Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Qənirə Paşayeva: “Xarici ölkələrdəki kimi Azərbaycanda da belə insanlar var ki, onlar vəsiyyət yazaraq öldükdən sonra orqanlarını ehtiyacı olan insanlara bağışlamaq istəyir”
“1999-cu ildə parlament tərəfindən qəbul edilən insan orqan və ya toxumalarının transplantasiyası ilə bağlı qanunun bəzi müddəaları bugünədək yerinə yetirilmir və onların həyata keçməsi üçün müvafiq qurumlar təcili tədbirlər görməlidirlər”.
Bunu Etikxeber.az-a açıqlamasında ixtisasca həkim olan Milli Məclisin (MM) Səhiyyə komitəsinin üzvü Qənirə Paşayeva dilə gətirib. Bu yöndə geniş fikirlərini adıçəkilən komitənin parlamentin qarşıdan gələn 2017-ci il payız sessiyası çərçivəsində keçirilən ilk iclasında da vurğuladığını xatırladan millət vəkili deyib ki, çıxışında müvafiq qurumları bir neçə il bundan əvvəl qəbul edilmiş insan orqan və ya toxumalarının transplantasiyası haqqında qanunun işləməyən önəmli maddələrini qısa zamanda icraya çağırıb, komitənin bu məsələni ciddi diqqətdə saxlamasının vacibliyinə toxunub. Eyni zamanda, Səhiyyə komitəsi nəzdində bir qrupun yaradılması,oraya müvafiq dövlət orqanlarının rəsmilərini də dəvət edib bu istiqamətdə geniş müzakirələrin aparılaraq, qanunun bu maddəsinin işləməsi üçün həlli yollarının tapılmasını təklif edib. O, bir daha bildirib ki, 1999-cu ildə parlament tərəfindən qəbul edilən insan orqan və ya toxumalarının transplantasiyası haqqında qanunun bəzi müddəaları bugünədək yerinə yetirilmir və onların həyata keçməsi üçün müvafiq qurumlar təcili tədbirlər görməlidirlər:
“Çıxışımda da qeyd etdiyim kimi, son illər orqan transplantasiyası məsələsi Azərbaycanda genişlənməkdədir. Amma bu haqda qanunun qəbul edilməsinə baxmayaraq, bütün dünyada orqan transplantasiyasında ən vacib məsələ olan meyitdən orqan və ya toxumaların götürülməsinin icra mexanizmləri yoxdur. Bu icra mexanizmlərinin işlənib hazırlanması üçün müvafiq qurumlar təcili tədbirlər görməlidirlər”.
Ölkəmizdə orqan və toxumaların transplantasiyası sahəsində son illər uğurlu əməliyyatların həyata keçirildiyini diqqətə çatdıran Q. Paşayeva bu sahədə qəbul edilən qanunvericilik aktının bir sıra müddəalarının icrasının vacibliyini vurğulayıb. Millət vəkili bildirib ki, bu gün qanunun bu müddəasının həyata keçməməsi səbəbindən ölkədə orqan köçürülməsində sadəcə cüt və ya arta bilən orqanlar köçürülə bilər.
“Digərləri üçün isə hər bir insan xaricə üz tutmalıdır ki, bu da küllü miqdarda vəsait tələb edir. İkincisi, bu gün orqan köçürülməsinə ehtiyacı olan xəstələrə onların yaxınlarından, yəni sağlam insanlardan orqan alınaraq köçürülməsi ilə mümkündür. Bununla da sağlam insanların həyatı da bir çox hallarda risq altına düşür. İkincisi bəlkə o insanın heç özünün cür və ya arta bilən orqanını bağışlayacaq bir qohumu yoxdur. Bəs o nə etsin? Bütün inkişaf etmiş ölkələrdə transplantasiya məqsədilə meyitdən orqan və toxumaların götürülməsi sürətlə inkişaf edirsə, bizdə nə üçün bu məsələ öz həllini tapmasın, axı bizim bununla bağlı neçə ildir qəbul olunan qanunumuz var və mən hesab edirəm ki, bu sahəyə cavabdeh qurumlar qısa zamanda qanununun maddələrini yerinə yetirməlidirlər. Heç kəs hər hansı bir şəxsin özünün ölməzdən əvvəl rəsmi qaydada qeydiyyatdan keçmiş vəsiyyət məktubu olmadığı, ailəsinin izn vermədiyi təqdirdə onun meyidinə toxuna bilməz. Amma xarici ölkələrdəki kimi Azərbaycanda da belə insanlar var ki, onlar vəsiyyət yazaraq öldükdən sonra orqanlarını ehtiyacı olan insanlara bağışlamaq istəyir. Onların bu istəyini reallaşdıran icra mexanimləri dünyada olduğu kimi, bizdə də olmalıdır. Bunları çıxışımda da dilə gətirdim və bir daha da onların üzərində israr edirəm”-deyən millət vəkili sonra bildirib ki, orqan transplantasiyasının qarşısındakı ən böyük problemlərdən biri orqan bağışı ilə bağlı qanunda öz əksini tapan müddəaların icra mexanizmlərinin işlənib hazırlanmaması və bu prosedurun həyata keçirilməsi mexanizmlərinin olmamasıdır.
Millət vəkili bu sahəyə aidiyyəti olan qurumları qısa zamanda bu mexanizm və prosedurları hazırlamağa , qanunun müvafiq müddəalarının icrasına çağırıb. Deputat həmçinin bildirib ki, orqan bağışı sistemi transplantologiyanın inkişafında və genişlənməsindəən vacib məsələlərdən biridir və qanunun icrasına, ölkəmizdə bu istiqamətdə əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasına və işlərin sürətləndirilməsinə ehtiyac var.
Etikxeber.az