Musa Quliyev: “İnsan orqanizminə bioloji cəhətdən yaxın olmasına görə bitki dərmanlardan istifadə olunması daha məsləhətlidir”

“Dərman təminatının davamlı, keyfiyyətli, əlçatan olması vacib şərtdir. Ona görə də bir çox ölkələr öz əhalisi üçün dərman istehsal edirlər və hətta xarici bazarlara çıxarırlar. Təəssüf ki, indiyə qədər Azərbaycanda dərman istehsalı yoxdur. Keçmiş SSRİ dövründə ölkəmizdə yod istehsal edən zavod fəaliyyət göstərib ki, vaxtilə bu dövlətin böyük bir ərazisini yodla təmin edib. Eyni zamanda, Naftalan neftindən də sürtkü dərmanlar hazırlanıb”.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.

O, deyib ki, hazırda hər iki sahədə istehsal yoxdur, amma ölkəmizin həm yod istehsal etmək, həm də Naftalan neftindən dərmanlar hazırlamaq üçün böyük potensialı var.

Onun sözlərinə görə, nəzərə alaq ki, bu gün Azərbaycan müharibə şəraitində olan ölkədir. Əgər hərbi əməliyyatlar başlayarsa, dərmana ehtiyacımız çox ciddi şəkildə artacaq. Bu mənada dərman istehsal etməyimiz vacibdir.

“Ölkəmizə xaricdən dərman idxal olunur və buna çox böyük vəsait xərclənir. Bu vəsaitin ölkədən çıxmasının qarşısını almaq, ölkəyə valyuta gətirmək üçün dərman istehsalı çox vacib məsələlərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada bir nəfərin illik 20 dollar həcmində dərmana etiyacı var. Bu göstərici ilə hesablasaq, ölkəmizdə hər il dərmana təxminən 2 milyard dollar həcmində pul xərclənir. Doğrudur, bizdə rəsmi göstəricilər aşağıdır, amma beynəlxalq standartlara görə, dünyada vəziyyət belədir. Əgər ölkəmizdə dərman istehsal olunsa, külli miqdarda vəsaitin xaricə axmasının qarşısı alınar. Həm də, ölkədə keyfiyyətli, ucuz, təminatlı dərmanlar istehsal olunacaq və onu xarici bazarlara ixrac etmək mümkündür. Dərman istehsalı həmçinin yeni iş yerlərinin açılması deməkdir. Eyni zamanda, bu sahədə mütəxəssislərin hazırlanmasına və onların işlə təmin olunmasına şərait yaradacaq.

Digər bir özəllik ondan ibarətdir ki, Azərbaycan dərman bitkiləri ilə zəngin regiondur. Dərman bitkiləri faktiki istifadəsizdir və biz bu potensialdan istifadə etmirik. Nəzərə alsaq ki, dünyada ən qiymətli dərmanlar bitki tərkibli dərmanlar hesab olunur, bu potensialdan səmərəli istifadə etməliyik. Kimyəvi dərmanlar onlardan həm keyfiyyətinə görə geri qalır, həm də kimyəvi dərmanların əlavə təsirləri olur. İnsan orqanizminə bioloji cəhətdən yaxın olmasına görə bitki dərmanlardan istifadə olunması daha məsləhətlidir. Əgər Azərbaycanda dərman istehsalı həyata keçirilərsə, bir çox iqtisadi, sosial, siyasi səmərəsi ola bilər. Həmçinin ölkəmizin bitki potensialından istifadə olunacaq.

Yaxşı dərmanlar istehsal edən müəssisələr qura bilsək, xaricə də dərman ixrac edə bilərik, bu da ölkəyə əlavə valyuta gətirəcək. Artıq bu istiqamətdə işlər görülür, danışıqlar aparılır. Yəqin ki, ilkin olaraq tanınmış xarici şirkətlərlə iş qurulacaq. Hesab edirəm ki, biz bu hədəfimizə də nail olacağıq. Çünki dərman istehsalı ölkəmiz üçün böyük önəm daşıyır”-deyə, M.Quliyev daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Hadi Rəcəbli: “Sosial müdafiə sistemində ələbaxımlılıqdan qaçmaq lazımdır”

Read Next

Beynəlxalq müsabiqə laureatının solo konserti keçirilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir