdudiyyəti qoyulmamışdırsa, bu, bir adamın, iki adamın fikri yox, bütövlükdə xalqın fikridir. Bu, Konstitusiya öz əksini bu şəkildə tapıb və bu şəkildə də olması  qəbul olunandır.

-Bəs, Sizcə, bu müzakirələrin, mübahisələrin kökündə nə dayanır?

– Bilirsiniz, dünya praktikası var. İstər fizioloji baxımından,  istərsə də bioloji baxımından, bütövlükdə dünyanın hər yerində insanlar eynidir. Həmçinin, dünya dövlətlərinin tam əksəriyyətində parlament var, onun üzvləri var, deputatları var. Əgər bu parlamentlərdə təmsil olunan insanlar üçün hər hansı bir  yaş, seçilmək məhdudiyyəti qoyulmayıbsa, deməli, bu, qəbulolunandır, deməli, bu, praktikada özünü göstərir,  deməli, bu, özünü doğrulmuş bir sistemdir, institutdur, modeldir.

Biz də demokratik, unitar bir dövlət kimi, dünyanın qəbul etdiyi o müsbər modelləri qəbul etmişik və ondan da yararlanırıq. Odur ki, dünya dövlətlərində və parlamentlərində bu məsələ özünü doğruldubsa, başqa nüanslar hələ ki yoxdursa, deməli, bu, qəbul olunandır və qəbul da olunur.

-Necə hesab edirsiniz, bizdə yaşlı deputatlar, bu cür təqdim olunan millət vəkilləri öz funksiyalarını tam yerinə yetirə bilirlərmi?

aydin_huseynov

meclis-oqtay-1

-Birinci növbədə deputatların fəaliyyətinə onun seçicisi cvaabdehdir, ona seçicisi qiymət verir. Deputatları seçən, onları parlamentdə özlərinin vəkili hesab edən insanlar həmin şəxslər seçilən ərəfədə bilirdilər ki, yaşı nə qədərdir və ya  neçə yaşına qədər orada fəaliyyət göstərməlidir. Bilirdilər ki, kiminsə yaşı 75-dir və yaxud 70-dir, 60-dır, 50-dir və neçə il parlamentdə təmsil olunacaq.

Yəni, seçici həmin gün üçün səs vermir ki?! Odur ki, biz birinci növbədə deputaları seçən seçicilərin seçiminə hörmətlə yanaşmalıyıq. O, onun, onların millət vəkilidir, beş il müddətinə onu, onları özünün təmsilçisi kimi orada görür.

Digər tərəfdən, elə siz özünüz də parlament jurnalistsiniz, siz özünüz bu parlamentdə yaşla bağlı hər hansı bir nüans hiss etmisinizmi ki, bu yaşlıdır, bu cavandır? Həm də parlament intellekt, dünyagörüş məkanıdır, qanunvericiliyə baxış məkanıdır. Hər hansı bir deputatın burada yaşla bağlı bir problemi varmı? Yoxdur! Odur ki, bu iddianı ortaya atanlar çox səhv edirlər, böyük yanlışlığa yol verirlər.

-Qarşıdan gələn seçkilərdə YAP-ı təmsil edən millət vəkillərinin əksəriyyətinin, ən azı 50-60 faizinin kənarda qalacağı, namizədliklərinin yenidən verilməyəcəyi ilə də bağlı söz-söhbətlər dolaşır…

– Yeni Azərbaycan Partiyası monolit bir partiyadır. Yeni Azərbaycan Partiyası ulu öndərimiz Heydər Əliyevin zəkasından yaranan, onun bütün idarəçilik prinsiplərini özündə əxz edən bir partiyadır. Yeni Azərbaycan Partiyası bu gün cənab prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyət göstərən bir partiyadır.

Yeni Azərbaycan Partiyası  hər zaman seçkilər ərəfəsində ölkədəki ictimai və siyasi prosesləri, eləcə də, hər bir bölgənin, regionun problemlərini, orada təmsil olunacaq insanların potensialını, ictimai-siyasi proseslərdə iştirakını, cəmiyyətə təsirini, cəmiyyətdəki nüfuzunu nəzərə alaraq, öz namizədlərini müəyyənləşdirib və müəyyənləşdirir.  Bu dəfə də belə olacaq.

Birinci növbədə Yeni Azərbaycan Partiyasının rəhbərliyi, onun İdarə Heyəti  bu məsələ ilə bağlı öz fikrini ortaya qoyur və indiyə qədər də partiyanın namizədi olaraq yerlərdə deputat seçilən, parlamentdə onu təmsil edən hər bir millət vəkili layiqli bir deputat olub, seçicisini uğurla  təmsil edib, deputat olaraq hamısı üzərlərinə düşən bütün o vəzifələri  çox layiqincə yerinə yetiriblər.

Ona görə növbəti seçkilərdə də Yeni Azərbaycan Partiyası hansı namizədini müəyyənləşdirəcəksə, bu, yenə partiyanın yaxşı mənada rəhbərliyinin müstəsna bir səlahiyyətidir, eyni zamanda, indiyə qədər olan təcrübə onu deyir ki, bütövlükdə hər bir kəsin intellektini, səviyyəsini, nüfuzunu, xidmətini nəzərə alıb, namizədlərini müəyyənləşdirəcək.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

İlham Əliyev Rasim Əliyevi təltif etdi

Read Next

Musa Urud “Təəssüf” dedi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir