“Qarabağda olanlara dünya akademiklərinin diqqətini çəkmək üçün bugünkü konqres faydalı olacaq”-ŞENTOP

Azərbaycan torpaqlarının işğaldan azad olunması və ondan sonra baş verən proseslər göstərdi ki, Azərbaycan–Türkiyə birliyi və həmrəyliyi regionumuzda sülhü, təhlükəsizliyi, əməkdaşlığı və rifahı təmin edən başlıca amildir. Bu birlik bütün ölkələrin, o cümlədən qardaş türk dövlətlərinin maraqlarına cavab verir.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclis, Türkiyə Böyük Millət Məclisi və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində parlamentin sədri Sahibə Qafarova deyib.

Bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması türk dünyasının birlik və bərabərliyinin möhkəmlənməsi üçün də yeni imkanlar yaradıb.

“Bir neçə gündən sonra – iyunun 15-də biz Azərbaycan–Türkiyə əlaqələrində daha bir əlamətdar hadisəni, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünü qeyd edəcəyik. Dövlət başçılarımızın güclü qətiyyəti və iradəsi sayəsində ən yüksək zirvəyə çatmış Azərbaycan–Türkiyə müttəfiqlik münasibətləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi ilə möhürlənib.

Bu sənəd ölkələrimiz arasında dostluq və qardaşlığın mahiyyətini əks etdirməklə yanaşı, onların qarşısında dayanan yeni hədəfləri və məqsədləri müəyyən edir. Bu gün Azərbaycan–Türkiyə əlaqələrində sadəcə bir reallıq var. Bu da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ifadə etdiyi “bir millət, iki dövlət” reallığıdır. Heç şübhəsiz, Azərbaycan–Türkiyə dostluğu və qardaşlığı daim inkişaf edəcək və daha da möhkəmlənəcək”-deyə, o, əlavə edib.

“Bizim arzumuz Azərbaycanın haqlı davasının beynəlxalq ictimaiyyətdə də bilinməsidir”.

Bunu isə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

Bildirib ki, doğru bilgi ilə təsəvvürlərin yaranması vacibdir.

“Akademik dünyanın diqqətinin Qarabağ məsələsinə çəkilməsi baxımından bu konqresin mühüm olacağını düşünürük. Pandemiyaya görə konqresin daha əvvəl baş tutması alınmamışdı. Qarabağda olanlara dünya akademiklərinin diqqətini çəkmək üçün bugünkü konqres faydalı olacaq. Konqresə 20 fərqli ölkədən alimlər, 100-dən çox universitetdən isə müəllimlər qatılacaq”-deyə, M.Şentop sözlərinə əlavə edib.

Sonra “Azərbaycanın 28 il işğal altında qalan torpaqlarının azad olunmasının 2-ci ilini qeyd edəcəyik”-deyən M. Şentop bildirib ki, təxminən 30 il davam edən işğal, verilən şəhidlər, ürək parçalayan Xocalı qətliamına konqres çərçivəsində alimlər tərəfindən diqqət çəkiləcək:

“Qarabağ yaralarını yeni-yeni sarmağa başlayıb. Tarixçilərə, ədəbiyyatçılara, psixoloqlara, bu işğalın vurduğu ziyanı bizə anladacaq iqtisadçılara ehtiyacımız var. Mən də azad olunan torpaqlara getməzdən öncə Şuşa, xüsusilə Füzuli barədə nələrsə bildiyimizi düşünürdüm. İlk səfərimizdə Şuşanı gördük. Amma mən Füzulini görmək istəyirdim. Şuşadan qayıdanda bir yerdə durduq. Mən də deyirəm ki, biz Füzulini görmək istəyirik. Dedilər ki, bu xarabalıqlar Füzulidir. Biz isə şəhər gözləyirdik. Erməni vəhşiliyini, onların nə qədər qəddar, mədəniyyət, təbiət düşməni olduğunu göstərməyimiz lazımdır. Beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətinin yönəldilməsi baxımından da Qarabağa səfərlər çox vacibdir”.

Etikxeber.az

Read Previous

Şuşada bərpaolunan enerji sahəsində müqavilə imzalanacaq-İYUNUN 4-DƏ

Read Next

Hava çox isti olacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir