MM-in iclası-BƏZİ DEPUTATLAR TİBBİ MASKADAN İSTİFADƏ EDİR – PLENAR İCLASLAR ONLAYN KEÇİRİLƏ BİLƏR – SİYAVUŞ NOVRUZOVUN ÜÇ “VİRUS”U – 3 QANUNA CİDDİ DƏYİŞİKLİLƏR…- FOTO- YENİLƏNİB – (7)

6-cı çağırış Milli Məclisin (MM) növbəti-4-cü plenar iclası öz işinə başlayıb.

Etikxeber.az xəbər verir ki, iclasa spiker Sahibə Qafarova sədrlik edir.

İclasın gündəliyinə 16 məsələ salınıb.

Qeyd edək ki, millət vəkilləri bir-birindən iki metr aralıda əyləşiblər, 65 yaşdan yuxarı olan bəzi deputatlar isə iclasa qatılmayıblar.

Eyni zamanda, MM-in 5-ci iclasının-hökumətin hesabatı ilə bağlı müzakirələrin nə vaxt keçiriləcəyi hələlik tam dəqiq deyil.

Bu məsələyə də bu gün aydınlıq gətirilə bilər.

***

İclasda iştirak edən bəzi deputatlar tibbi maskalardan istifadə edirlər.

***

“Bu gün koronavirus infeksiyası dünyanın 190-dan çox ölkəsinə yayılıb. Azərbaycan Prezidenti və Birinci vitse-prezidentin gördüyü işlər nəticəsində bu infeksiya ilə balı ölkəmizdə qabaqlayıcı işlər həyata keçirilir”.

Bunu spiker S. Qafarova deyib.

Spiker bildirib ki, MM də koronovirusla mübarizə çərçivəsində xüsusi iş rejimində fəaliyyət göstərir:

“Biz Milli Məclisin gələcək iclaslarını da onlayn qaydada keçirməyi planlaşırırıq”.

***

“Biz üç virusa qarşı mübarizə aparırıq. Bunlar koronavirus, Ermənistan və sapı özümüzdən olan baltalardır”.

Bunu iclasda MM-in Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, bəziləri xaricdə və daxildə olan vasitələrlə bunun daha da genişlənməsi, hökumətin bunun öhdəsindən gəlməməsi ilə bağlı fikirlər səsləndirirlər:

“Ancaq xaricdə olan həmin şəxslərin çoxu olduqları ölkələrdə heç çölə çıxa bilmirlər”.

***

“Milli Məclisin iclaslarının onlayn keçirilməsi üçün texniki ləvazimatlar lazımdır”.

Bunu da S. Qafarova deyib.

S. Qafarova bildirib ki, onlayn iclasın keçirilməsində müəyyən çətinliklər olacağı üçün iclasın əvvəlində bu məsələləri xüsusi səsləndirib:

“Hazırda texniki təchizatın aparılması üçün iş aparılır”.

***

“Deputatların davranış qaydaları sərtləşdirilməlidir”.

Bunu isə S. Novruzov “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna təklif edilən dəyişikliklə bağlı müzakirələrdə deyib.

S. Novruzov bildirib ki, bəzi deputatlar seçicisi olmayan şəxslərin müdafiəsinə qalxırlar:

“Bu bizim statusumuza uyğun deyil. Deputatın vəzifəsi öz seçicilərinin problemlərini Milli Məclisdə səsləndirməkdir”.

***

Deputatın MM-in və onun orqanlarının iclaslarında iştirak etməsi bir vəzifə kimi müəyyənləşir.

Bu,  “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun 7-ci maddəsinin adı “Deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək səlahiyyəti” “Deputatın Azərbaycan Respublikası Milli Məclisinin və onun orqanlarının iclaslarında iştirak etmək vəzifəsi” ilə əvəzlənir. Qüvvədə olan qanuna əsasən, deputatın MM-in və onun orqanlarının iclaslarında iştirak etmək səlahiyyəti vardırsa, dəyişikliyə əsasən, artıq bu, bir tələb kimi müəyyənləşir.

Deputat MM-in və onun orqanlarının iclaslarında iştirak etməlidir. Eyni zamanda bu tələbin üzrsüz səbəbdən pozulması parlamentdaxili məsuliyyətə səbəb olacaq.

***

Həmçinin, karantin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar MM Sədri 42 deputatın tələbi əsasında MM-iniclaslarının, həmçinin, komitə və komissiya iclaslarının müəyyən dövr üçün real vaxt rejimində internet vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək.

Bu isə “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.

Real vaxt rejimində keçirilən iclaslarda səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcək. MM-in və komitələrinin iclaslarının İnternet vasitəsi ilə keçirilməsi ilə əlaqədar MM-in iclaslarında səsvermənin növləri və qaydasına da dəyişiklik edilir.

Qüvvədə olan Daxili Nizamnaməyə əsasən, səsvermə zamanı MM-in iclas salonunda olmayan deputat səsverməyə ayrılan vaxt qurtardıqdan sonra səs verə bilməzdi. Təklif edilən dəyişikliyə əsasən, deputatın səs verməsi üçün salonda olması tələbi ləğv edilir.

Təklif edilən yeni redaksiyaya əsasən, deputat səsverməyə ayrılan vaxt qurtardıqdan sonra səs verə bilməz.

***

Eyni zamanda, karantin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar MM Sədri 42 deputatın tələbi əsasında MM-in komitə iclaslarının müəyyən dövr üçün real vaxt rejimində internet vasitəsilə keçirilməsi barədə sərəncam qəbul edəcək.

Bu da “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Real vaxt rejimində keçirilən iclaslarda səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçiriləcək.

Bu qanun 2020-ci il dekabrın 30-dək qüvvədədir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Tibbi sığorta haqqında” qanun-DƏYİŞDİRİLDİ, TİBB İŞÇİLƏRİ MM-DƏ ALQIŞLANDI, ONLARA XÜSUSİ STATUS VERİLMƏSİ TƏKLİF OLUNDU, BABAOĞLU TİBBİ MASKALARDAN DANIŞDI, PAŞAYEVA ÇAĞIRIŞ ETDİ – VİDEO- YENİLƏNİB – (5)

Read Next

Kərimli, Nurullayev və Həsənquliyevdən-MARAQLI FİKİR VƏ TƏKLİFLƏR…-YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir