Mehmanxanaya və anbara bomba qoyulması barədə polisə yalan məlumat verən şəxslər tutuldu

Yeni ilin ilk günlərində paytaxtın müxtəlif məkanlarına bomba qoyulması barədə Daxili İşlər Nazirliyinin (DİN) “102” Xidmətinə və ərazi polis orqanına iki məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, həmin günlərdə gücləndirilmiş iş rejimində xidmət aparan daxili işlər orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bilərəkdən yalan məlumatlar verən şəxslər “isti izlər”lə müəyyən edilərək məsuliyyətə cəlb olunublar.

Belə ki, yanvarın 2-də saat 21.40 radələrində naməlum şəxs Səbail rayonu ərazisindəki mehmanxanalardan birinə bomba qoyulması barədə məlumat verib. Digər hüquq mühafizə orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilib, lakin məlumat təsdiqini tapmayıb.

Daxili ishler

Bakı Şəhər Baş və Səbail Rayon Polis idarələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə bomba qoyulması barədə yalan məlumat verməkdə şübhəli bilinən paytaxt sakini, 24 yaşlı Elmar Qasımov müəyyənləşdirilərək saxlanılıb.

Yanvarın 3-də isə saat 16.28-də DİN-in “102” Xidmətinə zəng edən naməlum şəxs paytaxtın Nizami rayonu ərazisində yerləşən anbarda bomba olması barədə xəbər verib.

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb, anbara baxış keçirilib, bu dəfə də məlumatın yalan olduğu müəyyənləşib.

Görülmüş tədbirlərlə yalan xəbərin 61 yaşlı Bakı şəhər sakini Həsən İsmayılov tərəfindən verildiyi dəqiqləşdirilib. H.İsmayılov Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki fakt üzrə Cinayət Məcəlləsinin 216-cı maddəsi (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) ilə cinayət işləri başlanılıb, məhkəmələr tərəfindən saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işləri üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyi vətəndaşların diqqətinə çatdırır ki, insanlar arasında təşvişə və ajiotaja səbəb olan belə əməllər cinayət məsuliyyəti yaradır. Hüquq mühafizə orqanlarına bilərəkdən yalan məlumatlar verən şəxslər barəsində bundan sonra da qanunvericilikdə nəzərdə tutulmuş qaydada ən ciddi tədbirlər görüləcək.

Etikxeber.az

Read Previous

2018-ci ildə turizm üçün ən yaxşı məkan hansı türk cümhuriyyətidir?

Read Next

PSJ Ronaldoya beş il üçün 300 milyon avro ödəməyə razıdır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir