Komitə sədri: Bəzi çatışmazlıqlar torpaq mübahisələrinin həllinə mane olur

Milli Məclisin (MM) Regional məsələlər komitəsinin iclası keçirilib.

Etikxeber.az xəbər verir ki, komitənin sədri Arif Rəhimzadə bildirib ki, gündəliyə “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanuna, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə dəyişikliklər edilməsi barədə, həmçinin “İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında” Əsasnamənin təsdiq olunması haqqında” Qanunun ləğv olunması barədə məsələlər daxildir.

Komitə sədri məlumat verib ki, hazırda ölkədə inzibati ərazi vahidlərinin sərhədlərinin müəyyənləşdirilməsi prosesi gedir. Ölkədə mövcud olan 59 torpaq mübahisəsinin həlli üçün bizə müraciət olunub. Həmin torpaq mübahisələrinin həll olunması üçün işçi qrupu yaradılıb. Həmin işçi qrupu yerlərdə oldu, lakin əsasnamədəki bəzi çatışmazlıqlar bu mübahisələrin həllinə mane olur. Ona görə də təklif olunub ki, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanundakı qeyri-müəyyən məsələlər aradan qaldırılsın, bir sıra maddələr ləğv edilsin, bir sıra maddələrdə dəqiqləşmələr aparılsın. Bundan başqa, qanuna yeni “İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması qaydası” adlı yeni fəslin əlavə olunması nəzərdə tutulur. Bu fəsil indiyədək mövcud olan bir çox çatışmazlıqları aradan qaldıracaq. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanuna yuxarıda deyilən əlavə və dəyişikliklər edildikdən sonra artıq əsasnaməyə ehtiyac qalmır. Buna görə də əsasnamə ləğv olunur. Həmçinin bu əlavə və dəyişikliklərlə bağlı Torpaq Məcəlləsindəki müvafiq maddə də dəyişdirilir.

İclasda çıxış edən komitə üzvləri “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanuna inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması qaydalarını tənzimləyən yeni müddəaların əlavə olunmasını yüksək qiymətləndiriblər.

Müzakirələrdən sonra gündəlikdəki hər üç məsələ MM-in plenar iclasına tövsiyə edilib.

Etikxeber.az

Read Previous

Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq

Read Next

Alimlər tərəfindən kəşf edilən yeni element “Nihonium” adlanacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir