Keçən dəfə rektorlar, bu dəfə direktorlar-BƏS GƏLƏN DƏFƏ?

Məlum olduğu kimi, 5-ci çağırış Milli Məclisə (MM) seçkilər zamanı hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan rektorlar qarşısında seçki-deputatlıq, ya da rektorluq seçimi qoyulmuşdu.

Həmin vaxt rektor olan bəzi YAP-çı deputatlar yenidən mandatı, millət vəkilliyini, bəziləri isə rektorluğu üstün tutmuşdular.

Konkret olaraq, YAP-çı rektor-deputatlardan Abel Məhərrəmovla Əhməd Vəliyev rektorluğu, Səməd Seyidovla Əhliman Əmiraslanov isə mandatı məqbul saymışdılar.

Beləliklə, S. Seyidovla Ə. Əmiraslanovun adları yenidən YAP-ın siyahısında yer almış, A. Məhərrəmovla Ə.Vəliyev seçimləri ilə əlaqədar siyahıdan kənarda qalmışdılar.

Qeyd edək ki, A. Məhərrəmovla Ə. Vəliyev iki dəfə, 3-cü və 4-cü çağırış MM-in üzvü olmuşduıar.

Eyni zamanda, S. Seyidov 4-cü dəfə, Ə. Əmiraslanov isə 3-cü dəfə deputat mandatına yiyələnmişdilər.

Onu da qeyd edək ki, S. Seyidovla Ə. Əmiraslanov yenidən YAP tərəfindən deputatlığa namizəddirlər.

Maraqlıdır ki, 6-cı çağırış (növbədənkənar) seçkilərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müvafiq institutlarının direktorları seçkilərdən kənarda qaldılar.

2000-ci ildən, 2-ci çağırışdan MM-in üzvü olan akademik, AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov YAP-ın siyahısından kənarda qaldı, yenə onunla eyni dövrdən millət vəkili olan eks vitse-spiker, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva isə özü seçkilərdən kənarda qalmağa üstünlük verdi.

Amma bununla yanaşı, son iki çağırış MM-in üzvü olan millət vəkilləri- AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik və YAP-çı İsa Həbibbəyli 3-cü dəfə seçkilərə qatıldılar. Həm də öz vəzifələrində qalmaq şərtilə.

Eyni zamanda, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov növbəti-5-ci dəfə seçkilərə qatıldı, onun namizədliyi yenə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) tərəfindən irəli sürüldü, iki dəfə millət vəkili olan professor, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafazadə bu dəfə seçkilərdən kənarda qaldı.

Həmçinin, bu dəfə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “Dövlət Dəmir Yolları”nın şefi Cavid Qurbanov YAP-ın syihasından kənarda qaldı.

Bununla belə, onlar yenə də öz vəzifələrində qalmaqdadır.

Bəs görəsən növbəti-7-ci çağırış seçkilərdə növbə kimlərə çatacaq? Bunun üçün 5 il gözləmək lazım gələcəkmi?

Hər halda bunu 6-cı dönəm ərzindəki proseslərin gedişatı göstərəcək…

Etikxeber.az

Read Previous

Məşhur basketbolçu və 13 yaşlı qızı helikopter qəzasında-HƏYATINI İTİRDİ…

Read Next

Mingəçevirdə-ZƏLZƏLƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir