Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Xəbər verildiyi kimi, bu günlərdə millət vəkili, iş adamı Əsabil Qasımovun övladı faciəli şəkildə düntyasını dəyişib.
Qeyd edək ki, millət vəkilinin dərdini bölüşən, kədərinə şərik olan insanlar arasında deputat həmkarları da olub.
Bununla yanaşı, bəzi sosial şəbəkələrdə faciəli şəkildə dünyasını çox erkən dəyişmiş bir gəncin ölümü ilə bağlı xoş olmayan, Azərbaycan mentalitetinə yaraşmayan addımlar da müşahidə olunub və qeyd edək ki, həmin insanlar özləri də bu hərəkətlərinə görə qınanıb, sərt təpkilərlə qarşılanıblar.
Etikxeber.az-a açıqlamasında millət vəkili Zahid Oruc isə bunları deyib:
“Mən deputat həmkarım Əsabil Qasımovu hələ parlamentə gəlməzdən, millət vəkili seçilməzdən öncə tanıyırdım. Doğrusu, iş adamlarının müəyyən qədər adının tanınması-məşhurlaşması fonunda ikili vəziyyət meydana çıxır. Bunlardan birincisi odur ki, bir qisim insanlar bəlkə də nəyəsə xiffətlə baxırlar, bir yandan da müəyyən problemlərin həlli üçün bu adamları ümid yeri kimi görürlər.
O üzdən gənclərin-tələbələrin müraciətləri olarkən, dərhal ilk yada düşən insanlar kimi bizim sahibkarlara-tanınmış biznes adamlarına müraciətimiz baş verirdi və bu illərdə şəxsən mən özüm də 3-dən artıq tələbə üçün Əsabil müəllimə müraciət etmişdim.
Bu zaman isə çox ləyaqətli, çox mehriban və çox istiqanlı münasibətin şahidi olmuşdum. Ondan sonra isə aramızda insani münasibət yaranmışdı və heç zaman da bu addımları unutmamışdım. Parlamentdə təmsil olduğumuz illərdə də – həyat belədir ki, bir yerdə qalmır-dayanmır – kimsə kitabının çapı ilə əlaqədar və ya kimsə tibbi durumuna yardım üçün axtarışlarda bulunanda, bəlkə də bir qədər əvvəlki xahişlərimizi nəzərə alıb, ehtiyatlı şəkildə “bu məsələlərə necə kömək etmək olar?” duyğusu ilə söz açmışdım və bu zaman yenə də onun böyük humanizminin, insani səxavətinin şahidi olmuşdum.
Paralel şəkildə demək istəyirəm ki, bizim də müəyyən qədər əhatə dairəmiz var, şahidiyik ki, insanlarımız müəyyən məsələlər üçün belə insanlara müraciət edir və bunlar da yaxşı mənada deyilir, paylaşılır. Bu da nəticə etibarı ilə bir insan haqqında fikir formalaşdırır, təəssüratlar yaradır və o insanın obrazını insanların qəlbində bərkidir. Bu mənada Əsabil Qasımovun övlad itkisi ilə bağlı xəbəri son dərəcədə üzüntü, ağrı ilə qarşılayanlardan biri də biz idik. Həqiqətən də, həmkar kimi bu məsələdə yanaşmamız o insanı tanımağımızdan irəli gəlirdisə, o biri yandan da gənc bir Azərbaycan oğlunun belə faciəli şəkildə dünyadan getməsi bizi təsirləndirməyə bilməzdi.
Hesab edirəm ki, nə Qərbli, nə Şərqli olmağından asılı olmayaraq, hamı onun fərqindədir ki, oğul, qız insan üçün nə mənaya malikdir.
Valideyn üçün onun həyatında, düşüncələrində, gələcək arzularında, planlarında necə bir yer tutur. O üzdən bizim hər birimiz o mərasimlərə qatılarkən təkcə bir atanın övladının, on illər ərzində böyüdərək, onun gələcəyi ilə bağlı xəyallar qurduğu insanın dərdini bölüşmürdük, bu, daha artıq dərəcədə millətimizin bir övladı ilə bağlı bizim hər birimizin yaşantısı, üzüntüsüydü.
Ancaq çox təəssüflər olsun ki, belə bir məqamda hətta ölüm hadisələrini siyasi mübarizənin predmetinə çevirən və informasiya məkanında ayrı-ayrı paylaşımlara əl atan adamları gördük. Mən elə hesab edirəm ki, bunlar heç bir halda millətin adı, onun varlığı ilə bağlı nə keçmişinə, nə bu gününə, nə sabahına yazılmayacaq əməllərdir, işlərdir.
Əgər biz tarixdən danışırıqsa, bəzən bir-birinə ən qatı düşmən münasibətində olanlar da övlad itkiləri zamanı bir növ o qanın üzərindən keçərək, bir-birilərinə əl uzadıblar, dərdlərini bölüşüblər, o ağrıları paylaşıblar. O üzdən həyatının dadı mənasında böyük zərbə alan bir insan üçün əgər kimsə yenə xeyirxahlıqda buluna bilmirsə, heç olmasa, adamların hissləri ilə oynamasınlar, mənfi təsir göstərməsinlər.
Elə bilirəm ki, Əsabil Qasımov bundan sonrakı dövrdə də özünün böyük xeyirxahlıq missiyasını davam etdirəcək və bu, onun övladının əziz xatirəsi qarşısında bəlkə də görüləcək ən böyük işlər kimi hesab olunacaq. Edilən dualar da müəyyən mənada bir təskinlik mənbəyinə çevriləcək.
Eyni zamanda, Azərbaycanda hər birimiz onun fərqində olnmalıyıq ki, iqtidarlı-müxalifətli biz hamımız bir millətin övladlarıyıq və bizim bir-birimizə belə məqamlarda göstərdiyimiz münasibət daha artıq dərəcədə vahid bir xalq olmağımızı nümayiş etdirəcək…”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az