“Kreml sahibi artıq anlayır ki, Ankara ilə zarafat etmək, Türkiyəyə yuxarıdan aşağı baxmaq Rusiyanın problemlərini artıra bilər” – POLİTOLOQ

SSRİ-nin diktatoru İosif Stalin İkinci Dünya Müharibəsi bitdikdən dərhal sonra Şərqi Avropa ölkələrində özünə bağlı kommunist rejimlər qurdu, Yalta konfransının, o cümlədən ABŞ və Böyük Britaniya ilə razılaşmaların əleyhinə olaraq faşizmdən azad olunan ölkələrdə demokratik seçkiləri ləğv etdi, bir az sonra Türkiyədən Bosfor və Dardanel boğazlarını tələb etdi.

Vaşinqton və London Kremlin niyə belə etdiyini, razılaşmalara zidd hərəkət etdiyini anlamağa çalışırdılar.

Bu arada, Moskvada çalışan amerikalı diplomat Kennan da “Moskva niyə belə edir” sualı üzərində düşünməyə başladı. Kennan aylarla Moskvadakı kitabxanalarda zaman keçirir, Rusiya imperiyasının tarixini öyrənirdi Kennan oxuduqlarından yekun qənaətə gəlir:

“Rusiya imperiyasını yüz illər boyu idarə edənlər, o cümlədən SSRİ diktatorları Lenin sonra isə Stalin qarşılarındakını zəif gördükdə bütün gücləriylə onların üzərlərinə gedəcəklər, Moskvanı durdurmağın tək yolu harda gəldi müqavimət göstərməkdir, çünki rus diktatorlar qarşılarında real güc gördükdə onunla hesablaşmaq məcburiyyətində qalırlar”.

Kennan bir neçə səhifəlik qənaəitini Vaşinqtona göndərdi. Ağ Evdə bu hesabata diqqət göstərdilər və bundan sonra Amerikanın SSRİ ilə bağlı siyasəti dəyişir, Vaşinqton dialoq, razılaşma anlamayan Kremllə onun öz dilində¸ yəni gücünü göstərməklə danışmağa başlayır.

Bundan sonra Stalin özünü yığışdırır. Beləliklə, Kennanın konsepsiyası özünü doğruldur. Bu deyilənlər indiki dövrə də aiddir.

Kremli idarə edənlərin düşüncə tərzi dəyişməyib.

Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan da hiss olunur ki, İdlibdəki hadisələr fonunda Kennan doktrinasından istifadə etməyə başlayıb. Çünki Ərdoğan da Amerikanın keçmiş rəhbərləri kimi anladı ki, Rusiyanı idarə edən üçün anlaşma, razılaşma boş söz yığnağıdır, Kreml sahibi türkiyəli həmkarına verdiyi vədləri yerinə yetimir.

Kreml sahibi yalnız Ərdoğanın İdlibdəki qətiyyətini gördükdən sonra həm türkiyəli həmkarıyla görüşə razılaşdı, həm də dedi ki, “Rusiyanın kimsə ilə savaşmaq planı yoxdur”.

Martın 5-də Putinlə Ərdoğan Moskvada görüşəcəklər. Ərdoğan bu dəfə əli güclü şəkildə Putinlə görüşəcək. Kreml sahibi də artıq anlayır ki, Ankara ilə zarafat etmək, Türkiyəyə yuxarıdan aşağı baxmaq Rusiyanın problemlərini artıra bilər.

Putin Suriyadakı müharibəyə qədər 1990-cı illərin sonlarında Çeçenistanda qırğınlar hesabına bu bölgəni ram etdi, Gürcüstanın torpaq bütövlüyünü təminatına qarşı bu dövlətlə 2008-ci ildə müharibə edərək Abxaziya və Cənubi Osetiyanı rəsmən işğal etdi, ürəyi soyumadı Ukraynada müharibəyə rəvac verdi, Krımı ilhaq etdi, Donbasda separatimz ocağı yaratdı.

Kreml daha çox həvəslənərək gözünü Suriyaya dikdi. Yəni Rusiyanı dayandıran olmasa, Kreml planlarından əl çəkməyəcək.

Türkiyənin İdlibdə dirənməsi Moskvanı düşünməyə vadar etdi.

Ona görə də Putin bu dəfə risqə getməməyə çalılşacaq.

Ancaq Kreml sahibi ilə razılaşmanın ömrünün uzun olacağını söyləmək də çətindir.

Elxan ŞAHİNOĞLU,

Politoloq

Etikxeber.az

Read Previous

“Ölkə əhalisinin 80 faizi internet istifadəçisidir…” – NAZİR MÜAVİNİ

Read Next

İlham Əliyev Şah İsmayıl Xətainin heykəlinin köçürüldüyü yeni salınmış-PARKDA – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir