“Mənim artıq 60 yaşım var, 21 il gözləmişəm, daha 7 il də gözləməliyəm?”-ŞƏHİD ELÇİN ŞÜKÜROVUN HƏYAT YOLDAŞI ÇİMNAZ BAXŞIYEVA – FOTOLAR

Birinci Qarabağ müharibəsində şəhid olan Elçin Şükürovun həyat yoldaşı Çimnaz Baxşıyeva ona indiyədək ev-mənzil verilməməsindən şikayətçidir. 

Məlumat üçün bildirək ki, Şükürov Elçin Siyavuş oğlu 1962-ci il sentyabrın 6-da Bakı şəhərində anadan olub.

O, 1992-ci ildə könüllü olaraq döyüşə qatılıb.

Ağdərə istiqamətində gedən döyüşlər zamanı Qozlu kəndində Şəhid olub və Birinci Fəxri Xiyabanda dəfn olunub.

Etikxeber.az Şəhid yoldaşının-Çimnaz xanımın müraciətini-şikayətini olduğu kimi təqdim edir:

“Həyat yoldaşım rəhmətə gedən vaxtı Günəşli qəsəbəsində bir otaqlı evdə qalırdıq. Elçin şəhid olandan sonra mən ev növbəsinə yazıldım. Dəfələrlə İcra Hakimiyyətindən zəng edirdilər, məndən rüşvət istəyirdilər. Suraxanı rayonunda növbədə idim. Sonra başa düşdüm ki, Suraxanıda pul vermədən, heç nə edə bilməyəcəm. 

Bir neçə ildir ki, Nərimanov rayonunda növbəyə yazılmışam. Amma təəssüf ki, heç bir irəliləyiş yoxdur. Bu rayonda da məndən sonra siyahıda olanlar çoxdan ev alıb.

Neçə il keçdi, valideynlərim rəhmətə getdi və oğlumla onların evində yaşamağa başladım, Günəşlidəki evi satdım. 21 ildir ki, mən ev növbəsindəyəm. Dəfələrlə dövlət qurumlarına, hətta nazir Sahil Babayevə müraciət ünvanlamışam. Mənə verilən cavablar adətən şablon olur.  Məktubda yazılır ki, 2014-cü il fərmanına uyğun olaraq 2028-ci ilə qədər siz ev ala biləcəksiniz.

Mənim artıq 60 yaşım var.  21 il gözləmişəm, daha 7 il də gözləməliyəm?

 Şəhid ailəsi nə qədər gözləməlidir ki, ev verilsin. Əmək və Əhalinin  Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri canab Vüqar Behbudova dəfələrlə məktub yazmışam.

Bu il  iyunun 16-da onlayın qəbulda iştirak etdim. Məni inandırdılar ki, problem həll olunacaq. Bir müddət keçdi evə baxış üçün adamlar göndərildi, onlar akt yazıb getdilər. Mənə dedilər ki, narahat olmayın, bir həftədən sonra işə baxılacaq və sizə ev veriləcək. 

Bir müddət sonra yenidən məktub aldım ki, hələ gözləməliyəm. Başa düşmürlər ki, 60 yaşlı insanın bir ayağı məzardadır. İkinci qrup əliləm, fəlsəfə doktoruyam. Evə baxış zamanı mən onlara göstərdim ki, kitab qoymağa belə yer yoxdur. 

Düzdür, mən vaqonda, çadırda yaşamıram, ancaq mənim də şəraitim yaxşılaşdırılmalıdır”.

Etikxeber.az

Read Previous

Ali təhsilli…22 yaşlı…3 gün sonra Şəhid Aqil Mirzəliyevin-CƏNNƏTDƏKİ İLK AD GÜNÜ OLACAQ, MƏZARI ZİYARƏT EDİLƏCƏK… – FOTOLAR

Read Next

Özünü zühur etmiş İmam Mehdi kimi təqdim etdi, vətəndaşların külli miqdarda pulunu mənimsədi VƏ TUTULDU – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir