Qəzvin-Rəşt dəmir yolu xəttinin açılış mərasimi – FOTOLAR – YENİLƏNİB

İranda Qəzvin-Rəşt dəmir yolu xəttinin açılış mərasimi keçirilib.

Etikxeber.az xəbər verir ki, tədbirdə İran İslam Respublikasının Prezidenti Həsən Ruhani, Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, İranın yollar və şəhərsalma naziri Məhəmməd İslami, Gilan valisi Mustafa Salari iştirak ediblər.

Qəzvin-Rəşt dəmir yolunun uzunluğu 164 kilometrdir. Dəmir yolu xətti üzrə körpülər, tunellər və digər qurğular inşa olunub.

Açılış mərasimində çıxış edən İran İslam Respublikasının Prezidenti Həsən Ruhani “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsinin hər iki ölkənin dövlət başçılarının daim diqqətində olduğunu vurğulayıb və bu dəhlizin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolunun önəmini qeyd edib. İran Prezidenti bildirib ki, Qəzvin-Rəşt dəmir yolu yalnız İranın və Azərbaycanın deyil, eyni zamanda, Rusiya və Şimali Avropa ölkələrinin də dəmir yolları sistemlərini birləşdirəcək.

İqtisadiyyat naziri Şahin Mustafayev qarşılıqlı hörmət, dostluq prinsiplərinə və İslam irsinə əsaslanan Azərbaycan-İran əlaqələrinin son illər sürətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. Vurğulayıb ki, Azərbaycan və İran prezidentlərinin tapşırıqları ilə ölkələrimiz arasında əməkdaşlığın yeni hədəfləri müəyyənləşdirilib və bu istiqamətdə müvafiq işlər görülərək bir çox nailiyyətlər əldə olunub.

Qarşıya qoyulmuş hədəflərdən biri də iki ölkə arasında nəqliyyat-tranzit sahəsindəki əməkdaşlığı daha da genişləndirmək, böyük əhəmiyyətə malik “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin həyata keçirilməsini təmin etməkdir. Son illər bu istiqamətdə önəmli işlər görülüb: “Belə ki, hüquqi bazanın formalaşdırılması məqsədilə 2016-cı ildə Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Hökumətlərarası Çərçivə Sazişi, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşdırılması sahəsində əməkdaşlıq haqqında Hökumətlərarası Niyyət Protokolu imzalanıb”.

Nazir qeyd edib ki, Azərbaycan bu layihə üzrə öz ərazisində müvafiq infrastrukturun yaradılması işini uğurla tamamlayıb, eyni zamanda, İran ərazisində bu istiqamətdə görülən işlərə öz dəstəyini verir. Astara-Astara dəmir yolunun tikintisi, Astaraçay çayı üzərində dəmir yolu körpüsünün inşası, Astarada (İran) tikintisi davam edən yük terminalı və məhsul anbarları “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində həyata keçirilən işlərin mühüm tərkib hissələridir.

“Bu gün açılışı həyata keçirilən Qəzvin-Rəşt dəmir yolunun tikintisi də bu sahədə görülən uğurlu işlərin nəticələrindəndir. Qəzvin-Rəşt dəmir yolunun fəaliyyətə başlaması təkcə Şimal-Cənub deyil, eyni zamanda, “Cənub-Qərb” Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində atılmış çox mühüm addımdır. Bütün bunlar daşınan yüklərin həcminin artırılmasını təmin etməklə Azərbaycan Respublikasının və İran İslam Respublikasının nəqliyyat-tranzit və ticarət-iqtisadi potensialının gücləndirilməsinə böyük töhfə verəcək”, – deyə Ş.Mustafayev əlavə edib.

İranın yollar və şəhərsalma naziri Məhəmməd İslami və Gilan valisi Mustafa Salari “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafında önəmli rol oynayan Qəzvin-Rəşt dəmir yolunun açılışının iqtisadi-ticarət əlaqələrinin inkişafında, yükdaşımalar sahəsində əməkdaşlığın genişləndirilməsində mühüm əhəmiyyətini vurğulayıblar.

***

SAHIN-IRAN-1

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Qəzvin-Rəşt dəmir yolunun açılışı mərasimində iştirak edən Azərbaycanın nümayəndə heyəti ilə görüşüb.

İran Prezidenti salamlarını Azərbaycan Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

Azərbaycan nümayəndə heyətini açılış mərasimində görməkdən məmnunluğunu bildirən Prezident Həsən Ruhani vurğulayıb ki, hər iki ölkənin siyasi rəhbərliyinin iradəsi ilə rəsmi Tehran və Bakı arasındakı münasibətlər özünün yeni inkişaf mərhələsini yaşayır. Deyib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Qəzvin-Rəşt dəmir yolunun Astara şəhərinə qədər çəkilməsi İranın və Azərbaycanın milli maraqlarını əks etdirir. Qarşılıqlı faydalı əməkdaşlıq nəticəsində Rəşt-Astara dəmir yolu da tikilərək istifadəyə veriləcək.

İran Prezidenti iki ölkə arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini, nəqliyyat, maşınqayırma, əczaçılıq və digər sahələrdə əməkdaşlığın uğurla davam etdiyini bildirib.

Həsən Ruhani qeyd edib ki, qarşılıqlı faydalı əməkdaşlıq ölkələrimiz arasındakı iqtisadi əlaqələri daha da möhkəmləndirəcək və xalqların rifah halının daha da yaxşılaşmasına xidmət edəcək.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev səmimi qəbula görə təşəkkürünü bildirib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını İran Prezidentinə çatdırıb. Ş.Mustafayev Azərbaycan və İran prezidentlərinin siyasi iradəsi və dostluq münasibətlərinin əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını, son illərdə dövlət başçılarının intensiv olaraq keçirilən yüksəksəviyyəli görüşlərinin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində mühüm əhəmiyyətini vurğulayıb.

Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun çəkilməsinə xüsusi önəm verdiyini və bu məsələni daim diqqətdə saxladığını vurğulayıb. Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan nümayəndə heyətinin Qəzvin-Rəşt dəmir yolunun istifadəyə verilməsi mərasimində iştirakı da ölkəmizin “Şimal-Cənub” Beynəlxalq Dəhlizinə verdiyi böyük önəmin təzahürüdür. Rəşt-Astara dəmir yolu beynəlxalq dəhlizin əsas tərkib hissələrindəndir və bu layihə üzərində Azərbaycanla İranın birgə fəaliyyəti ölkələrimiz arasındakı dostluğun göstəricisidir.

Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsinin aparıldığı görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov iştirak ediblər.

Etikxeber.az

Read Previous

İlham Əliyev Ağsuda zəlzələ ilə bağlı görülən işlərlə tanış oldu – FOTOLAR – YENİLƏNİB

Read Next

“PSJ” və “Roma” kədərli, “Portu” və “Mançester Yunayted” sevincli… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir