“Karantin rejimi uzadılmalı, bununla belə, nəzarət etməklə, rayonlara gediş-gəliş açılmalıdır”-JALƏ ƏLİYEVA DİGƏR TƏKLİFLƏRLƏ DƏ ÇIXIŞ ETDİ

Məlum olduğu kimi, avqustun 31-də ölkəmizdə koronavirus pandemiyası ilə bağlı tətbiq edilən karantin, eləcə də, 13 rayonda mövcud olan xüsusi sərt karantin rejiminin vaxtı bitir.

Ötən 6 ayyarım ərzində tətbiq edilən karantin və xüsusi sərt karantin rejimi vacibiydi, zəruriydi, qaçılmazıydı.

Çünki bunlar tətbiq edilməsəydi, biz indi tamam fərqli bir mənzərə üz-üzə idik, çox böyük itkilərlə, fəlakətlərlə qarşı-qarşıya qala bilərdik.

Vaxtında və zamanında atılan addımlarla, verilən önləyici, qabaqlayıcı qərarlarla böyük və faciləli itkilərdən, acılardan yayına, kənar qaça bildik.

Son günlərin də-bəzi istisnalarla-müsbət dinamikası və tendensiyası bundan xəbər verir.

Eyni zamanda, bu müsbət dinamika və tendensiya bizə arxayınlaşmağa da əsas vermir və verməməlidir.

Çünki hələ də bu bəladan tam qurtula, xilas ola bilməmişik, “çağırılmamış üzlü qonaq” hələ də bizimlə yaşamaqda davam etməkdədir. Ani arxayınlaşma növbəti itkilərə, böyük fəlakətlərə gətirib çıxara bilər.

Bəzi ölkələrdə də bunun-arxayınlaşmadan doğan fəsadların, ikinci dalğanın yaşanmasının şahidiyik.

Ona görə arxayınlaşmamalı, sosial məsafəni gözləməkdə, tibbi maskalar və əlcəklərdən istifadədə davam etməliyik.

Yeri gəldi-gəlmədi həyətə, bayıra, küçələrə, meydanlara axışmamalıyıq, həm özümüzü qorumalıyıq, həm də ətrafımızdakıları.

Hər birimiz yenə də TƏBİB-in, Operativ Qərargahın, ölkə Prezidentinin və Birinci xanımın çağırışlarına, tövsiyələrinə əməl etməliyik.

Qeyd etdiyimiz kimi, artıq 4 gündən sonra karantin və bəzi bölgələrdə xüsusi sərt karantin rejiminin müddəti bitir.

Yəqin ki, bu gün, ən geci sabah bu məsələ ilə bağlı hökumət, Operativ Qərargah öz sözünü deyəcək, öz qərarını elan edəcəkdir.

Artıq mediada və sosial şəbəkələrdə də bu yöndə müzakirələr getməkdə, müxtəlif versiyalar səslənməkdədir.

Mənim şəxsi fikrim belədir ki, bu virus tam məhv edilməyənə qədər ölkəmizdə ümumi karantin rejimi uzadılmalı və davam etdirilməlidir.

Amma bununla belə, nəzarət etməklə, rayonlara gediş-gəliş açılmalı, sərbəstləşdirilməlidir.

Eyni zamanda, məktəblərlə, təhsil müəssisləri ilə bağlı qərar verilməlidir.

Bəli, əsas məsələ sağlamlığımız, onun təmin edilməsi, qorunub-saxlanılmasıdır, amma uzun müddətə də təhsil müəssisələrini bağlamaq olmaz, hansısa formada bu məsələ də öz həllini tapmalıdır.

Ancaq bütün hallarda, məsuliyyət, məsuliyyət, yenə də məsuliyyət!!!

Jalə ƏLİYEVA,

Millət vəkili, professor

Etikxeber.az

Read Previous

Mobil rabitə şirkətinin vəzifəli şəxsinin övladının toy məclisini keçirənlər-MƏSULİYYƏTƏ CƏLB EDİLDİ – FOTO

Read Next

137 yeni yoluxma-DAHA 2 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir