“Nə başı var, nə ayağı…” – KAMİLƏ ƏLİYEVA DƏRSLİKLƏRDƏN ŞİKAYƏTLƏNDİ

Deputat: “Papa”larının “gül balaları”nın ödəniş problemi yoxdur

İmkansız ailələrin övladlarının, xüsusilə, istedadlı uşaqların  ödənişsiz ali təhsilə yollarını, qapılarını açmalıyıq. Bu, mütləq edilməlidir.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin mayın 23-də  keçirilən iclasında Əmək Məcəlləsinə və “Təhsil haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan layihələrinin müzakirəsi zamanı millət vəkili Asim Mollazadə deyib.

“Onsuz da “papa”larının “gül balaları” üçün ödəniş məsələsində heç bir problem yoxdur. Onlar istənilən yollarla təhsil ala, ödəniş edə biləcəklər. Amma imkansız ailələrin istedadlı övladlarının ödənişsiz ali təhsilə yollarını açmalıyıq. Onlara belə bir imkan verilməlidir”.

Millət vəkili Tahir Mirkişili  isə deyib ki, ali təhsil məktəblərinə, universitetlərə qəbul asanlaşdırılmalı, amma həmin məktəblərdə təhsil, tədris bir qədər sərtləşdirilməlidir.

Millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva da təhsil qanununa dəyişiklikləri əhəmiyyətli sayıb.

kamile_eliyeva

Amma təklif edib ki, “təhsilin səviyyələri və pillələri” məsələsinə yenidən baxılsın.

O, eyni zamanda, məktəblərdə dərs yükünün ağır olmasından şikayətlənib:

“Bu, sadələşdirilməli, yüngülləşdirilməlidir. Həmçinin, dərsliklərimizin vəziyyəti olduqca bərbaddır. Bir dəfə demişəm, indi də deyirəm ki, dərsliklər daha çox orta məktəb müəllimlərinin özləri tərəfindən yazılmalıdır. Bununla yanaşı, rus məktəblərindəki ədəbiyyat fənni üzrə dərsliklər çox bərbad vəziyyətdədir. Başa düşmək olmur ki, oradakı şeirlər, hekayələr haradan götürülüb, kimlər tərəfindən yazılıb?! Nə başı var, nə ayağı… Uşaqlar çox əziyyət çəkirlər. Bunlar təcili aradan qaldırılmalıdır”.

parvinn

Millət vəkili Pərvin Kərimzadə öz növbəsində təklif olunan dəyişiklikləri müsbət saydığını və dəstəklədiyini bildirib:

“Bununla yanaşı hesab edirəm ki, ali məktəblərə qəbul sadələşdirilməlidir. Bu, heç də test üsulunun aradan qaldırılması demək deyil. Bu, mütərəqqi üsuldur. Amma bununla belə düşünürəm ki, qəbul asanlaşdırılmalı, sadələşdirilməlidir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Təhsilimizdə yeni səhifə açılacaq, təhsil sistemimiz sağlamlaşacaq – MUSA QASIMLI

Read Next

Bakıdakı məktəblərin 10 faizində sıxlıq var – TƏHSİL NAZİRİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir