“Onların da diplomatik pasporta ehtiyacları olacaq…”- XALQ YAZIÇISI

Biz bu gün Yeni Azərbaycan Partiyasının (YAP  parlamentin vaxtından əvvəl buraxılması haqqındakı təşəbbüsünü müzakirə edirik. Prinsip etibarı ilə mən bu qərara qarşı deyiləm. Çünki doğurdan da kadr islahatları və obyektiv səbəblər nəticəsində parlament üzvlərinin sayı xeyli azalıb. Mərkəzi Seçki Komissiyası (MSK)  boş qalan yerlərə əlavə seçki keçirməli idi ya da ümumiyyətlə yeni seçkilər haqqında düşünməli idi.

Ona görə məncə YAP-ın təşəbbüsü məntiqli və başa düşüləndir. Lakin bəzi KİV vasitələri, sosial şəbəkə istifadəçiləri  bu qərarı sensassion bir qərar kimi qiymətləndirərək onun ətrafında dərhal qeyri sağlam manipulyasiya etməyə başlayıblar. Hətta leqal sayt olan “Haqqın.az” saytı belə bir başlıqla məqalə dərc etmişdir: «Парламент, который мешал президенту» (Prezidentə mane olan Parlament). Məqalənin özündə isə parlamentə qarşı kəskin və hətta təhqiredici ifadələr var.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, Xalq yazıçısı Elmira Axundova parlamentdə çıxışı zamanı deyib.

“Biz əvvəl də Parlamentə qarşı belə bir ifadələrlə sosial şəbəkələrdə, radikal müxalifət KİV-də rast gəlmişik. Lakin indi Azərbaycanda fəaliyyət göstərən və hakimiyyətə leqal olan saytlar da onlara qoşulmaqdadır. Hətta bir çox leqal saytlar gülünc bir ifadə ilə camaatı çaşdırıblar. Yazıblar ki, Parlament buraxıldı. Halbuki indiki Parlament yeni seçkilər keçirilənədək və təzə Parlamentin tərkibi formalaşana qədər öz funksiyalarını yerinə yetirəcəkdir. Bunu camaat bilməlidir”-deyən millət vəkili bildirib ki, 0nun fikrincə, bu, dözülməzdir və ölkənin əsas və yeganə qanunvericilik orqanına açıq hörmətsizlikdir.

“Nəinki Milli Məclisə, eyni zamanda, bizə səs verən milyonlarla seçicilərimizə hörmətsizlikdir. Biz özümüz hərdən Parlamentin fəaliyyətindən narazıyıq. Biz də onu daha müstəqil, daha çevik, daha prinsipial görmək istərdik. Lakin demək ki, bu Parlament Prezidentə mane olur və onun siyasətinə qarşı çıxırdı, bu reallığa tamamilə zidd bir şeydir. Biz Prezidentin bütün təşəbbüslərinə, qərarlarına, Milli Məclisə göndərilən qanun layihələrinə həmişə böyük loyallıq və hörmətlə yanaşırıq.

Və cənab Prezident Parlamentin 100 illiyində nitqlə çıxış edərkən bizim fəaliyyətimizi yüksək qiymətləndirmişdir. O cümlədən bu və ya digər mütərəqqi addımları ataraq cənab Prezident məhz deputatların çıxışlarına, təşəbbüslərinə istinad edirdi. Ona görə şəxsən mən Parlamentə qarşı başlanan bu kompaniyanı pisləyirəm və hesab edirəm ki, Parlamentin gördüyü çoxşaxəli işlər gözardı edilməməli və KİV-lər bu mənada yenə də cənab Prezidentin istefaya gedən yüksək çinli məmurlarla olan davranışlarını nümunə götürməlidirlər.

Yəni, bizdə hakimiyyətdən sivil qaydada, hörmətlə getmək ənənəsi artıq formalaşır. Məsələn mənim çox xoşuma gəldi ki, BDU-nun 100 illiyində cənab Prezident öz xatirə şəkilini məhz keçmiş rektor, 17 il bu vəzifədə işləmiş hörmətli Abel Məhərrəmov və indiki rektor Elçin Babayevlə çəkdirmişdir. Bu bütün cəmiyyətə əslində bir mesaj idi. Milli Məclisə, onun üzvlərinə də, indiki və keçmiş tərkibə də eyni hörmətlə yanaşılmalıdır.

Necə ki, Türkiyədə yanaşırlar, onlarda, ümumiyyətlə, “eks” sözü leksikonda yoxdur. Onlar haçansa Parlamentdə təmsil olunmuş insanlara yenə də həmən hörmətlə “Sayın millət vəkili” deyərək müraciət edirlər.

Sonda mən bir xahiş ilə Parlament rəhbərliyinə və müvafiq qurumlara müraciət etmək istərdim: əlbəttə ki, bu parlament yenilənəcək və bu zaman yeni tərkibdə təmsil olunmayan  deputatlar ki, olacaq onların diplomatik pasportları və diplomatik statusları saxlanılsın. Çünki bu insanlar akademik, professor, ictimai xadim və  digər yüksək statuslu şəxslər olaraq beynəlxalq konfrans və tədbirlərdə ölkəmizin milli maraqlarını müdafiə etmək məqsədi ilə yenə də tez-tez xaricə səfər edəcəklər. Ona görə diplomatik pasporta ehtiyacları olacaq. Xahiş edirəm bunu mütləq həyata keçirəsiniz…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Genişmiqyaslı islahatlardan Milli Məclis də kənarda qala bilməz” – SAHİBƏ QAFAROVA

Read Next

Prezidentdən Dilarə Seyidzadə və Gündüz Kərimovla bağlı – SƏRƏNCAM – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir