Polşa Azərbaycanda qeydiyyatdan keçmiş 17 dərman şirkətinin sayını artıra bilər- Nazir müavini

“Polşa həm şirkətlər, həm də hökumətlər səviyyəsində əməkdaşlıq əlaqələrinin dərinləşməsində maraqlıdır və iqtisadi münasibətlərin inkişafı baxımından Azərbaycan Polşa üçün vacib ölkədir”.

Etikxeber.az xəbər verir ki, bu barədə Energetika Nazirliyində Polşa inkişaf nazirinin müavini Radoslav Domagalski-Labentskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniş tərkibli görüşdə bildirilib.

Energetika nazirinin müavini Gülməmməd Cavadovun rəhbərliyi, səhiyyə nazirinin müavini Elsevər Ağayev, nəqliyyat nazirinin müavini Musa Pənahov, müdafiə sənayesi nazirinin müavini Tofiq Rəfiyev, Dövlət Dəniz Administrasiyasının rəis müavini Ehtiram Rəhimov, Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktorunun müavini Vahid Əliyev və Xəzər Dəniz Gəmiçiliyi QSC-nin müəssisəsi “ACSC logistics” MMC-nin baş direktoru İlham Məmmədovun iştirakı ilə keçirilən görüşdə Azərbaycan-Polşa əməkdaşlığının gələcək inkişaf istiqamətləri müzakirə edilib.

Azərbaycanda qeyri-neft sənayesinin inkişafının iqtisadi siyasətin prioritetlərindən olduğunu vurğulayan energetika nazirinin müavini Gülməmməd Cavadov bu istiqamətdə xarici investisiyaların cəlbinin vacibliyini diqqətə çatdirib. Bu baxımdan, Polşa şirkətlərinin fəaliyyəti üçün ölkəmizdə geniş imkanların olduğunu deyərək, əməkdaşlıq təkliflərinin dəyərləndirilməsinin əhəmiyyətini qeyd edib.

Polşa inkişaf nazirinin müavini Radoslav Domagalski-Labentski  bildirib ki o, Polşa şirkətlərinin Azərbaycanda investisiya yatırmaqda maraqlı olduğu sahələrin və layihələrin çoxşaxəli olduğunu, cari ilin dekabrında keçiriləcək iqtisadi əməkdaşlıq üzrə Polşa–Azərbaycan Hökumətlərarası Komissiyanın 7-ci iclasına qədər irəli sürülən təkliflər üzrə razılaşmaların əldə olunmasının vacibliyini vurğulayıb.

Azərbaycan tərəfdən görüşdə iştirak edən hökumət nümayəndələri təmsil etdikləri sahələr üzrə sərmayə qoyuluşu üçün prioritet saydıqları istiqamətlər və layihələr barədə ətraflı məlumat verərək, bir sıra konkret təkliflər irəli sürüblər. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərini həyata keçirməklə Azərbaycanın mühüm nəqliyyat qovşağına çevrildiyini qeyd edən nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib ki, yeni nəqliyyat sisteminin formalaşdırılması iki ölkə arasında da əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır. Nazir müavini Azərbaycanın tranzit potensialının gücləndirilməsi, Xəzər hövzəsində logistik mərkəzlərin yaradılması, dəmir yollarının yenidən qurulması kimi layihələrdə Polşa şirkətlərinin iştirakını mümkün hesab edib.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev isə əczaçılıq sahəsində Polşa ilə əməkdaşlığın uzun tarixə malik olduğunu və buna nümunə kimi Azərbaycanda qeydiyyatdan keçən dərmanların 3 faizinin bu ölkənin payına düşdüyünü xatırladıb. Bildirib ki, Azərbaycanın dərmana olan tələbatının 99 faiz idxaldan asılıdır. Bu problemin aradan qaldırılması məqsədilə 4 ölkə tərəfindən dərman zavodunun tikilməsi təklif edilib. Polşa da bu prosesdə iştirak edə, Azərbaycanda qeydiyyatdan keçmiş 17 dərman şirkətinin sayını artıra bilər. Eyni zamanda, Polşanın tibbi sığorta sahəsində təcrübəsindən bəhrələnməyin zəruriliyi də diqqətə çatdırılıb.

Polşa inkişaf nazirinin müavini səsləndirilən təklifləri yüksək qiymətləndirərək, yeni layihələrin həyata keçirilməsi ilə həm Azərbaycan, həm də Polşanın böyük mənfəət əldə edəcəyinə ümidlərini ifadə edib.

Görüşün yekununda Azərbaycanla Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyaya həmsədrlik edən qurum kimi Energetika Nazirliyi tərəfindən bu münasibətlərin daha da inkişafına lazımi dəstəyin veriləcəyi diqqətə çatdırılıb.

Etikxeber.az

Read Previous

Həmsədrlər yeni gəlir…

Read Next

“Öz hesabımıza yaşayırıq…” – Prezident – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir