“Qayda-qanun hamı üçündür, hamı ona tabe olmalıdır- burada ərköyünlük, özfəaliyyət qətiyyən ola bilməz”-MİLLƏT VƏKİLİ

Operativ Qərargah tərəfindən ölkədə karantin rejimi yenidən və iyulun 1-dək uzadıldı, eyni zamanda, daha 9 şəhər və rayonda bazar günü və bazar ertəsi sərt karantin rejimi tətbiq, insanların, vətəndaşların küçəyə, bayıra çıxması və sair qadağan olundu. Nə qədər çətin olsa da, 4 aydır davam edən pandemiya insanların səbrini tükəndirsə də, bu addıma gedilməliydi. Çünki başqa yol, başqa çarə yoxdur. Son günlər infeksiyaya yoluxma və ölüm hallarının əvvəlki günlər və aylarla müqayisədə artması, çoxalması belə bir addlma gedilməsini vacib və zəruri edirdi.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

“Bildiyiniz kimi, ötən həftənin şənbə və bazar günləri də 4 bölgəmizdə sərt karantin rejimi tətbiq olunmuşdu və demək olar ki, bəzi xırda məqamları, nüansları nəzərə almasaq, həmin günlərdə elə bir gərginlik yaşanmadı, insanlarımız sərt karantin rejiminin tələblərinə əməl etdilər, anlayış göstərdilər. Çünki belə də olmalıdır. Burada ikinci bir mövqe, yanaşma, davranış ola bilməz”-deyən millət vəkilinin sözlərinə görə, hər kəs qoyulan qaydalara, tələblərə və şərtlərə əməl etməlidir.

“Çünki bunlar ilk növbədə onların-vətəndaşlarımızın özləri, sağlamlıqları üçün lazımdır. Eyni zamanda, yaxınındakı, ətrafındakı insanların həyatının təhlükə və risq altına qoyulmaması üçün gərəkdir. Bir insanın bu infeksiyaya yoluxması nəticədə onlarla insanın həyatını, sağlamlığını risq və təhlükə altına salmış olur. Odur ki, hər bir kəs, hər bir vətənaşımız kimliyindən, tutduğu vəzifəsindən asılı olmayaraq, Operativ Qərargahın, TƏBİB-in, səhiyyə işçilərinin, mütəxəssislərin çağırışlarına, müraciətlərinə, xəbərdarlıqlarına, verilən, tətbiq edilən qaydalara, qərarlara birmənalı şəkildə riayət etməlidir. Heç kimi laqeydlik, biganəlik, inadkarlıq, məsuliyyətsizlik göstərməməlidir, onlardan verilən qaydalara və qərarlara riayət edilməsini qanuni şəkildə tələb edənlərə qarşı kobudluq, itaətsizlik etməməlidirlər. Qayda, qanun hamı üçündür və hamı da ona tabe olmalıdır. Burada ərköyünlük, özfəaliyyət qətiyyən ola bilməz.

Eyni zamanda, hər kəs bu məsələdə ölkə Prezidentindən, Birinci xanım Mehriban xanım Əliyevadan nümunə götürməlidir. Ölkə Prezidenti cənab İlham Əliyev dünən üç modul tipli xəstəxananın açılışında çox dərin məzmunlu və geniş çıxışında da bir daha insanlarımızı tibbi masklardan istifadə etməyə səslədi və bunları söylədi: “…Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir – ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiyenaya fikir versin…”. Bəli, hər birimizə hər bir məsələdə nümunə və dəstək olan dövlət başçımıza, dövlətimizə bu çətin və həssas günlərdə də bir daha dəstəyimizi nümayiş etdirməliyik, onun çağırışlarını özümüz üçün rəhbər tutmalıyıq. Dəfələrlə qeyd etdiyim kimi, biz yalnız birlikdə və həmrəyliyimizlə bu bəladan, koronavirus pandemiyasından qurtula və xilas ola bilərik. Biz yalnız birlikdə güclü ola bilərik və birlikdə də güclü olacağıq, güclü olmağı bacaracağıq”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Bir anlıq vəziyyəti göz önünə gətirək, yüzlərlə insanın xəstəliyə yoluxacağını və virusun artacağını, onlarla insanın həyatını itirəcəyini təsəvvür edirsinizmi?”-EKS-DEPUTAT YAZDI

Read Next

Kərim Süleymanlının polis bölməsində döyülməsi araşdırılır-RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir