Qətiyyətin, inkişafın və həmrəyliyin təntənəsi-HADİ RƏCƏBLİ YAZDI

Bu gün torpaqlarımızın azadlığı ilə nəticələnmiş Vətən müharibəsinin başlanmasının ikinci ili tamam olur.

44 gün davam edən bu müharibədə qazandığımız Zəfər Azərbaycanın yüksəlişinin, Prezident İlham Əliyevin qətiyyətinin və müdrikliyinin, Silahlı Qüvvələrimizin gücünün, hərbçilərimizin yüksək döyüş əzminin milli həmrəyliyimizin təntənəsinə çevrilməklə, tariximizə xalqımızın qürur mənbəyi kimi həkk olundu. 

Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında qalması müasir beynəlxalq münasibətlərin ən böyük ədalətsizliklərindən biri idi. İşğala məruz qalan da, işğalçı da gün kimi aydın olsa da, Qərb siyasi  mərkəzləri əsl həqiqətləri dilə gətirməkdən hər vəchlə uzaq oldular.

Artıq fəaliyyəti dayanmış ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlarda ilk gündən ədalətli mövqe ortaya qoyulmadı. BMT qətnamələrinə müvafiq olaraq ərazilərimizin azad edilməsi heç vaxt Minsk qrupunun həmsədrləri tərəfindən Ermənistanın qarşısında şərt olaraq qoyulmadı. 


Bütün tarixi reallıqlar, tarixi faktlar aydın olsa da, münaqişənin həllinə cəlb edilmiş beynəlxalq missiya işğalçını öz adı ilə çağırmadı və 30 ilə yaxın bir dövrdə Azərbaycanın üzləşdiyi problemin timsalında beynəlxalq hüququn norma və prinsipləri kobud şəkildə pozuldu. Bununla da həm dolayısı, həm də aşkar şəkildə Ermənistanın işğalçılıq siyasətinə dəstək verildi və düşünürdülər ki, zamanla, nəsillər dəyişdikcə Azərbaycan bu vəziyyətlə razılaşacaq. 


Lakin Azərbaycan dövlətini və xalqımızı öz yolundan döndərmək, milli davasından uzaq salmaq mümkün deyildi və xalqımız öz torpaqlarının uzun müddət Ermənistanın işğalı altında qalması ilə barışa bilməzdi. Sülh danışıqları prosesinə sadiq qalan Azərbaycan dövləti torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəyini heç bir zaman gizlətmədi. Bunun üçün, sadəcə, zamana ehtiyac vardı… 


Bu zamanı isə Heydər Əliyev siyasi kursu və bu siyasətin layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyevin respublikamıza müdrik rəhbərliyi yetişdirdi. Dövlətimizin başçısı bu illər ərzində yürütdüyü siyasətlə torpaqlarımızın azad edilməsi üçün uyğun tarixi şərait formalaşdırdı. Ermənistan danışıqlar prosesində imitasiya ilə məşğul olanda, Ali Baş Komandanımız ordumuzun döyüş imkanlarını artırdı. Bu illər ərzində Ermənistan öz ordusu barədə miflər yaradanda Azərbaycan Ordusu təlimlərlə peşəkarlığını artırdı, işğalçıların cəbhə xəttindəki mürəkkəb müdafiə mövqelərini yarmaq məqsədilə məşq etdi. 


Beləliklə, “Nə vaxt, nəyi, necə etmək lazımdır, bunu biz bilirik”, – deyən Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində sərkərdə qətiyyəti ilə tarixi ədaləti bərpa etdi. Bu qələbə həm də Azərbaycanın ərazi bütölüyünün bərpa olunması fonunda beynəlxalq hüququn təntənəsi kimi tarixə həkk olundu.


Respublikamız İkinci Qarabağ savaşında öz ərazi bütövlüyünü təmin edərkən BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutdu, bütün addım, hərəkət və qərarlarında qəbul olunmuş normalar çərçivəsində, həm də humanistlik, insanpərvərlik, sülhsevərlik prinsiplərini rəhbər tutmaqla hərəkət etdi. Dünya erməniliyi, bəzi xarici təşkilatlar tərəfindən dövlətimizin ünvanına yalan ittihamlar səslənsə də, onların heç biri ortaya əsaslı və tutarlı fakt qoya bilməmişlər. Bir neçə gün əvvəl Laçın rayonuna səfəri zamanı çıxış edən Prezident İlham Əliyev bir daha bəyan etdi ki, biz döyüş meydanında ərazilərimizi azad etmişik:

“Heç kim bu torpaqları bizə bağışlamayıb, heç kim bu torpaqları bizə danışıqlar yolu ilə qaytarmayıb. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı idi. Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Bunların heç biri görülmədi. Əksinə, bu işğalı əbədiləşdirmək üçün Ermənistan, dünya erməniliyi və onların xaricdəki havadarları birləşərək bu çirkin niyyəti həyata keçirmək istəyirdilər. Mən isə həmişə deyirdim ki, Azərbaycan xalqı buna heç vaxt razı olmayacaq. Həmişə deyirdim ki, məsələ sülh yolu ilə həll olunmasa, bunu hərb yolu ilə həll edəcəyik və etdik”.


Biz torpaqlarımızın ordumuzun rəşadəti, şəhidlərimizin qanı, qazilərimizin canı bahasına işğaldan azad etdik. Vətən müharibəsində 3 min nəfərə qədər Vətən oğlu canından keçdi. Qarabağ və Şərqi Zəngəzur indi bizim üçün həm də ona görə müqəddəsdir ki, bu torpaqlara igid oğullarımızın qanı hopub. Prezident İlham Əliyevin sərəncamı ilə 27 Sentyabrın Anım Günü kimi təsis olunması şəhidlərimizin xatirəsinə ehtiramın ən böyük nümunəsidir. 


Prezident İlham Əliyevin tapşırığına əsasən, Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları ilə bağlı görülən sosial dəstək tədbirləri də cəmiyyətdə böyük razılıqla qarşılanır. 2021-ci ildə 3 min mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib.  Bu il üçün bu kateqroiyadan olan vətəndaşlara daha 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulur. 


44 günlük Vətən müharibəsindən sonrakı dövrdə genişmiqyaslı sosial dəstək tədbirlərinin bir istiqaməti kimi şəhid ailələri və müharibə iştirakçılarından ibarət 13,5 min şəxs aktiv məşğulluq proqramlarına, o cümlədən 8 min şəxs özünüməşğulluq proqramına cəlb olunub. İndiyədək 2 minə yaxın şəhid ailəsi üzvü və müharibə veteranı özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlərlə təmin olunub. 
İki həftə əvvəl dövlət sərhədi istiqamətində Ermənistanın təxribatları ilə əlaqədar həyata keçirilən cavab tədbirləri bir daha göstərdi ki, “dəmir yumruq” yerindədir və istənilən an düşmənin başını əzməyə hazırdır. Bu döyüşlər bir daha Azərbaycan Ordusunun gücünün, döyüş ruhunun təntənəsi oldu. Xəbərdarlıqlardan nəticə çıxarmayan İrəvan yenidən “dəmir yumruğ”un zərbəsini aldı. Azərbaycan Ordusu əzici üstünlüyünü bir daha döyüş meydanında sübuta yetirdi. Eyni zamanda bu hadisə Azərbaycan dövlətinin beynəlxalq birlikdəki mövqelərinin nə qədər möhkəm olduğunu bir daha nümayiş etdirdi. Çünki Ermənistan nə qədər cəhd etsə belə hadisələr zamanı beynəlxalq miqyasda özünə dəstək qazana bilmədi. N.Paşinyan gecə saatlarında telefonlardan sallanaraq ora-bura zənglər etsə də, heç nəyə nail olmadı. Ermənistan üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının da öz təxribatçı oyunlarına alət edə bilmədi.


Bir sözlə, bir neçə gün əvvəl baş verən döyüşlər tarixə Azərbaycan dövlətinin gücünün növbəti təcəssümü kimi həkk olundu. Bir daha göründü ki, Ermənistan hərbi təxribatlarla heç nəyə nail ola bilməyəcək və Azərbaycan onu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edəcək. 


İşğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işləri sürətlə və sistemli şəkildə davam edir. Bu torpaqları azad edən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə şəhər və kəndlərimizə yeni həyat bəxş olunur. Bərpa və quruculuq işləri isə kompleks şəkildə həyata keçirilir. Həm yeni infrastrukturlar inşa edilir, həm Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatı bərpa olunur, həm də keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün təsdiqlənmiş baş planlara uyğun olaraq yaşayış məhəllələri salınır, kəndlər “ağıllı” konsepsiyalarla yenidən qurulur.  


Gələn il Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, işğaldan azad olunmuş ərazilərə Böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə 2023-cü ilin dövlət büdcəsindən 3 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur.

Bu ilk növbədə göstərir ki, işğaldan azad olunmuş ərazilərin bərpası sürətlə gedir.

Başqa bir həqiqət isə ondan ibarətdir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası üçün Azərbaycanın yetərincə maliyyə imkanları var.

Hadi RƏCƏBLİ,

siyasi elmlər doktoru, professor

Etikxeber.az

Read Previous

“Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq…”-İlham Əliyevlə Mehriban Əliyeva 27 sentyabr-Anım Günündə -FÜZULİ VƏ ŞUŞADA…- FOTOLAR – YENİLƏNİB – (5)

Read Next

Deyirəm: Atan kimdir? Deyir: QƏHRƏMAN!… Sözün bitdiyi yer…-JALƏ ƏLİYEVA YAZIR – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir