Kasıb ailənin tək və subay oğlu…2021-ci ildə, Əsgərliyinin başa çatmasına cəmi 23 gün qalmış və cəmi 19 yaşında Şəhid olan-ZARATLI ASİF ADİL OĞLU ƏLİYEV…ŞƏHİDLİYİNDƏN SONRA MEDAL VƏ ORDEN HAQQI NİYƏ TANINMIR, SƏBƏB NƏDİR? – FOTOLAR

Daha bir Şəhid ocağı, daha bir müqəddəs Şəhid ziyarətgahı, daha bir Şəhid ziyarəti…

Daha bir sönmüş ocaq, daha bir oğulsuz qalmış ocaq…

Daha bir oğul yolu gözləyən ocaq…

Daha bir Qəhrəman ocağı, daha bir Vətən sevdalısı ocağı!

***

25 fevral 2024-cü il tarixində, axşam saatlarında Şəhidsevərlər-“Odlar yurdu” qrupunun üzvü Azər Hüseynov, iki xalası oğlu və daha bir yaxın qohumu Şəhid olmuş Rza Mahmudov və Anar Sərdarovla daha bir Şəhid ailəsini, daha bir Şəhid ocağını ziyarət etdik…

Siyəzən rayonunun Zarat qəsəbəsindən olan Şəhid Asif Adil oğlu Əliyevin ocağında, ailəsində olduq…

Şəhidimizin Dərdli, Yaralı, həm də Məğrur valideynlərinə-anası, əslən Xaçmaz Rəna xanıma və atası-Zaratlı Adil Əliyevə başsağlığı verdik, onlara Allahdan səbr və dözüm dilədik…

“Şəhidimizin məkanı cənnətlik, məqamı Uca, ruhu şad olsun!”-dedik…

Şəhidimizin ruhu və onların qarşısında baş əydiyimizi söylədik…

Şəhidimizə, Şəhidlərimizə, onları yetişdirən, onlara dəyər verən ailələrə, valideynlərə bir ömür boyu borclu olduğumuzu, onların borcundan da heç zaman çıxa bilməyəcəyimizi bildirdik…

Bir saata yaxın çəkən ziyarətimiz zamanı Şəhidimizin valideynləri ilə söhbətləşdik, dərdləşdik…

Onlara az da olsa, təsəlli verməyə, onları az da olsa, ovundurmağa çalışdıq…

Təsəlli verə, təsəlli ola, onları ovundura bildikmi…

Demək, söyləmək…çox çətindir…

***

Asif Əliyev 2002-ci ilin iyun ayının 1-də, Beynəlxalq Uşaqların Müdafiəsi Günündə, Zarat qəsəbəsində sadə və kasıb bir ailədə dünyaya gəlib…

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub…

Tək bacısı hazırda ailəlidir və övladına, körpəsinə qardaşının-Asifin adını qoyub…

Adı ilə böyüsün, torpağı sanı yaşasın!

Zarat qəsəbə orta məktəbində təhsilini başa vurduqdan az sonra, 2020-ci ilin yayında Əsgərliyə yollanıb…

Əsgərliyinin 3-cü ayında İkinci Vətən Müharibəsinə qatılıb…

Döyüşüb, vuruşub və müharibədən, tarixi Zəfərimizdən sonra Əsgərliyinə davam edib, Ali Baş Komandan tərəfindən “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub…

Axırıncı dəfə ailəsi, valideynləri ilə 2021-ci ilin noyabrında görüşüb, icazə alıb babasının yas mərasiminə qatılb…

Deyib ki, evə dönməsinə, Əsgərliyini başa vurmasına az qalıb…

“Darıxmayın…”-deyə, əlavə edib…

Və axırıncı dəfə ailəsi ilə dekabrın 8-də, axşam 8-in yarısında danışıb…

Üstündən heç bir saat keçməmiş isə Kəlbəcər istiqamətində namərd ermənilər tərəfindən atılan snayper gülləsi ilə boynundan vurulub və Şəhidlik məqamına ucalıb…

Gecəykən bütün Zarat camaatı, el-oba Asifin Şəhidliyindən xəbərdar olsa da, valideynlərinə övladlarının Şəhidlik xəbəri yalnız dekabrın 9-da, səhər saat 10-nun yarısı radələrində verilib…

Tək oğullarını itirmiş, Şəhid vermiş valideynləri bu acı, bu dəhşətli xəbərdən sarsılıb…

Ocaqları sönüb, həyatları alt-üst olub…

Elə həmin gün nəşi Zarat qəsəbə qəbiristanlığında Əbədiyyətə uğurlanıb cəmi 19 yaşlı və Əsgərliyinin başa çatmasına cəmi 22 gün qalmış Nur üzlü Asif Əliyev…

Hazırda yaşadığı və böyuk təmirə ehtiyacı olan küçəyə adı verilib…

Ancaq çox təəssüflər olsun ki, Şəhidliyindən sonra heç bir medal və ordenlə təltif olunmayıb…

Haqq etdiyi medalları və ordeni Şəhidliyindən 2 il 2 ay keçsə də, ala bilməyib…

Bu isə Şəhidin Yaralı, Dərdli, həm də Qürurlu valideynlərini çox incidir, çox məyus edir…

Onlar övladlarının növbəti medallarla və ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını, bununla az da olsa, mənəvi təsəlli tapmaq istəyirlər…

Ona görə yaxşı olardı ki, aidiyyatı qurumlar, cavabdeh şəxslər bu haqsızlığın aradan qaldırılması üçün gec olsa, həssaslıq nümayiş etdirsinlər, hərəkətə keçsinlər…

Və nəhayət, Asif Əliyevin Haqq etdiyi növbəti medallarla və ordenlə təltif olunması məsələsinə nail olsunlar!

Bu, onların vəzifəsi, borcudur!

Dərgahı mübarək olsun, Nur üzlü Şəhidimizin!

Nur içində uyusun, Nur üzlümüz!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Sabah hava-NECƏ OLACAQ?

Read Next

“Xocalı soyqırımı heç vaxt xalqımızın yaddaşından silinməyəcək…Heç vaxt Azərbaycan xalqı bu qanlı cinayəti unutmayacaq…Xocalı azad olunmadan biz sakitləşə bilməzdik…”-İLHAM ƏLİYEV – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir