“Ölümü belə göz önünə alaraq xalqı qarşısında iki dəfə ayağa qalxması ilə həmin gün bizlərə bütün Azərbaycan xalqına, bütün dünyaya ən böyük mesajını göndərdi, ən əvəzsiz nümunəni göstərdi…”-JALƏ ƏLİYEVA

27 il əvvəl – o müdhiş günlərdə, xalqa hava və su kimi lazım olan o böyük şəxsiyyət, o dahi insan xalqının ona ünvanlanan həyəcanlı səsinə səs verdi, xalqının ona uzanan titrək əllərini öz güclü əlləri ilə sıxdı, xalqının ona bəslənən sonsuz ümidlərinə arxa durdu. Və Azərbaycanda yenidən hakimiyyətə qayıtdı. Bu qayıdış Azərbaycan adlı dövləti yoxdan var etdi. Bu qayıdış Azərbaycan dövlətçiliyin sübutuna çevrildi. Bu qayıdış Azərbaycan xalqının qurtuluşu – Qurtuluş günü oldu.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, professor Jalə Əliyeva dilə gətirib.

Qeyd edib ki, dövlətin qorunub saxlanması, dövlətçiliyin möhkəmləndirilməsi, azadlığımızın, müstəqilliyimizin bərqərar olması böyük qurtuluşun başlanğıcı idi. Onun sözlərinə görə, bu gün baş ucalığı ilə, böyük bir iftixar hissi ilə qeyd etdiyimiz və qurtuluş adını daşıyan 1993-cü ilin məhz 15 iyunundan sonra, yəni, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, həmin günə qədər ağır vəziyyətdə olan ölkənin problemləri mərhələ-mərhələ həll olunmağa başladı. Gəncədəki hadisələr Heydər Əliyevin müdrikliyi ilə dinc yolla nizamlandı. Qondarma “Talış Muğan Respublikası” Heydər Əliyevin xalqa müraciəti və bölgədə yaşayan insanların təkidi ilə ləğv olundu. Sadvalçıların separatçı hərəkətlərinin qarşısı alındı. Ayrı-ayrı şəxslərə və silahlı qruplaşmalara xidmət edən silahlı birləşmələr zərərsizləşdirildi:

“1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində ölkəmiz üçün həyati əhəmiyyət daşıyan atəşkəsə nail olundu. İnflyasiya dayandırıldı. Aqrar sahədə islahatlara başlandı. Azad bazar iqtisadiyyatına keçidlə əlaqədar özəlləşdirməyə geniş meydan verildi. Xarici siyasətdə mühüm nailiyyətlər əldə edildi, beynəlxalq maliyyə mərkəzləri, dünyanın iri şirkətləri Azərbaycana böyük miqdarda kredit verməyə, investisiya qoymağa başladılar. Azərbaycanda yaranmış sabitlik, ölkəmizə beynəlxalq aləmdə artan inam və etimad nəticəsində Bakıda “Əsrin müqaviləsi” adlı ilk neft kontraktı imzalandı. Elə bu zaman sanki tətikdə oturub gözləyən, Azərbaycanın uğurları gözlərinə tikan olub batan, bu ölkənin gələcək potensialını özlərinə təhlükə mənbəyi kimi görən bəzi xarici qüvvələr hərəkətə keçdilər. Hakimiyyəti devirmək üçün ölkənin daxilində belə deyək ki, “narazı” birləşmələrin əliylə dövlət çevrilişi etmək eşqinə düşdülər. Yenə də Ulu Öndərin qətiyyəti və xalqın köməyi ilə bu cəhdin qarşısı məharətlə alındı. Çox keçmədən, 1995-ci ilin martında yeni bir çevriliş cəhdi göstərildi və bir daha Heydər Əliyevin yenilməz iradəsi bu niyyəti də, bu əməli də sıfıra endirdi. Azərbaycanda sabitlik və əmin-amanlıq yarandı. Milli-mənəvi dəyərlərimiz bərpa edildi. Ölkə xaosdan, hərc-mərclikdən xilas oldu. Böyük uğurlara imza atdı. Dünya Azərbaycana Heydər Əliyev zirvəsindən baxmağa başladı. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti özünün möhkəmliyini, etibarlılığını, qanunçuluğu və vətəndaşların təhlükəsizliyini hər şeydən üstün tutduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda hakimiyyətə gəlmək üçün silahlı dəstələrdən, zorakılıqdan istifadə etmək ənənəsinə son qoyuldu. Ölkəmiz dinc və sakit bir şəraitdə öz müstəqil dövlətini qurmaq və inkişaf etdirmək imkanı qazandı. Ölkə demokratik, hüquqi, dünyəvi dövlət yaratmaq naminə geniş islahatlar dövrünə qədəm qoydu. Bir az əvvəl dediyim fikri bir daha təkrarlamaq istəyirəm. Ulu Öndər qısa bir zaman kəsiyində Azərbaycanı bir dünya dövlətinə çevirdi. Dövləti olmayan xalq ölümə məhkumdur. Məhz Heydər Əliyevin sayəsində Azərbaycan dövlətçiliyi ona qarşı yönələn bütün məkrli əməllərin öhdəsindən uğurla gəldi. Məhz Heydər Əliyev xalqımızın inamını, gələcəyə olan ümidlərini özünə qaytardı. Azərbaycanın müstəqilliyini əbədi və dönməz, Azərbaycan dövlətçiliyini möhkəm və sarsılmaz etdi”

Sonra “Mən bütün bu hadisələri, bu xronologiyanı, hamımıza yaxşı məlum olan və yaxşı xatırladığımız o günləri sadəcə bir yazının tezisləri olaraq xatırlamıram və heç kəsə yaxın tariximizi yenidən anlatmaq fikrində də deyiləm. Məncə, ürəyində zərrə qədər də olsa vətən sevgisi daşıyan, xalq, millət təəssübü çəkən heç bir insan bu günlərin acı həqiqətlərini inkar edə bilməz. Mənim bütün bu sadaladıqlarımla demək istədiyim fikir qısaca olaraq bundan ibarətdir ki, biz – yəni Azərbaycan xalqı çox xoşbəxt xalqıq. Çünki Tanrı, Heydər Əliyev kimi bir rəhbəri bir az əvvəl də, alman filosofu Karleyl Tomasa istinadən qeyd etdiyim kimi, dünyada sayı çox olmayan oğullardan birini bizim taleyimizə yazıb”-deyən xanım parlamentari bildirib ki, qısa bir zaman kəsiyində bütün bu uğurlara imza atmaq, bu gün demokratiyanın beşiyi sayılan, 200 ildən çox dövlətçilik təcrübəsi olan ölkələrin qət etdiyi məsafəni cəmi 10 ildə keçə bilmək nə qədər ağıl, qətiyyət, cəsarət, enerji, fiziki sağlamlıq tələb edirdi?!

“Və bütün bunlara artıq ömrünün qürub çağında olan, Tanrının ona verdiyi ömür payını rahat, qayğılardan və bütün həyəcanlardan uzaq bir şəraitdə yaşamaq yerinə, ömrünün qalan hissəsini də xalqına qurban verən bir insan – adı hər zaman böyük hərflərlə yazılası olan böyük şəxsiyyət – məğrur və əzəmətli Heydər Əliyev sinə gərirdi. Heydər Əliyev məğrurluğunu, əzəmətini heç zaman itirmədi. Mən bu bayram günündə ağrılı, kədərli anları xatırlatmaq istəməsəm də – çünki o anı xatırlayarkən məndən asılı olmadan məni qəhər boğur, ancaq bu da bir tarixdir. Yəqin ki, nədən söhbət getdiyini anladınız. 2003-cü ilin aprel ayının 19-u… İndi onun adını daşıyan Respublika sarayında müdavimlərlə görüş və… səhhətdə yaranan problem. Mən xırdalığa varmayacağam. Ölümü belə göz önünə alaraq xalqı qarşısında iki dəfə ayağa qalxması ilə həmin gün bizlərə bütün Azərbaycan xalqına, bütün dünyaya ən böyük mesajını göndərdi, ən əvəzsiz nümunəni göstərdi. Həmin gün Ulu Öndər xalqa əyilməzlik öyrətdi, Azərbaycan tarixində məğrurluq, əzəmət və yenilməzlik səhifəsi açdı.

Ulu Öndər deyirdi ki, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam”. Bizlər də fəxr edirik ki, Heydər Əliyevin əmanəti olan, onun ideyalarının yaşadığı, inkişaf etdiyi, gündən günə müasirləşən və ən əsası güclü dövlətçilik təməlləri olan bir ölkənin – Azərbaycanın vətəndaşlarıyıq. Vətən və vətəndaşlıq, dövlət və dövlətçilik, Azərbaycan və azərbaycançılıq ən böyük amalımız olmalıdır. Gəlin unutmayaq ki, öz dövlətinə, öz vətəninə, öz millətinə, öz bayrağına, öz himninə, öz Prezidentinə hörmətlə yanaşmağı bacaran, onu ürəkdən sevən, ona sadiq olan xalqlar tarix qarşısında hər zaman qalib gəliblər. Azərbaycan xalqı da öz Prezidentinə, möhtərəm İlham Əliyevə hər zaman sadiqdir və sadiq olaraq qalacaqdır. Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarının qalibiyyət bayrağına çevrilən, yaşından, kimliyindən, mövqeyindən asılı olmadan hər bir azərbaycanlının Prezidenti olmağı bacaran cənab İlham Əliyevə xalqın ehtiramı, məhəbbəti və sədaqəri sonsuzdur. Əminik ki, bu ehtiram, bu məhəbbət və sədaqətlə Prezidentimizə arxa duran xalqımıza Ulu Öndərin ruhu həmişə yar olacaq, dayandığı zirvədən bizə hər zaman olduğu kimi bundan sonra da doğru yolu göstərəcək”-deyə, J. Əliyeva sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Ölkə əhalisinin sayı-AÇIQLANDI…

Read Next

Parlamentin komitə sədri son 5 ayın iqtisadi göstəricilərini-ŞƏRH ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir