Hərbçilərlə bağlı 2 qanun dəyişdirilir – DAXİLİ QOŞUNLAR, HƏRBİ QULLUQÇULARIN STATUSİ İLƏ DƏ BAĞLI QANUNLARA YENİDƏN BAXILACAQ

Sentyabrın 11-də Milli Məclisin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin parlamentin qarşıdan gələn 2019-cu il payız sessiyası ilə bağlı ilk iclası keçirilib.

Etikxeber.az xəbər verir ki, iclası açan MM Sədrinin birinci müavini,  adıçəkilən komitənin sədri Ziyafət Əsgərov payız sessiyasının başlaması münasibətilə deputatları təbrik edib, onlara işlərində uğurlar diləyib.

Komitə sədri bildirib ki, iclasın gündəliyindəki “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi birinci oxunuşda müzakirəyə təqdim olunur.

Məlumat verilib ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun 2-ci maddəsinə edilən dəyişiklikdə təklif olunur ki, “Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində” sözləri “hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda)” sözləri ilə əvəz edilsin.

Ziyafət_Əsgərov_.

Eyni məzmunlu düzəlişlər bu qanunun 7-ci maddəsində və “Əmək pensiyaları haqqında” qanunun 21.2.3-cü maddəsində də nəzərdə tutulub. Həmçinin “hərbi qulluqçular” anlayışının məzmunu yenilənərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslər” kimi verilir.

Diqqətə çatdırılıb ki, layihə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə 2018-ci il 12 oktyabr tarixli qanunun icrasını təmin etmək məqsədilə hazırlanıb. Həmin qanunda hərbi qulluqçuların yalnız Azərbaycan Respublikasının Silahlı Qüvvələrində deyil, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında da (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət keçməsi müəyyən olunub. Təklif edilən dəyişikliklər belə qurumların hərbi qulluqçularının dövlət icbari şəxsi sığortası və pensiya təminatının əvvəlki qaydada saxlanılmasına xidmət edir.

Sonra Z. Əsgərov bildirib ki, cari ilin yaz və növbədənkənar sessiyalarında komitənin 10 iclası keçirilib, 17 qanun layihəsi plenar iclasa tövsiyə olunub və qəbul edilib.

Payız sessiyasında “Daxili qoşunlar haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” və digər qanun layihələrinə baxılması nəzərdə tutulub.

İclasda çıxış edən komitə üzvləri Elman Məmmədov, Aqil Abbas, Hikmət Məmmədov, Fərəc Quliyev qanunlara edilən dəyişiklikləri məqbul hesab ediblər. Deputatlar dövlət tərəfindən hərbi sahəyə, hərbi qulluqçulara göstərilən diqqət və qayğını təqdir ediblər. Ordumuzun döyüş ruhunun yüksək olduğunu söyləyiblər.

Müzakirələrdən sonra “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsi MM-in plenar iclasına tövsiyə olunub.

Etikxeber.az

Read Previous

Gəncə sakinini 22 nəfər döyərək öldürüb? – BAŞ PROKURORLUQ TƏSDİQLƏMİR

Read Next

YAP-çılar Çin kommunistləri ilə bir araya gəldi, 6-cı söbədə oldular – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir